Dünya Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılmışdır

 

İyunun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Əsəd Alam Dünya Bankı ilə Azərbaycan hökuməti arasında qarşılıqlı münasibətlərin inkişafına göstərdiyi xüsusi diqqətə görə Baş nazir Artur Rasizadəyə dərin təşəkkürünü bildirərək ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə etmişdir. O, Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Keralini Azərbaycanın Baş nazirinə təqdim etmişdir.

Görüşdə Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılmış, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Henri Kerali təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığının bundan sonra da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulamışdır.

 

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 2.