Beynəlxalq vasitəçilər status-kvonu dəyişməyə çağırırlar

 

 Ermənistan buna hazırdırmı?

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yarım ildir davam edən fasilə, nəhayət, bitdi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri beynəlxalq vasitəçilərin iştirakı ilə Parisdə  görüşdülər, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın dövlət başçıları Meksikanın Los-Kabos şəhərində "Böyük iyirmilər" sammiti zamanı növbəti birgə bəyanatla çıxış etdilər. Hazırda həm münaqişə tərəfləri, həm də siyasi müşahidəçilər son hadisələri dəyərləndirir, mövcud vəziyyəti və perspektivləri müzakirə edirlər.

Sözsüz ki, tərəflərin bir araya gəlməsi, beynəlxalq ictimaiyyətin yenidən münaqişəyə diqqət yetirməsi müsbət haldır. Parisdə xarici işlər nazirləri və vasitəçilər münaqişənin dinc vasitələrlə nizamlanması yolları, humanitar əlaqələrin inkişaf etdirilməsi, mədəniyyət abidələrinin qorunması məsələləri ətrafında müzakirələr aparmışlar. Görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədri adından yayılmış bəyanatda münaqişə tərəflərinin və beynəlxalq vasitəçilərin dinc tənzimləməyə nail olmaq üçün birgə işi davam etmək əzmində olduğu qeyd edilir, habelə cəbhə xəttində müşahidə edilən gərginlikdən narahatlıq ifadə olunur. Bəyanat müəlliflərinin fikrincə, Fransa paytaxtında görüş "müsbət və konstruktiv" ab-havada keçmiş və "növbəti addım kimi həmsədrlər yaxın həftələrdə bölgəyə səfər edəcəklər". Yeri gəlmişkən, ABŞ-ın dövlət katibi Hillari Klinton bu yaxınlarda Cənubi Qafqaz ölkələrinə səfəri zamanı Fransa paytaxtında görüş zamanı münaqişə tərəflərinə "yeni ideyalar"ın təqdim ediləcəyini bildirmişdi. Amma bu ideyaların nədən ibarət olduğu hələ də bəlli deyil.

Meksikada isə həmsədr dövlətlərin liderləri - Barak Obama, Fransua OlandVladimir Putin münaqişənin dinc yolla həllinə sadiq qaldıqlarını təsdiqləyərək Azərbaycan və Ermənistanı  nizamlanmanın əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə çağırdılar. Birgə bəyanatda təəssüflə qeyd edilir ki, "Böyük səkkizlər"in ötən ilin mayında Fransadakı zirvə toplantısında prezidentlərin birgə bəyanatında səsləndirilən təkliflərlə bağlı münaqişə tərəfləri qəti addımlar atmamışlar. Buna baxmayaraq, hərtərəfli sülh üzrə işi başa çatdırmaq üçün indiyədək əldə edilən irəliləyiş münasib məqam yarada bilər.

Sənəddə vurğulanır ki, siyasi iradənin nümayişi kimi, tərəflər danışıqlardakı maksimalist mövqelərindən geri çəkilməli, 1994-cü ildə əldə edilmiş atəşkəs sazişinə hörmətlə yanaşmalı, gərginliyi artıran ritorikadan istifadə etməməlidirlər. Prezidentlər münaqişənin həllində tərəfləri Helsinki Yekun Aktının prinsipləri, xüsusilə də güc tətbiqindən çəkinmə, ərazi bütövlüyü, bərabər hüquqlaröz müqəddəratını təyinetmə hüquqlarına, eləcə də Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərlərinin 2009-cu il Akvila və 2012-ci il Muskoka bəyanatlarında əks olunmuş nizamasalma elementlərinə əsaslanmağı tövsiyə edirlər. Onların fikrincə, hərbi qüvvənin tətbiqi münaqişəni həll etməyəcək, bölgədə insanların əzablarını və çətinliklərini daha da artıracaq. ABŞ, RusiyaFransa prezidentləri hesab edirlər ki, bölgəni status-kvodan çıxararaq təhlükəsiz və rifahlı gələcəyə yalnız danışıqlar yolu ilə əldə edilən sülh apara bilər.

Həmsədr ölkələrin rəhbərləri münaqişə tərəfləri ilə birgə işi davam etdirməklə onları Minsk qrupunun həmsədrlərinin vasitəçiliyindən tam yararlanmağa çağırırlar. Birgə bəyanatda o da nəzərə çarpdırılır ki, nəticə etibarı ilə sülh münaqişə tərəflərinin nümayiş etdirəcəyi qarşılıqlı anlaşmadan, sülhün bütün insanlara və gələcək nəsillərə gətirəcəyi faydanı dərk etməsindən asılı olacaq.

Göründüyü kimi, həmsədr ölkələrin rəhbərlərinin birgə bəyanatında əksini tapmış fikirlər prinsipcə yeni deyil. Vasitəçilər münaqişəni tənzimləyib bögədə daimi sülhə nail olmaq üçün tərəfləri qəti qərarlar qəbul etməyə çağırırlar. Azərbaycan tərəfi artıq bu cür qərarlar qəbul etdiyini dəfələrlə ortaya qoymuşdur.

Hələ beş il əvvəl ATƏT-in Minsk qrupu dinc tənzimləmənin Madrid prinsiplərini irəli sürmüşdü. Bu prinsiplər Azərbaycanın mənafeyinə tam cavab verməsə də, rəsmi Bakı danışıqları "ölü nöqtə"dən çıxarmaq və irəliləyişə nail olmaq üçün bu təklifi qəbul etdi. Amma Ermənistan qeyri-konstruktiv mövqeyinə sadiq qalaraq nizamlamanın təməl prinsiplərinə düzəlişlər tələb etdi. Sonra yenilənmiş Madrid prinsipləri meydana çıxdı. Yenə də Bakı razılaşdı, Yerevan isə təklifi dəyərləndirib münasibət bildirəcəyini bəyan etdi. Lakir Erməistan rəhbərliyindən bir daha səs çıxmadı.

Danışıqların davam etdiyi illər ərzində Azərbayan həmişə prosesi irəli aparmaq üçün kompromislərə hazır olduğunu ən yüksək səviyyədə nümayiş etdirmiş, bunu vasitəçilərin irəli sürdüyü müxtəlif təklif və təşəbbüslərə müsbət yanaşması ilə sübut etmişdir. Rəsmi Bakı münaqişənin həlli naminə beynəlxalq hüquq normalarının, ATƏT-in prinsiplərinin, eləcə də həmsədr ölkələrin liderlərinin son bəyanatında adı çəkilsən Helsinki Yekun Aktının prinsiplərinin imkan verdiyi maksimum güzəştlərə gedə biləcəyini bəyan etmişdir. Bundan artıq güzəşt tələb etmək mümkün deyil. Ermənistanın isə öz tərəfindən nəyi güzəştə gedəcəyi hələ məlum deyil. Başqa sözlə, əks tərəf adekvat addım atmaq niyyətində olmadığını nümayiş etdirir.

Artıq danışıqlar prosesində Ermənistanın özünəməxsus ampluası formalaşmışdır: Yerevan rəsmiləri zaman-zaman əldə edilən razılaşmalardan geri çəkilir, bununla vaxtı uzatmaq və danışıqları sonsuzluğadək davam etdirmək yolu tutur. Digər tərəfdən isə, Ermənistan cəbhə xəttində müntəzəm olaraq atəşkəs rejimini pozur və ardınca da Azərbaycanın "təcavüzkar hərəkətlər"ini pisləyən hay-küylü bəyanat yayır.

Həmsədr ölkələrin liderlərinin birgə bəyanatından görünür ki, Azərbaycan kimi onlar da status-kvonun qalmasından narahatdırlar və belə bir vəziyyəti təhlükəli hesab edirlər. Bu narahatlıq tamamilə əsaslıdır. Son vaxtlar cəbhə xəttində silahlı insidentlər də buna dəlalət edir. Status-kvo Ermənistanın Azərbaycan ərazisini işğal etməsi ilə yaranmışdır. Məntiqi olaraq status-kvonun dəyişməsi üçün Ermənistan zəbt etdiyi ərazidən çıxmalıdır. Rəsmi Yerevan isə bu barədə danışmaq belə istəmir. Ermənistan rəhbərləri hərbi ritorikadan istifadə edir, elə həmsədr ölkələrin son bəyanatından sonra da bu yoldan geri çəkilmir, tərəflər arasında qarşılıqlı etimadı möhkəmlətmək əvəzinə gərginliyi artırmağa üstünlük verirlər. Odur ki, Azərbaycanın təşəbbüslərinə cavab olaraq Ermənistanın hansısa addım atacağını gözləmək lazım gəlmir. Düşmən ölkənin xarici işlər naziri Edvard Nalbandyanın, parlamentin vitse-spikeri Eduard Şarmazanovun davakar bəyanatları buna əyani sübutdur. 

Artıq tamamilə aydındır ki, bölgədə daimi sülhü bərqərar etmək vəzifəsini münaqişə tərəflərinin üzərinə qoymaq çıxış yolu deyil. Beynəlxalq ictimaiyyəti, daha doğrusu, vasitəçi dövlətləri  status-kvonun qalması narahat edirsə, onlar bunun məsuliyyətini də bölüşməlidirlər.

 

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 4.