ADPU-da Milli Qurtuluş Günü qeyd olunmuşdur

 

 İyunun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, ADPU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov əlamətdar gün münasibətilə kollektivi təbrik etmiş, tədbirin əhəmiyyətindən danışmışdır.

Bildirmişdir ki, 15 iyun - Milli Qurtuluş Günü 1997-ci il iyunun 27-si Milli Məclisin qərarı ilə rəsmiləşdirilmişdir. Həmin vaxtdan bugünədək xalqımız iyunun 15-ni bayram kimi qeyd edirbu günü müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirir. Bütün bunlarla yanaşı, 15 iyun xalqımızın qurtuluş mübarizəsinin təntənəsi və qələbə çaldığı bir gündür. Bu tarixi gün, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür. İyunun 15-də həm də müasir tariximizə müstəqil respublikamızın hərtərəfli tərəqqisinin, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin bünövrəsinin qoyulduğu bir gün kimi daxil olmuşdur.

Məhz həmin gün xalqımız ümummilli lider Heydər Əliyevin böyük müdrikliyi, qətiyyəti, siyasi uzaqgörənliyi, gərgin səyləri və fədakarlığı sayəsində vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, sabitlik və tərəqqi yoluna çıxmış, ölkəmizdə əsl hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun bünövrəsi qoyulmuşdur.

ADPU-nun türk və Şərqi Avropa xalqları tarixitarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov, tarix fakültəsinin magistrantı Təhminə Yarəliyeva və digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışlar.

 

 

Azərbaycan.- 2012.- 15 iyun.- S. 9.