Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5,4 (beş milyon dörd yüz min) milyon manatı Zərdab Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 1.