Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlmişdir

 

İyunun 8-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına iki günlük işgüzar səfərə gəlmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidzenionun rəhbərlik etdiyi nümayəndə heyətini Ali Məclisin binası önündə qarşılamışdır.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidzenin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Bu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətinin Acarıstan Muxtar Respublikasına səfəri zamanı göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirən Vasif Talıbov dəvəti qəbul edib səfərə gəldiklərinə görə Levan Varşalomidzeyə və nümayəndə heyətinə  təşəkkür etmişdir.

Qısa müddətdə Naxçıvan və Acarıstan muxtar respublikaları arasında yüksək səviyyəli əlaqələrin qurulduğunu bildirən Ali Məclisin sədri bütün bunları ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin əyani ifadəsi kimi qiymətləndirmiş, muxtar respublikanın ərazisi, əhalisi, idarəetmə quruluşu, təbii resursları, hazırkı sosial-iqtisadi inkişaf səviyyəsi barədə ətraflı məlumat vermişdir.

Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin dərinləşməsi istiqamətində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırladan Ali Məclisin sədri demişdir ki, prezidentlər İlham Əliyevin və Mixeil Saakaşvilinin səyləri nəticəsində əlaqələrimiz daha da genişlənmiş, strateji xarakter almışdır. Bu gün ölkələrimizi tarixi mədəni əlaqələrlə yanaşı, həm də qlobal enerji, nəqliyyat və kommunikasiya layihələri birləşdirir. Xalqlarımız və dövlətlərimiz arasında əlaqələr təkcə iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Ölkələrimiz regional və beynəlxalq müstəvidə də uğurlu əməkdaşlıq edirlər.

Göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Ali Məclisin sədri Vasif Talıbova təşəkkür edən Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze blokada vəziyyətində olmasına baxmayaraq, Naxçıvanın hərtərəfli inkişaf etməsinin məmnunluq doğurduğunu vurğulamışdır. Qonaq demişdir ki, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr qısa müddətdə uğurlu inkişaf yolu keçərək yeni mərhələyə yüksəlmişdir.

Acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Naxçıvan Muxtar Respublikasının hesabına Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunmasını humanist addım kimi dəyərləndirən Levan Varşalomidze dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı naminə bütün təklifləri dəstəklədiklərini bildirmiş, bu istiqamətdə qarşılıqlı səylərin göstəriləcəyinə əminliyini ifadə etmişdir.

Görüşdə mədəniyyət, turizm, təhsil, səhiyyə, iqtisadiyyat, ticarət, ekologiya, sənaye və nəqliyyat sahələrində əlaqələrin inkişafı üçün perspektivlərin olduğu vurğulanmış, Naxçıvan-Batumi avtobus və təyyarə reyslərinin açılması barədə fikir mübadiləsi aparılmış, adamları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Sonra Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında "Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum" imzalanmışdır.

Memorandumu Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Batumi şəhərinin meri Robert Çxaidze imzalamışlar.

Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov görüşdə iştirak etmişdir.

 

 

Azərbaycan.- 2012.- 10 iyun.- S. 3.