Zaman xəbərsiz ötdü...ya xəbərsiz ötən zamandan soraq verən kitab

 

 Zamanın necə və hansı sürətlə ötdüyünü biz yalnız illər ötəndən, yaşımızın üstünə yaş gələndən sonra anlayıb dərk edirik. Zamanı olduğu kimi saxlayan yeganə məqam yaradıcı insanın yazdıqlarıdır. Çünki bu yazıların hər birində qələmə alınmış mövzunun rəng çaları ilə yanaşı, insanın daxili aləmi, psixi vəziyyəti, o zaman və məqamda düşündükləri öz əksini tapır. Birki, sənətkar ömrü boyu hansı vəzndə, üslubda, ölçüdə yazmasından asılı olmayaraq yalnız və yalnız özünü yazır.

Haqqında söhbət açmaq istədiyim sözün min bir nazını çəkən, ona könül verdiyi gündən bu ali nemətə ülvi hisslərlə bağlanmış, tanınmış qələm adamlarımızdan biri - Sona Vəliyevanın yenicə çapdan çıxmış kitabı da zamanla sənətkar arasında bir bağlantıdır. O da hamı kimi, zamanın, vaxtın xəbərsiz ötməsindən danışır, amma bunu özü kimi, olduqca yeniorijinal deyimlərlə təzələyir.

"Zaman xəbərsiz ötdü..." kitabı şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın oxucularla növbəti görüşü olmaqla yanaşı, həm də yaradıcılıq hesabatıdır.

Beş bölmədən ibarət kitabda şairənin həyat yolu, dünyaya baxışı, poetik fikir dünyası, Vətənə sevgisi və bütövlükdə əsl Azərbaycan qadını kimi vətəndaşlıq mövqeyi, insan və insanlığa münasibəti öz əksini tapmışdır.

Oxucular kitabın "Portret cizgiləri" bölməsində şairənin həyat yolu, ədəbiyyat və sənət haqqında fikirləri ilə tanış olmaqla yanaşı, onun müxtəlif vaxtlarda KİV-lərə müsahibələrini də oxuya biləcəklər.

Burada yer almış müsahibələrin birində Sona Vəliyeva deyir: "Həmişə çalışmışam ki, insanlarla münasibətdə yaxşı xüsusiyyətlərini görüm, bu halda münasibətlər alınacaq. Ünsiyyətdə bir-birinizə müsbət enerji ötürə bildinizsə qarşıya qoyulan bütün məqsədlərə çatacaqsınız".

"Çəhrayı rəngli dünyam" bölməsinin adı şairin eyniadlı kitabından götürülmüşdür. Burada onun müxtəlif vaxtlarda qələmə aldığı şeirlər, habelə ədəbiyyat adamlarının və ictimai xadimlərin şairənin yaradıcılığı haqqında məqalələri yer almışdır.

Kitabın "Arazboyu düşüncələr" bölməsində isə Sona Vəliyevanın Vətən, torpaq, vətəndaş təəssübkeşliyi mövzusunda yazılmış şeirləri öz əksini tapmışdır. Eyni zamanda, bölmədə onun "Arazbarı" kitabı haqqında yazılmış bir-birindən maraqlı məqalələr verilmişdir.

Uzun illər publisistik fəaliyyətlə məşğul olan Sona Vəliyevanın ayrı-ayrı vaxtlarda qələmə aldığı seçmə məqalələri "Publisistik etüdlər" bölməsində cəmlənmişdir.

Azərbaycançılıq ideologiyası ilə bağlı müəllifin tədqiqat əsəri ilə "Alimictimai xadim" bölməsində tanış olmaq mümkündür.

Hər bir bölmə ayrı-ayrılıqda insanı düşündürən, onu yaşamağa səsləyən, oxucuya mənən zənginlik gətirən böyük bir söz xəzinəsidir. İstər müsahibələr, istər publisistik yazılar, istərsə də poetik düşüncələr ötən zamanın heç də hədər getmədiyindən, onun istedadlı qələm adamının fədakarlığı və min bir zəhməti hesabına dəyərləndirildiyindən xəbər verir.

"Qanun" nəşriyyatında çapdan çıxmış nəfis tərtibatlı 568 səhifəlik bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabda, həmçinin Sona Vəliyevanın həyatının müəyyən məqamlarını əks etdirən fotoşəkillər də yer almışdır.

Kitaba "Ümidlər və arzular şairəsi" başlıqlı "Ön söz"də "Kaspi" qəzetinin baş redaktoru, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədli yazır: "Sona xanım azərbaycançılıq ideologiyasının tarixini, nəzəri köklərini araşdıran bir tədqiqatçıdır. Onun bu elmi problemin ayrı-ayrı aspektlərini əhatə edən bir çox monoqrafiyaları işıq üzü görmüşdür - bu kitabda  yer alan "Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolları" əsəri son tədqiqatların bəhrəsi olmaqla yanaşı, bu sahədə yeni bir səhifə açan dəyərli tədqiqat kimi diqqəti cəlb edir. Sona xanımın Vətən məhəbbəti kökdən, torpaqdan güc almaqla yanaşı, həm də Cəlil Məmmədquluzadənin irsi ilə üzvi sürətdə bağlıdır".

Kitabda yer almış bütün yazılar oxucuya xəbərsiz ötən zamandan xəbər tutmağa imkan verəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 6.