Milli musiqimizin təntənəsi

 

Qazaxıstanda Azərbaycan mədəniyyət günləri

 

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan mədəniyyəti qanadlarını geniş açaraq dünya ölkələrinin möhtəşəm konsert salonlarını fəth etməkdədir. Azərbaycan incəsənət ustaları Amerikadan, Avropadan, Afrikadan Asiyaya qədər qitələr dolaşaraq geniş konsert proqramları ilə irqindən, dilindən. dinindən, millətindən asılı olmayaraq bütün musiqisevərləri həmişə heyrətləndirir. İllərdir ki, ayrı-ayrı ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günləri həm də incəsənətimizin, musiqimizin zənginliklərini təqdim etməkdədir.

Bu ayın ilk ongünlüyündə Qazaxıstanda Azərbaycan mədəniyyət günləri keçirildi. "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında"kı proqrama uyğun olaraq hazırlanmış bu mərasim hər iki ölkə arasında dostluğun, əməkdaşlığın yeni üfüqlərini təsdiqlədi. Qazaxıstanın paytaxtı Astana şəhərindəki Sülh və Sabitlik Sarayında Azərbaycan mədəniyyət günlərinin açılışı oldu. Mərasimdə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Aşkar Bulimbayev, TÜRKSOY-un baş katibi Düşen Kaseinov, ölkəmizin Qazaxıstandakı səfiri Zakir Həşimov iştirak edirdilər. Mərasimi giriş sözü ilə Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini A.Bulimbayev açaraq ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəni sferada əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Rəsmi açılışdan sonra Azərbaycan incəsənt ustalarının iştirakı ilə böyük qala konserti olub. Əməkdar artistlər Simarə İmanovanın, Səbuhi İbayevin, müğənni Aslan Hüseynovun ifasında muğam, xalq və bəstəkar mahnıları səslənib. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri milli rəqslərimizi böyük şövqlə tamaşaçılara çatdırıblar. Həqiqətən də, musiqinin və rəqsin tərcüməyə ehtiyacı yoxdur. Biz həm də eyni  köklü xalqlar olduğumuzdan mədəniyyətimizin oxşarlığı və təbii ki, fərqli cəhətləri də var. Azərbaycan muğamlarının özünəməxsusluğu tamaşaçıları valeh etdi. Onlar rəqslərimizi də ayaqüstə alqışlayırdılar.

Azərbaycan mədəniyyəti günləri çərçivəsində Sülh və Sabitlik Sarayında təşkil olunan "Azərbaycan: ənənələrin vəhdəti və müasirlik" adlı fotosərgiyə də astanalılar maraqla tamaşa etdilər. Fotoların dili ilə əks olunan gerçəklik tamaşaçılara respublikamız, xüsusilə də, Bakı haqqında yaddan silinməyən təəssüratlar aşıladı.

Paytaxat Astanadan başlayan Azərbaycan mədəniyyəti günləri Qazaxıstanın ən böyük şəhəri olan Almatıda davam edib. Əvvəlcə Canbul adına Qazaxıstan Dövlət Filarmoniyasında mədəniyyət günləri ilə bağlı rəsmi açıqlama verilib. Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini A.Bulimbayev öz nitqində hər iki ölkə arasında mədəni əməkdaşlığın yeni zirvəsini yaradan mədəniyyət günlərinin əhəmiyyətindən danışaraq deyib: "Biz çox şadıq ki, Azərbaycanın dünyada tanınan mədəniyyəti və incəsənəti bir neçə gün ərzində Qazaxıstanda nümayiş etdirilib. Xalqımız bir daha dost və qardaş xalqın qədim mədəniyyəti və incəsənətinə heyranlıqla tamaşa edib. Onu da deyim ki, gördüyümüz musiqi nömrələri  bizə çox doğmadır, bu da təsadüfi deyil. Axı, bizim tariximiz, mədəniyyətimiz, incəsənətimiz, ən nəhayət, dilimiz eynidir".

Ölkəmizin Qazaxıstandakı səfiri Zakir Həşimov Azərbaycanın dost ölkə ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yaradılması və dərinləşməsini ulu öndər Heydər Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Z.Həşimov onu da vurğulayıb ki, hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev tərəfindən uğurla inkişaf və davam etdirilir. Səfir bir məsələni də diqqətə çatdırıb ki, Azərbaycan və Qazaxıstan bütün beynəlxalq tədbirlərdə bir-birini dəstəkləyir.

Qazaxıstanın Dövlət Filarmoniyasında Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı uğurla baş tutub. İstər Simarə İmanovanın, Səbuhi İbayevin böyük məhəbbətlə oxuduqları muğam və bəstəkar mahnıları, istərsə də müğənni Aslan Hüseynovun hər iki xalqın nəğmələrini ifa etməsi mərasim iştirakçılarına xoş təsir bağışlayıb. Azərbaycan mədəniyyət günlərinin coşqu və ehtiramla qarşılanması hər iki xalqın bir-birinə bəslədiyi dərin ehtiram və hörmətdən xəbər verirdi. Mədəniyyət günləri çərçivəsində Almatıdakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası İctimai Birliyinin "Bahar" uşaq rəqs qrupu da milli rəqlərimizi nümayiş etdirib. Balacaların həvəslə çatdırdığı rəqslər həm təmsilçilərin, həm də tamaşaçıların böyük marağına səbəb olub. Qazaxıstanda keçirilən Azərbaycan mədəniyyəti günləri əməkdar artistlər Simarə İmanova və Səbuhi İbayevin oxuduğu "Qarabağ şikəstəsi" ilə başa çatıb.

Beləliklə, Azərbaycan milli musiqisinin təntənəsi Qazaxıstanda böyük əks-səda verdi. Söhbət zamanı bu ölkənin musiqi xadimləri paytaxtımızda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin uğurlarına toxunaraq Bakının füsunkarlığından, qonaqlara göstərliən diqqət və ehtiramdan da danışdılar. Onlar ortaq mədəniyyətə, ədəbiyyata, tarixə, musiqiyə, incəsənətə malik olan türk xalqlarının həmişə böyük və əzəmətli olduğunu qürurla dilə gətirdilər.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 15 iyun.- S. 10.