Vatikanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq mühiti yüksək qiymətləndirmişdir

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iyunun 11-də Roma Papası II İohann Pavelin Azərbaycana gəlişinin 10-cu ildönümü münasibətilə Bakıda səfərdə olan kardinal Fernando Filoninin rəhbərlik etdiyi Vatikanın nümayəndə heyəti ilə görüşmüşdür.

Komitənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.İskəndərov Azərbaycanın tarixən müxtəlif dinlərin, xalqların nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığı dövlət  olduğunu vurğulamışdır.

Dövlətin din siyasəti haqqında ətraflı məlumat verən komitə sədri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından, xüsusilə Roma Papası II İohann Pavelin ölkəmizə səfərindən və onun ulu öndər Heydər Əliyev tərəfindən qəbul olunmasından sonra ölkələrimiz arasında münasibətlərdə yeni mərhələyə qədəm qoyulduğunu qeyd etmişdir.

Görüşdə vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı nəticəsində ötən əsrin əvvəllərində uçurulmuş Katolik kilsənin yerində yenisi tikilmişdir.

Komitə sədri qeyd etmişdir ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda Azərbaycana dair sərginin təşkil olunması, Vatikan muzeyindəki kitabların bərpası həm dini, həm də mədəni sahələrdə əlaqələrimizin möhkəmlənməsinin bariz nümunəsidir.

Vatikanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq mühiti yüksək qiymətləndirmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 6.