Şəhərsalma və Tikinti Məcəlləsi layihəsi Milli Məclisdə III oxunuşda müzakirə olunacaq

 

  İyunun 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İqtisadi siyasət komitəsi ilə birgə iclası keçirilib. İclasda yeni Şəhərsalma və Tikinti Məcəlləsi layihəsi üçüncü oxunuşda müzakirə olundu.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan sənədin ikinci oxunuşu zamanı  irəli sürülən təkliflər nəzərə alınıb və onların əksəriyyəti layihədə öz əksini tapıb. Onun sözlərinə görə, Şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fizikiya hüquqi şəxslərin bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcək.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məcəllənin ölkə iqtisadiyyatının inkişafı baxımından, sosial həyat üçün vacib sənədlərdən biri olacağını vurğulayaraq bildirib ki, sənəd şəhərsalma və tikinti sahəsində bir sıra mövcud məsələlərin həllini təmin edəcək, tikinti və şəhərsalma mədəniyyətinin inkişafına, sərbəst bazar münasibətlərinin mükəmməl formalaşmasına  müsbət təsir göstərəcək. Layihədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar ümumibaş planların layihəsini onlara göndərildiyi gündən 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidir. Ümumibaş planların layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Ümumibaş planlar təsdiq olunduqdan sonra normativ hüquqi aktların tələblərinə və qaydalarına uyğun dərc edilir və qüvvəyə minir. Məcəllə layihəsinin 79-cu maddəsində tikintisinə icazə tələb olmayan tikinti obyektləri göstərilir. Bu sıraya hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadratmetr olan birmərtəbəli yardımçı tikililərin, hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadratmetr olan kənd təsərrüfatı obyektlərinin tikintisidaxildir. Layihədə tikintiyə dair ümumi tələblər, mühəndis-axtarış işləri, tikintidə təhlükəsizlik, icazənin verilməsi üçün icraat, icazənin qüvvədə olma müddəti, texniki şərtlər, layihələrin ekspertizası, tikinti obyektinin istismarına icazə verilməsi, dövlət reyestri və digər məsələlər əksini tapıb.

İclasda Cinayət, İnzibati Xətalar məcəllələrinə, "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı", "Daşınmaz əmlakın dövlət reyestri" haqqında qanunlara dəyişikliklər də müzakirə olunub. Cinayət Məcəlləsinin kibercinayətlər fəslinə təklif olunan dəyişikliyə əsasən kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmaya görə iki ilədək müddətə müəyyən vəzifə tutmaya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Layihədə bu cür hallarla bağlı daha bir neçə məsuliyyət müəyyənləşir.

Müzakirələrdən sonra layihələr Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 2.