Asiya ölkələri birliyinin yaradılması əhəmiyyətli və vacibdir

 

 İyunun 22-də "Hilton Baku" otelində  Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Asiya qitəsinin 17 ölkəsində fəaliyyət göstərən nüfuzlu siyasi partiyaların 49 nümayəndəsi iştirak edir.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov iclası açaraq demişdir ki, dünyada siyasi proseslərin sürətlə inkişaf etdiyi bir dövrdə Asiya ölkələrində fəaliyyət göstərən siyasi partiyalar arasında əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac vardır.

Region dövlətlərinin hökumətlərində və parlamentlərində təmsil olunan siyasi partiyalar dövlət siyasətinə təsir etmək və onu müəyyənləşdirmək imkanına malikdirlər. Asiya kifayət qədər böyük bir regiondur. Burada çoxlu xalqlar və dövlətlər vardır. Bir çox xalqların yaxın adət-ənənələri, dövlətlərin isə sıx siyasi münasibətləri vardır. Buna görə də region ölkələrində fəaliyyət göstərən siyasi partiyalar sıx əməkdaşlıq etməlidirlər. Bu əməkdaşlıq Asiya Birliyinin yaradılmasına təkan verəcəkdir. Bu gün Asiya qitəsindəki dövlətlər güclü iqtisadi potensiala malikdirlər. Lakin Asiyanın iqtisadi qüdrəti dünyada birinci yerdə olsa da, baş verən qlobal siyasi proseslərə təsir qüvvəsi bir o qədər də böyük deyildir. Bu məsələ barədə ciddi şəkildə düşünülməli və konkret nəticələr əldə olunmalıdır.

Ə.Əhmədov yaxın gələcəkdə yalnız Asiya Birliyinin deyil, həmçinin Asiya ölkələrinin iqtisadi birliyinin, parlament ittifaqının yaradılmasının əhəmiyyətli və vacib olduğunu da bildirmişdir. Regionun taleyini burada yaşayan xalqların özləri müəyyən etməlidir. Əks halda o xalqların taleyini həmin regiona aid olmayan dövlətlər həll edəcəklər ki, bu da həmin xalqların gələcək inkişafı zamanı heç də müsbət rol oynamayacaqdır. Taleyi kənardan həll olunan xalqlar Asiya qitəsində daha çoxdur.

YAP sədrinin müavini bildirmişdir ki, cari ilin noyabr ayında Bakıda keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 7-ci Baş Assambleyası yüksək səviyyədə təşkil olunacaqdır.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonq iclasda iştirak edən nümayəndələri təqdim etmişdir.

Sonra müxtəlif dövlətlərdən gələn siyasi partiya təmsilçiləri çıxış edərək ölkələrindəki siyasi vəziyyət, iqtisadi inkişafperspektiv planları haqqında geniş məlumat vermiş, təkliflər irəli sürmüşlər.

Daha sonra əməkdaşlığın genişləndirilməsi məsələsi, dünyada cərəyan edən və qlobal xarakter daşıyan siyasi hadisələr müzakirə edilmişdir.

İclasda Baş Assambleyanın keçirilməsi ilə bağlı görüləcək işlərə və onun gündəliyinə çıxarılacaq məsələlərə də aydınlıq gətirilmişdir. Qonaqlar Azərbaycanın görməli yerləri, habelə memarlıq və tarixi abidələri ilə də tanış olacaqlar.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 3.