AŞ PA-nın həmməruzəçiləri Azərbaycanda məhkəmə-hüquq sahəsində görülən işləri və mütərəqqi tədbirləri yüksək dəyərləndirirlər

 

 Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iyunun 13-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de MoraJozef Debono Qrexlə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, respublikamızda ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, o cümlədən məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən davamlı islahatlardan danışan nazir Azərbaycanda hakimlərin seçim prosedurunun Avropa Şurası tərəfindən müsbət model kimi qiymətləndirildiyini qeyd etmiş, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun uğurlageniş tətbiq edildiyini vurğulamış, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı atılan mütərəqqi addımlardan söz açmışdır.

Qonaqlar səfərlərinin məqsədi barədə məlumat verməklə missiyalarının mühüm hissəsinin məhkəmə-hüquq sahəsi ilə əlaqəli olduğunu bildirmiş, ölkəmizdə bu istiqamətdə görülən işləri və mütərəqqi tədbirləri dəyərləndirməklə insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bölüşmüşlər.

Faydalı müzakirələr şəraitində keçən görüşdə həmçinin qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələlərə toxunulmuş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan .- 2012.- 14 iyun.- S. 2.