Bakıda İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı mövzusunda II Beynəlxalq elmi konfrans keçirilir

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) "İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı" mövzusunda II Beynəlxalq elmi konfrans keçirilir.

Təhsil işçilərinin, mütəxəssislərin, Azərbaycan, Ukrayna, Belarus və digər ölkələrdən olan nümayəndələrin iştirak etdikləri Beynəlxalq konfransda BPKİYİ-nin rektoru, professor Asəf Zamanov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

Ölkəmizdə elmin, təhsilin inkişafına xüsusi diqqət göstərildiyini vurğulayan rektor Prezident İlham Əliyevin müvafiq sahələr ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmışdır.

Rəhbərlik etdiyi institut barədə məlumat verən professor A.Zamanov aktual mövzuda keçirilən konfransın səmərəli olacağına əminliyini bildirmişdir.

Müasir dünyada elmin, təhsilin önəmli rolunu qeyd edən təhsil nazirinin müavini Qulu Novruzov ölkəmizdə bu sahələrin inkişafı üçün reallaşdırılan tədbirlərdən bəhs etmişdir.

Nazir müavini Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu xatırlatmışdır.

Belarusun Bakıdakı səfiri Nikolay Pastkeviç öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən, o cümlədən elm, təhsil sahələrindəki əməkdaşlıqdan danışmış və bu əməkdaşlığın genişlənəcəyinə inamını ifadə etmişdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov və digər çıxış edənlər iştirakçılara uğurlar arzulamışlar.

Konfrans işini bölmələrdə davam etdirmişdir.

İyunun 9-da başa çatacaq konfransa 130-dan çox məruzə təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 3.