Fransada Azərbaycan Mədəniyyəti Günləri başa çatmışdır

 

 Heydər Əliyev Fondunun dəstəyi və  Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 29-dan iyunun  5-dək Fransanın Ron-Alp regionunun Qayar, TononEvian şəhərlərində Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir.

Azərbaycan Mədəniyyət Günləri Fransa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır.

Qayar şəhərində başlayan tədbirlər Azərbaycan mədəniyyətinin nümunələrini əks etdirən sərginin açılışı ilə başlamış, musiqi nömrələrimizin və milli mətbəximizin təqdimatı ilə başa çatmışdır.

Sərgi zamanı Azərbaycanın turizm ehtiyatları ilə yanaşı, Şamaxı şəhərinin mədəni irsinin nümunələri də ictimaiyyətə təqdim olunmuşdur. Tədbir zamanı ictimaiyyətə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən fransız dilində geniş məlumat çatdırılmışdır.

Mayın 30-da açılan sərgini Qayar merinin rəhbərliyi altında meriyanın nümayəndələri ilə yanaşı, geniş məktəbli kütləsi də ziyarət etmişdir.

 Qayar şəhərindəki tədbirlərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak etmişdir. Tədbir zamanı Qayar və Şamaxı şəhərləri arasında mədəni sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Əməkdaşlıq Protokolu imzalanmışdır.

Bundan əlavə, həmin gün Azərbaycan musiqiçiləri Qayar şəhərinin Lui Simon zalında geniş konsert proqramı təqdim etmişlər. Konsertdən sonra Azərbaycan mətbəxinin nümunələri tədbir iştirakçılarına təqdim olunmuş, mədəni irsimizə və ölkəmizin turizm ehtiyatlarına dair broşürlər hədiyyə edilmişdir.

Mədəniyyət Günləri TononEvian şəhərlərində davam etdirilmişdir. Tamaşaçılara rəngarəng Azərbaycan musiqisi təqdim olunmuşdur. Hər iki tədbirdə yüksək məharət nümayiş etdirən musiqiçilərimiz tamaşaçıların böyük rəğbətini qazanmışlar.

Bu tədbirlərdə hər iki şəhərin meriyasının nümayəndələri və Azərbaycanın Fransadakı səfiri E.Əmirbəyov çıxış edərək Azərbaycan mədəniyyəti haqqında geniş məlumat vermişlər. Ron-Alp regionunda keçirilən bu tədbirlər yerli mətbuat tərəfindən geniş işıqlandırılmışdır.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 7