Hüquq psixologiyası elminə dəyərli töhfə

 

 "Hüquq psixologiyası hüquqpsixologiya elmlərinin qovşağında, yaxud müştərək sahələrinin olması zəminində meydana çıxmışdır. Belə ki, hər iki elmlər sisteminin əsas obyekti insandır. İnsanın rəftar və davranışının daxili psixoloji səbəblərini bilmək hüquq işçisinin öz işinin öhdəsindən bacarıqla gəlməsinə çox kömək edir. Çünki insanı buya digər hərəkətə, əmələ, rəftara və davranışa təhrik edən səbəb mütləq onun beynindən gəlib keçir, başqa sözlə, hər hansı bir qəbahətin, yaxud cinayət əməlinin, qanun pozuntularının başqa səbəbləri ilə yanaşı, ciddi psixoloji səbəbləri olur. Həmin səbəblərin aşkar edilməsi onlara qarşı vaxtında profilaktik tədbirlərə əl atmağı asanlaşdırır. Bundan əlavə, məhkəmə və hüquq işçisinin insan psixologiyasına lazımınca bələd olmaması, onu nəzərə almaması, çox ciddi, bəzən də asanlıqla düzələ bilməyən səhvlərə də gətirib çıxarır. Nəzərdən qaçırmaq olmaz ki, cəmiyyətdə qanun pozuntusu, yaxud ayrı-ayrı hallarda baş verən cinayət halları sosial zəmindən daha çox psixoloji əsasda, şəxsin daxil olduğu müəyyən qrupun kifayət qədər yetkin təsirə malik olmamasından və ya şəxsin özünün şüur səviyyəsinin məhdudluğundan, ictimai həyat normalarını pozmasından törəyə bilər".

Bu sətirlər psixologiya elmləri doktorları Əkbər Bayramov və Bəxtiyar Əliyevin "Təhsil" nəşriyyatında yenicə çapdan çıxan "Hüquq psixologiyası" kitabına yazılan ön sözdən götürülüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsi ilə ali məktəblər üçün dərslik kimi nəzərdə tutulan bu sanballı nəşr ali məktəblərin hüquqşünaslıq və psixologiya ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, ondan müvafiq sahələrdə çalışan praktik işçilər də istifadə edə bilərlər.

On yeddi fəsildən ibarət nəşrdə əsasən hüquq psixologiyasının əsas problemləri və vəzifələri, metodologiyası, şəxsiyyətin psixoloji xüsusiyyətləri, sosializasiyası və hüquqi şüurun formalaşması, kriminal psixologiya, yetkinlik yaşına çatmayanların və yeniyetmələrin cinayət davranışının psixoloji məqamları, cinayət mülki prosesdə məhkəmə-psixoloji ekspertizanın nəzəri-metodologiya əsasları, islah psixologiyası, məhkumların islah edilməsi və onlara psixoloji təsir üsulları, habelə hüquqazidd davranışla mühafizə sahəsində psixologiyanın tətbiqi məsələləri araşdırılır.

Müəlliflərin qeyd etdiyi kimi, insan probleminin mürəkkəbliyini şərtləndirən əsas amillərdən biriictimai həyatın inkişafına tərbiyəvi təsir göstərən vasitələrin ciddi surətdə dəyişməsidir. "Əgər biz müasir ictimai həyatın ən ümdə xüsusiyyətlərinə diqqət yetirsək, ilk növbədə, nəzərimizi cəlb edən cəhət onun dinamikliyi olacaqdır. Çünki ictimai həyatın dinamikliyi yalnız sürətlə artan elmi-texniki tərəqqidə deyil, həm də ictimai münasibətlərin, başqa ictimai həyat hadisələrinin çevikliyində özünü büruzə verir".

Kitabın annotasiyasında vurğulanır ki, hüquq psixologiyasının əsas məsələləri ümumisosial psixologiyanın əsasları ilə birlikdə dərsliyin məzmun xəttini təşkil edir. Qeyd etmək lazımdır ki, nəşrin bu cür tərtibi həm ali məktəblərdə hazırlanan mütəxəssislərə, həm də hüquq praktikasında çalışanlara ümumipsixoloji biliklər aşılamağa və həmin bilikləri öz fəaliyyətində tətbiq etməyə imkan yaradır.

 

 

Akif ƏHMƏDGİL

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 6.