Avropa Parlamentinin üzvləri Bakı İstintaq Təcridxanasında olmuşlar

 

 İyunun 8-də Avropa ParlamentininAlmaniya Bundestaqı üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olmuşlar.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, Avropa Parlamentinin, Almaniya Bundestaqının, Almaniya Sənaye Nazirliyinin əməkdaşları təcridxananın fəaliyyəti və təqsirləndirilən şəxslərin saxlanma şəraiti ilə yaxından tanış olmuş, onları maraqlandıran sualları cavablandırmışlar.

Almaniyalı qonaqlara respublikada son illərdə penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr barədə ətraflı məlumat verilmişdir.

Qonaqlar son vaxtlar məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barədə də müfəssəl məlumatlandırılmışlar.

Eyni zamanda Azərbaycanda cinayət cəzalarının icrası sahəsində qanunvericilikdə edilmiş son mütərəqqi dəyişikliklər və Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında ədliyyə sahəsindəki əməkdaşlığın nəticələri nümayəndə heyətinin nəzərinə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlıq çərçivəsində həyata keçirilən çoxsaylı layihələr penitensiar sahəni də əhatə etmişdir. Həmin layihələr çərçivəsində almaniyalı ekspertlər tərəfindən cəzanın icrasının təşkili mövzularında müxtəlif seminar-treninqlər keçirilmiş, habelə təcrübə mübadiləsi məqsədilə Penitensiar Xidmət əməkdaşlarının Avropa ölkələrinə vaxtaşırı səfərləri təşkil edilmişdir.

Nümayəndə heyətini Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri və Penitensiar Xidmətin məsul əməkdaşları müşayiət etmişlər.

 

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 4.