Azərbaycan Respublikasının nümayəndə heyəti MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının on birinci iclasında iştirak etmişdir

 

 İyunun 12-dən 15-dək Rusiya Federasiyasının Moskva vilayətinin Troitsk şəhərində MDB iştirakçı  dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının on birinci iclası keçirilmişdir.

Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikasını DMX-nin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

İclasda çıxış edən Pərviz Musayev Azərbaycanda miqrasiya sahəsində mövcud vəziyyətdən, cari ilin beş ayını əhatə edən nəticələrdən danışmışdır.

Bildirmişdir ki, beş ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı 24.314 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

P.Musayev bildirmişdir ki, DMX-nin əməkdaşları qanunsuz miqrasiyanın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması istiqamətində müvafiq tədbirlər keçirmişlər. Nəticədə cari ilin beş ayı ərzində 6000-ə yaxın əcnəbi tərəfindən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 1300-dən çoxuna cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 4000 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 669 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir.

Xidmət rəisinin müavini iclas iştirakçılarının nəzərinə çatdırmışdır ki, Azərbaycan Respublikasında yaşayan, müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatının aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri məlumatlarla təmin edilməsi, sənədləşmə, yoxlama, sorğu və təhlil işinin avtomatlaşdırılması, o cümlədən bu sahədə elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli fərmanı ilə Vahid Miqrasiya Məlumat Sistemi yaradılmışdır. Bu sistem vasitəsilə ölkədə miqrasiya proseslərinə nəzarət həyata keçirilir. P.Musayev, həmçinin bildirmişdir ki, Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin elektron qaydada qəbulu və baxılmasını tam təmin etmişdir.

P.Musayev, həmçinin vurğulamışdır ki, miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işlər gücləndirilmiş, bir sıra yeni hüquqi aktlar qəbul olunmuşdur. Eyni zamanda digər dövlət orqanlarının yekun fikir və təklifləri nəzərə alınmaqla hazırlanmış "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi" müvafiq qaydada təqdim edilmişdir.

İclas çərçivəsində "MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti haqqında", "2009-2011-ci illər üçün MDB iştirakçı dövlətlərin qanunsuz miqrasiyanın qarşısının alınması üzrə əməkdaşlıq Proqramının həyata keçirilməsinin yekunu haqqında",  "Əmək fəaliyyətinin həyata keçirilməsinə görə patentlərin verilməsi üzrə Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin təcrübəsi  haqqında", "Şəxslərin dövlət sərhədindən qəbulu və təhvil verilməsi haqqında həmsərhəd ölkələr və MDB iştirakçı dövlətlərlə beynəlxalq sazişlərin bağlanılmasına dair danışıqlar prosesinin aparılmasının gedişatı haqqında (readmissiya)" və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev "Rusiya Federal Miqrasiya Xidməti - 20" xatirə medalı, nümayəndə heyətinin üzvü Kəyan Hacıyev isə Federal Miqrasiya Xidməti direktorunun təşəkkürü ilə təltif edilmişlər.

Sonda Şuranın növbəti 12-ci iclasının cari ilin ikinci yarısında Qırğız Respublikasında keçirilməsi qərara alınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 5.