Qaçqınlara dövlət qayğısı daim artmaqdadır

 

Qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri bizim üçün həmişə gündəlikdə bir nömrəli problemdir.

 

İlham ƏLİYEV

 

 

 Son illər müstəqil Azərbaycan Respublikası sürətli inkişaf yoluna çıxaraq regionda lider dövlətə çevrilib. Ölkə qarşısında duran bütün vəzifələr, o cümlədən sosial proqramlar müvəffəqiyyətlə icra edilməkdədir. Söz yox ki, bütün bu nailiyyətlərin qazanılması uzun illər aparılan düşünülmüş iqtisadi siyasətin, davamlı islahatların nəticəsində mümkün olmuşdur.

Bununla belə,  Azərbaycan hələ də müharibə şəraitində yaşayır, bir milyondan çox qaçqın və məcburi köçkün öz ata-baba yurdlarına qayıda bilməyib. Onlardan 250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri zamanı çıxarılmış Axıska türkləri, eləcə də Əfqanıstan, Fələstin, İraq və digər münaqişə baş verən regionlardan ölkəmizə pənah gətirən insanlar, 600 minə qədəri isə Azərbaycanın işğal olunmuş rayonlarından zorla çıxarılmış məcburi köçkünlərdir. Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal altında qalmaqdadır. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul etsə də, Ermənistan indiyə kimi bu qətnamələrin heç birinə əməl etməyib.

Azərbaycan dövləti bütün çətinliklərə baxmayaraq, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirməkdədir. Bu məqsədlə son 20 ildə 4,8 milyard dollar vəsait sərf olunub. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. İlk vaxtlar beynəlxalq təşkilatların yardımı öz təsirini göstərdisə, bu gün Azərbaycan hökuməti artıq öz vəsati hesabına qaçqın və məcburi köçkünlərin bütün sosial problemlərini tam həll etmək gücündədir.

Bütün çadır şəhərcikləri ləğv olunaraq əvəzində müasir tələblərə cavab verən, hər cür ihfrastruktura malik 71 qəsəbə tikilib istifadəyə verilib. Keçən il bütün kommunal xərcləri (qaz, su, işıq və s.), eləcə də qaçqın-köçkün ömrü yaşayan tələbələrin təhsil haqları ödənilməklə dövlət tərəfindən hər bir məcburi köçkünə xeyli vəsait xərclənib.

Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərən Azərbaycan hökuməti bu sahədə beynəlxalq və yerli qurumlarla yaxından əməkdaşlıq edir. Qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, sosial problemlərinin həlli istiqamətində görülən işlər onların öz doğma yurd-yuvalarına qayıdacaqları günə kimi, eləcə də ondan sonra da davam edəcəkdir.

Bu mənada ümummilli lider Heydər Əliyevin qaçqınlara olan xüsusi qayğısını hamı yaxşı xatırlayır. "...İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir", - deyən ulu öndər öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə, onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına həmişə xüsusi diqqət yetirirdi.

O dövrdə ölkədə iqtisadi problemlərin mövcudluğuna baxmayaraq, yaranan hər bir cüzi iqtisadi imkanı ulu öndər, ilk növbədə, qaçqın və məcburi köçkünlərin sosial qayğılarının həllinə yönəldərək problemin siyasi yolla həlli üçün bütün imkanları səfərbər edirdi. Məhz  uğurlu xarici siyasəti sayəsində beynəlxalq ictimaiyyətdə bu problemə olan münasibət Azərbaycan həqiqətlərinə uyğun olaraq dəyişdiyindən, problemin əsl mahiyyəti düzgün dərk edilməyə başlandı. Azərbaycan tədricən öz mövqeyini möhkəmlətdi. Ulu öndər dünya ictimaiyyətinə bir daha sübut etdi ki, qaçqın və məcburi köçkünlərin problemi Azərbaycan dövlətinin və xalqının bir nömrəli problemidir.

Məhz bu diqqət və qayğının nəticəsi olaraq qaçqın və məcburi köçkünlərin həyat səviyyəsi, yaşayış şəraiti getdikcə yaxşılaşdırıldı. Çadır şəhərcikləri tədricən ləğv edilərək hər cür infrastruktura malik yeni qəsəbələr salınmağa başlandı. Azərbaycan Prezidentinin 17 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramı" təsdiq edildi. Ümumiyyətlə, 1993-2003-cü illərdə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı. Ölkə Prezidenti tərəfindən fərmanlar və sərəncamlar imzalandı. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin operativ həlli və görüləcək işlərin  vahid mərkəzdən idarə olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edildi.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən İlham Əliyev Prezident seçildikdən sonra da məcburi köçkünlərin sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdı. İndi ölkədə çadır şəhərciyi yoxdur.

Hələ ümummilli lider Heydər Əliyevin 6 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılan MKSİF-in  əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş layihələrin yerinə yetirilməsi üçün vəsait ayrılması və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə etmək idi. Onun maliyyələşmə mənbələrinin sırasına dövlət büdcəsindən ayırmalar, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondus. donorlar daxildir.

Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edildikdən sonra məcburi köçkünlər üçün nəzərdə tutulmuş yeni qəsəbələrin layihələndirilməsinə və tikintisinə start verildi. Dövlət Proqramına əsasən, 2005-2007-ci illərdə Ağdam, Ağcabədi, Biləsuvar, FüzuliSabirabad rayonlarının ərazilərində 26 qəsəbə salındı və bu qəsəbələrdə 8 mindən artıq ev tikilb istifadəyə verildi. 2007-ci ilin sonunda ölkəmizdə son çadır düşərgələri tamamilə ləğv olundu və beləliklə, Dövlət Proqramı ilə nəzərdə tutulmuş tədbirlər həyata keçirildi.

Ancaq hələ də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan yüz minlərlə məcburi köçkün var. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilmişdir.

Dövlət Proqramına uyğun olaraq 2008-ci ildə Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonunun ərazisində 500 ailəlik bir, Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonunun ərazisində 500 ailəlik 4 yeni yaşayış qəsəbəsi salınmışdır. Goranboy rayonunun "Gülüstan" adlanan hissəsində, Yuxarı Ağcakənd kəndinin ərazisində tikilən 120 ailəlik yeni qəsəbənin tikintisi isə 2009-cu ildə başa çatmışdır. Bütün yeni salınan qəsəbələr zəruri sosial-texniki infrastrukturlarla təmin olunub. 2009-cu ilin sonunda məcburi köçkünlər üçün Qəbələ rayonunda 155 mənzillik 2 ədəd 5 mərtəbəli, Bakı şəhərində 369 mənzillik 6 ədəd 9 mərtəbəli yaşayış binalarının, Göygöl rayonunda isə həyətyanı sahələri olan 26 fərdi evin tikintisinə başlanılmış və artıq bu işlər başa çatmışdır. 2009-cu ilin yayında Goranboy rayonunda fin tipli evlərdən ibarət düşərgədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınmışdır.

Dövlət Proqramına əlavələrdə 15 fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 6227 məcburi köçkün ailəsi və respublika üzrə məktəb binalarındakı 2768 köçkün ailələri üçün yeni qəsəbələrin salınması və ya çoxmərtəbəli yaşayış binalarının, fərdi evlərin tikintisi nəzərdə tutulurdu. Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət məhəllənin inşası 10 noyabr 2010-cu ildə başa çatmış, Azərbaycan Respublikası Prezidenti açılış mərasimində  iştirak etmişdir.

Hazırda Bakı, Naftalan, Bərdə, Mingəçevir və Şəki şəhərlərində, Abşeron,  Qəbələ, Ağdam və Ağcabədi rayonlarında da bu istiqamətdə işlər görülməkdədir.

Ağdam rayonundakı fin qəsəbəsində məskunlaşan 689 məcburi köçkün ailəsi üçün Quzanlı qəsəbəsinin yaxınlığında inşa olunan qəsəbənin açılışında da Azərbaycan  Prezidenti iştirak etmişdir.

Bir vaxtlar Ağdam rayonunun "Dördyol" adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpiç daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün Bənövşələr (30 hektar) və İmamqulubəyli (70 hektar) qəsəbələri ərazisində torpaq sahələrinin ayrılması da onlar tərəfindən razılıqla qarşılanmışdır.

Ancaq hamı yaxşı bilir ki, bütün bu qəsəbələr, binalar məcburi köçkünlərimizin müvəqqəti ünvanıdır. Ölkə Prezidentinin sözləri ilə desək: "On minlərlə vətəndaşımızı biz yeni evlərlə, mənzillərlə təmin etdik... Hər yerdə fərdi evlər, mənzillər tikilir, quruculuq-abadlıq işləri aparılır. Ancaq bu, necə deyərlər, müvəqqəti bir ünvandır".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 3.