Azərbaycan ilə Niderland arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Linden ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, R.Linden Azərbaycanın regionda aparıcı dövlət olduğunu, ölkəmizdə bütün sahələrdə gedən islahatları və inkişafı böyük maraqla izlədiyini diqqətə çatdıraraq Bakıda keçirilmiş XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında iştirak etdiyini demiş, Prezident İlham Əliyev ilə görüşü xatırlatmışdır. Azərbaycandan gözəl təəssüratlar və yeni əməkdaşlıq ideyaları ilə qayıtdığını qeyd edən səfir E.Məmmədyarovun da Niderlandda keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.

Azərbaycanda gedən islahatlardan, ikitərəfli siyasiiqtisadi əlaqələrdən, gələcək layihələrdən danışan E.Məmmədyarov səfiri ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verməyə çağırmışdır.

Görüşdə enerji, qlobal təhlükəsizlik, dünyada cərəyan edən hadisələr ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 14 iyun.- S. 2.