Azərbaycan və Əfqanıstan arasında dövlət qulluğu sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələsi müzakirə olunmuşdur

 

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədri Bəhram Xəlilov Əfqanıstan İslam Respublikasının İnzibati İslahatlar Katibliyinin baş direktoru Sayed Zabiullah Savayzininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Komissiyadan AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə Əfqanıstan İslam Respublikasının Dövlət İdarəçiliyi İslahatlarının direktoru Əhməd Məsud Toxi, Əyalət üzrə əlaqələndirici Favad Karmand, Əməliyyatlar üzrə direktor Ansarullah Foşanji, Media əlaqələri və kommunikasiya üzrə direktor Əzizullah Ariafar, Yerli təlimlər üzrə direktor Qulam Faroq Qani, Aparat rəhbəri Mamun Rəşid və məsləhətçi Xeyrulla Tac daxildirlər.

DQMK-nın sədri Bəhram Xəlilov Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, qarşıda duran məqsəd və vəzifələr barədə qonaqlara geniş məlumat vermişdir.

S.Z.Savayzi səfərin əsas məqsədinin iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdən, Azərbaycanın dövlət qulluğu və kadrların idarəedilməsi sistemi ilə yaxından tanış olmaqdan və ölkəmizin təcrübəsini öyrənməkdən ibarət olduğunu vurğulamışdır. O, qarşılıqlı səfərlərin iki qurum arasında inkişaf etməkdə olan əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.

Görüşdən sonra qonaqlar Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi "Test mərkəzi" ilə tanış olmuşlar. Nümayəndə heyətinin üzvləri "Dövlət Qulluğuna Qəbul - Test İmtahanı Sistemi"nin (DQQTİS) "Test imtahanı kliyenti" altsisteminin işini yüksək qiymətləndirmiş və bu sahədə Komissiyanın təcrübəsindən yararlanacaqlarını qeyd etmişlər.

Sonra Komissiyanın əməkdaşları tərəfindən əfqanıstanlı qonaqlar üçün "Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi", "Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi", "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzularında təqdimatlar edilmişdir.

Əfqanıstanın dövlət qulluqçularının səfəri barədə razılıq ötən ilin dekabrında bu ölkənin Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu üzrə Komissiya sədrinin müavini Rohulla Osmaninin Azərbaycana səfəri zamanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov ilə keçirdiyi görüşdə əldə edilmişdir.

Səfər BMT-nin İnkişaf Proqramının Əfqanıstan üzrə nümayəndəliyinin bu ölkə hökuməti ilə birgə həyata keçirdiyi "Milli İnstitusional Quruculuq" layihəsi çərçivəsində təşkil olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 4.