Əməkdaşlığın yeni üfüqləri

 

Ukraynada Azərbaycan Mədəniyyəti Günləri

 

 Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin yaratdığı xoş təəssüratların hələ qəlblərdən çəkilmədiyi bir zamanda iyunun 1-dən 5-dək Ukraynada Azərbaycan Mədəniyyət Günləri keçirildi.

Yarışma zamanı təmsilçimizə yüksək xal verənlərdən biri də dost Ukrayna ölkəsi idi. Ukraynalı qonaqlar Bakıda - bu musiqili yarışmadan razı qayıtdılar. İstər Azərbaycanın mətbuat nümayəndələrinə, istərsə də öz ölkələrindəki media təmsilçilərinə verdikləri müsahibələrdə xalqımızın qonaqpərvərliyindən, mehribanlığından, əcnəbilərə göstərdikləri diqqətdən ağızdolusu danışırdılar. Ukraynalı turistlər Bakını Avropanın ən füsunkar şəhəri kimi dəyərləndirirlər. Belə bir xoş hisslərlə Ukraynada keçirilən Azərbaycan Mədəniyyət Günləri də xalqlar arasında əməkdaşlığın inkişafına, hər iki ölkənin mədəniyyət və incəsənət təmsilçilərinin ünsiyyətinə yeni töhfələr bağışladı.

Paytaxt Kiyevdə T.Q.Şevçenko adına Ukrayna Milli Opera və Balet Teatrında Mədəniyyət günlərinin təntənəli açılışı oldu. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan çıxış etdilər. Natiqlər bildiriblər ki, Azərbaycanla Ukrayna arasında səmimi dostluq münasibətləri, sıx tərəfdaşlıq əlaqələri bütün sahələrdə olduğu kimi, mədəniyyətdə də mövcuddur. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan Mədəniyyət Günləri ilk dəfə 2009-cu ildə Ukraynada böyük uğurla keçib. Bu mərasimi xatırladan nazir Əbülfəs Qarayev söyləyib: "Bu gözəl ənənənin davamı kimi biz yenidən Ukraynanın qonağıyıq". Belə bir mərasimin yüksək səviyyədə təşkili üçün azərbaycanlı nazir Ukrayna Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirib. Timofey Koxan isə iki ölkə arasında qarşılıqlı əlaqələri, o cümlədən strateji tərəfdaşlığın mədəni istiqamətini yüksək dəyərləndirərək Azərbaycan diasporunun Ukraynanın ictimai-siyasi həyatındakı fəallığını da diqqətə çatdırıb.

Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olundu. Azərbaycan Dövlət Rəqs Ansamblının, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, respublika və beynəlxalq muğam müsabiqə qaliblərinin çıxışları alqışlarla qarşılandı.

Ukraynada keçirilən Mədəniyyət günlərində müxtəlif musiqi kollektivləri ilə yanaşı, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının yaradıcı üzvləri də iştirak edirdilər. Teatr ukraynalı sənətsevərlərin görüşünə milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsərinin tamaşasını təqdim etdilər.

Ukraynada keçirilən Azərbaycan Mədəniyyət Günləri boyunca nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra rəsmi görüşlərə də dəvət aldı. Bu görüşlər zamanı ikitərəfli əlaqələr müzakirəyə çəkilirdi. Ukrayna Baş nazirinin Humanitar məsələlər üzrə müavini Raisa Boqatıryova ilə görüşdə müzakirə olunan bir məsələ dəqiqləşdi. 2013-cü ildə də Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək.

Ukraynanın tanınmış rejissorları, baletmeysterləri, ifaçıları azərbaycanlı həmkarları ilə işləməyə, mədəniyyət sahəsində birgə layihələr həyata keçirmək təşəbbüsündə olduqlarını diqqətə çatdırdılar. Ukraynanın mədəniyyət və turizm naziri Mixail Kulinyak ilə keçirilən görüşlərdə də məhz ikitərəfli əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi istiqamətində müzakirələr aparıldı.

Azərbaycanın rəsmi nümayəndə heyəti "ARSENALE-2012" I Kiyev Beynəlxalq Müasir İncəsənət Biennalesinə, Piroqovo Xalq Mədəniyyəti və Məişəti Muzeyinə də baş çəkib.

Kiyevdən start götürən Azərbaycan Mədəniyyət Günləri Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa şəhərində davam edib. Həmin gün Odessa Akademik Opera və Balet Teatrında Azərbaycan incəsənət ustalarının qala-konserti olub. Bu mərasimin bir fərqli cəhəti də onda idi ki, Azərbaycan teatrı ilk dəfə olaraq hazırladığı tamaşanı bütövlükdə mədəniyyət günlərinin tərkibində başqa ölkə sənətsevərlərinə təqdim etdi. Beləliklə, "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşasının nümayişi mədəniyyət günlərinin kuliminasiya nöqtəsinə çevrildi. Bu, həm də anadan olmasının 200 illiyi dövlət səviyyəsində yüksək təntənə ilə keçirilən Mirzə Fətəli Axundzadə irsinə bütövlükdə xalqlar arasında ünsiyyətin təzahürü kimi dəyərləndirilə bilər. Bəllidir ki, Mirzə Fətəli Axundzadə başqa xalqların klassiklərini dilimizə ilk dəfə tərcümə edən ədiblərdən sayılır.

Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri, ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, Odessa meriyasının, Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşməsinə yeni töhfələr bağışlamaqla yaddaşlara iz saldı.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 11.