Beynəlxalq konfrans

 

Gəncə şəhərində 15 iyun Qurtuluş Günü bir sıra tədbirlərlə qeyd olunmuşdur. Əvvəlcə əməkdar incəsənət xadimi Vaqif Şərifovun quruluşunda H.Zərdabi mükafatı laureatı, şair-dramaturq Aydın Murovdağlının "Alın yazısı" ədəbi-bədii kompozisiya göstərilmişdir. Sonra şəhər ziyalılarının və qonaqların iştirakı ilə "Heydər Əliyev Azərbaycanın müstəqilliyinin xilaskarı və qurucusudur" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

 Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev müstəqil Azərbaycan dövlətinin yaradılmasında və inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, eləcə də qədim Gəncəyə olan tükənməz qayğı və diqqətdən danışmışdır.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, komitə sədrləri Arif Rəhimzadə, Hadi Rəcəbli, komitə sədrinin müavini Musa Urud, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, deputatlardan Sahilə Qafarova, İlham Məmmədov, Gəncə Elm Mərkəzinin direktoru Fuad Əliyev, Dövlət Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqov, Gəncə Dövlət Universitetinin kafedra müdiri Pərvin Kərimzadə və başqaları ulu öndərin çoxcəhətli həyat və fəaliyyətinin ayrı-ayrı mərhələlərindən söhbət açmışlar.

Konfransda qonşu Gürcüstandan və Türkiyədən gələn nümayəndələr də iştirak edirdilər. Telavi Dövlət Universitetinin rektoru Tinatin Djavaxişvili, Sereteli adına Gürcüstan Dövlət Universitetinin prorektoru Ronald Kopeliani və həmin universitetin professoru Alyoşa Mikeladze, Durmuşidze adına BiokimyaTexnologiya İnstitutunun professoru Vladimir Elisaşvili Gürcüstan-Azərbaycan dostluğununiqtisadi əlaqələrin  inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətindən danışdılar.

Türkiyədən də xeyli qonaq gəlmişdi. Şimali Kipr Turk Respublikası Doğu Ağdəniz Universitetinin professoru Kadir Aslanov, həmin universitetin professoru Adnan Canbolad, habelə, türk dili və ədəbiyyatı kafedrasının professoru Ömər Faruk Uyugözəl müasir türk dünyasında Heydər Əliyev fenomeninin əzəmətini xüsusi vurğuladılar.

Axşam Heydər Əliyev adına Mərkəzi Meydanda respublikanın tanınmış ifaçılarının iştirakı ilə bayram konserti olmuş, tədbir atəşfəşanlıqla yekunlaşmışdır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 4.