Bizim tələblərimiz bütün beynəlxalq qanunlara uyğundur

 

ATƏT-in Minsk qrupunun regiona növbəti səfərindən də gözləntilərimiz məlumdur. Biz Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsini, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasını istəyirik.

Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin Bakıda keçirilən 17-ci iclasında jurnalistlərə verdiyi açıqlamasında demişdir.

Ə.Əhmədov bildirmişdir ki, həmsədrlər regiona xeyli səfər ediblər, hətta xalq arasında buna "turist səfərləri" adı da verilmişdir. Biz onların bölgəyə səfərinə etiraz etmirik. Lakin çoxsaylı səfərlər bu günədək münaqişənin həllinə əhəmiyyətli təsir göstərməyibdir. Əhəmiyyətli təsir dedikdə, biz münaqişənin sona yetməsini və  Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını nəzərdə tuturuq. Münaqişənin həlli üçün ilk addım həmsədrlərin təcavüzkarı açıq şəkildə göstərməsidir. Onlar Azərbaycan torpaqlarının azad edilməsini şərt kimi qarşıya qoymalıdır. Buna əməl edilməsə, münaqişənin nizama salınması üçün həmsədrlərin atdığı addımlar bundan sonra da nəticə verməyəcəkdir. Bizim tələblərimiz bütün beynəlxalq qanunlara uyğundur. Ərazisi işğal olunan tərəf Azərbaycandır və həmsədrlər bunu açıq şəkildə deməlidirlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 3.