Daim yeniləşən və müasirləşən dövlət qulluğu

 

23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

 

 Hər il dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edərkən keçirdikləri qürur hissləri ilə yanaşı, ilk növbədə, özlərinə hesabat verir, ötən bayramdan sonrakı müddətdə gördükləri işlərə yenidən nəzər salır və çalışdıqları sahənin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün nələr etmək mümkün olduğu barədə düşünürlər. Bu il də dövlət qulluqçuları öz peşə bayramlarını ləyaqətlə qarşılayır, ölkənin əldə etdiyi nailiyyətlərin qazanılmasına verdikləri töhfələrə görə sevinir və Azərbaycanın tərəqqisi naminə daxili potensiallarını, bilik və bacarıqlarını səfərbər edirlər.

Dövlət qulluqçuları fəxr edirlər ki, ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanıb qəbul edilmiş mühüm dövlət proqramlarının həyata keçirilməsində, Azərbaycanın iqtisadi və müdafiə qüdrətinin yüksəldilməsində, bütövlükdə Azərbaycan xalqının güzəranının gündən-günə yaxşılaşdırılmasında onların da kifayət qədər əməyi vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, görülən işlərin və qarşıya qoyulan vəzifələrin yeganə məqsədi Azərbaycanı yüksək gəlirli ölkələr sırasına daxil etmək, onu inkişaf etmiş ölkəyə çevirməkdir. Ölkə başçısının rəhbərliyi altında çalışan dövlət qulluqçuları isə Azərbaycan xalqını bu yolla  inamla irəli aparırlar. Görülmüş səmərəli tədbirlər, həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycanda neçə illərdir ki, tam sabitlik, dinamik iqtisadi inkişaf hökm sürür. Bu siyasi və iqtisadi sabitlik ölkənin hərtərəfli inkişaf etməsinə, onun regionun ən güclü dövlətinə çevrilməsinə imkan yaratmışdır.

Ölkə Prezidenti Azərbaycan dövlətinin yeritdiyi  siyasəti belə qiymətləndirir: "Bu siyasət, bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanır. Bu siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının həyat şəraitini yaxşılaşdırmaq üçün bütün dövlət qurumları daha da fəal işləməlidir".

Böyük qürur hissi ilə qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin  ənənələrini və siyasi xəttini ardıcıllıqla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikada bütün sahələrin, o cümlədən dövlət qulluğunun müasirləşdirilməsi üçün müntəzəm tədbirlər görür, müasir dünyanın tələblərinə cavab verən idarəetmə sisteminin yaradılmasını ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında respublikada ardıcıl həyata keçirilən islahatların, o cümlədən idarəetmə sistemində aparılan dəyişikliklərin əsas məqsədini aydın göstərərək qeyd etmişdir: "Biz müasirləşmə siyasəti aparırıq. Biz müasir dövlət qururuq. Güclü, ancaq öz imkanlarına söykənən, müasir dövlət qururuq. Müasir dövlətə xas olan bütün məsələlər bizdə tətbiq edilməlidir, siyasi, iqtisadi islahatlarda, bütün başqa sahələrdə. Bu sahəyə çox böyük əhəmiyyət verilir".

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılan və bu gündavam edən siyasiiqtisadi islahatlar nəticəsində öz siyasiiqtisadi sistemini yenidən qura bilmiş, planlı iqtisadiyyatı əvəz edən bazar iqtisadiyyatı münasibətlərinə  əsaslanan yeni idarəetmə formasına keçməyi bacarmışdır. Bu, imkan vermişdir ki, bütün istiqamətlər üzrə özünün yeni qanunvericilik bazasını formalaşdırsın, hüquqi, demokratik dövlətin beynəlxalq normalara və tələblərə cavab verən işlək və çevik strukturlarını yaratsın. Bu zaman Azərbaycanın milli xüsusiyyətləri, dövlətçilik ənənələri, xalqımızın mentaliteti də nəzərə alınmışdır.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili, onun gündən-günə təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən biridir. Dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə hazırlanıb qəbul edilmiş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunudur. Məhz bu qanunun qəbulundan sonra Azərbaycanda əvvəlki partiya nomenklaturu sistemindən tamamilə fərqlənən müasir dövlət qulluğu ənənələri formalaşmağa və təşəkkül tapmağa başlamışdır.

Bu qanun qəbul edildikdən sonra respublikada demək olar ki, real həyata söykənən ən işlək qanun olmuş, bu qanundan irəli gələn onlarla normativ hüquqi akt qəbul edilmiş, o cümlədən dövlət başçısının fərman və sərəncamları ilə respublikada idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edən yeni qurumlar yaradılmış, onların fəaliyyət prinsiplərini müəyyən edən əsasnamələr və qaydalar hazırlanıb təsdiq edilmişdir.

Ötən dövr ərzində "Dövlət qulluğu haqqında" qanuna ölkədə gedən quruculuq işləri, o cümlədən idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar qarşıya çıxan məsələlərin həlli üçün bir çox yeni müddəalar əlavə edilmişdir. İndi cəsarətlə demək olar ki, bu sənəd artıq müasir dövr üçün yararlı, mükəmməl bir qanun kimi formalaşmışdır. Daha konkret desək, 2001-ci ilin sentyabrından qüvvəyə minən bu qanuna 2012-ci ilin aprelinədək qəbul edilmiş 45 qanunla 238-dən artıq əlavə və dəyişiklik edilmişdir. Bu əlavə və dəyişikliklərin böyük əksəriyyəti dövlət qulluğunun kateqoriyalarının və vəzifələrin təsnifatının dəqiqləşdirilməsinə aid olmuş, eyni zamanda, inzibati və yardımçı vəzifələrin tutulması, dövlət qulluğuna xitam verilməsi şərtləri və qaydaları, dövlət qulluqçularının attestasiyadan keçirilməsi, onlara ixtisas dərəcələrinin verilməsi, dövlət qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması, onların mükafatlandırılması, maddi və mənəvi həvəsləndirilməsi, dövlət qulluqçuları üçün orden və medalların, fəxri adların təsis edilməsi və başqa vacib məsələlər  barəsində olmuşdur.

"Dövlət qulluğu haqqında" qanuna edilmiş sonuncu dəyişikliklər 2012-ci il 20 aprel tarixli qanunda öz əksini tapmışdır. Bu dəyişikliklərlə dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası nəzərə alınmaqla onların kateqoriyalarının sayı azaldılmış, əvvəlkindən fərqli olaraq dövlət orqanları üçün 7 kateqoriya deyil, 6 kateqoriya müəyyən edilmiş, ali kateqoriya dövlət orqanlarına Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı - dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Milli Məclis və Konstitusiya Məhkəməsi də aid edilmişdir.

Sonrakı kateqoriyalar üzrə bir çox dövlət orqanlarının kateqoriyası yüksəldilmiş, bununla paralel olaraq inzibati vəzifələrin ali, 1-ci - 7-ci təsnifatları müəyyən edilmişdir. Bu təsnifatlarda hər bir dövlət orqanında hansı vəzifənin hansı təsnifata düşdüyü konkret müəyyən edilmişdir. Yeni bölgüyə uyğun olaraq qanunda müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri, həmçinin müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin mütəxəssislərinin vəzifələrinin təsnifatı öz əksini tapmışdır.

"Dövlət qulluğu haqqında" qanuna edilmiş dəyişikliklər, bir qayda olaraq, bu qanunla əlaqədar olaraq digər normativ hüquqi aktların da bu dəyişikliklərə uyğunlaşdırılmasını tələb edir və ölkə Prezidentinin müvafiq fərmanı ilə bu məsələnin həlli aidiyyəti dövlət orqanlarına həvalə olunmuşdur.

Qanuna edilən son dəyişikliklərin mahiyyətindən danışarkən qeyd olunmalıdır ki, bunlar dövlət orqanlarının əvvəlki kateqoriyalarının, dövlət orqanlarında çalışan dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin təsnifatlarını təkmilləşdirməklə dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə və digər vacib məsələlərin həll edilməsinə imkan yaradacaqdır.

Qanuna edilmiş dəyişikliklərin biri də dövlət qulluqçularına dərəcələrin verilməsi ilə əlaqədardır. Bu dəyişikliklərlə dövlət qulluqçularının kateqoriyalarının və təsnifatlarının dərəcələri artmaqla yanaşı, onlara verilən dövlət qulluğu dərəcələrinin də bir pillə yüksəldilməsinə imkan yaranmışdır.

Dövlət qulluğunun təkmilləşdirilməsi təkcə "Dövlət qulluğu haqqında" qanuna edilmiş dəyişikliklərlə məhdudlaşmır. Dövlət orqanlarının fəaliyyətinin əsas prinsiplərini müəyyən edən digər normativ hüquqi aktlar da müntəzəm olaraq təkmilləşdirilir. Azərbaycan Respublikası Prezidentinin keçən il imzaladığı "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunu ilə dövlət hakimiyyəti orqanlarında sənədlərlə işin əsas müddəaları təsdiq edilmiş, normativ hüquqi aktların hazırlanması, qəbul edilməsi qaydaları, onların əsas prinsipləri və tələbləri müəyyən edilmişdir. Bu qanuna uyğun olaraq yerli icra hakimiyyətlərinin normativ hüquqi aktları haqqında fərman verilmiş, mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 iyun tarixli fərmanı ilə "Yerli icra hakimiyyəti orqanları haqqında" əsasnamə, habelə yerli icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturuştat vahidlərinin say tərkibi təsdiq edilmişdir. Şəhər və rayonların əhalisinin sayına uyğun olaraq onların ştat cədvəli müəyyən edilmiş, bu orqanların səlahiyyətləri daha da genişləndirilmiş, onların üzərinə daha böyük vəzifələr qoyulmuş, həmçinin cavabdehliyi artırılmışdır.

2011-ci ilin iyunundan indiyədək Azərbaycan Respublikası Prezidentinin imzaladığı 16 fərman və 7 sərəncamla bir çox mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamə və strukturlarında mühüm dəyişikliklər edilmiş, onların fəaliyyətinin təkmilləşdirilməsi təmin edilmiş, bu orqanların yeni idarəetmə strukturları yaradılmış, həmçinin bir sıra mərkəzi icra hakimiyyəti orqanları yanında xidmət və agentliklər təsis edilmişdir.

Dövlət orqanlarının işinin daha səmərəli təşkili üçün elektron xidmətlərin göstərilməsi, elektron hökumətin formalaşdırılması bu gün ən aktual məsələlərdən birinə çevrilmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanının qəbul edilməsi, həmçinin ölkə Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Elektron hökumətin tətbiqi dövlət qulluğunda şəffaflığın daha da artırılmasına, məmurlar tərəfindən yol verilən bəzi neqativ halların tamamilə aradan qaldırılmasına, məmur-vətəndaş əlaqələrinin minimuma endirilməsinə gətirib çıxaracaqdır.

Dövlət qulluğu cəmiyyətin idarə edilməsində həmişə mühüm rol oynamışdır və bundan sonra da mühüm rol oynayacaqdır. Çünki Azərbaycanın sürətli inkişafı dövlət orqanlarının qarşısında böyük vəzifələr qoyur. Dövlət qulluğunun təkmilləşdirilməsinin və yeniləşdirilməsinin əsas məqsədi son nəticədə ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltmək, bütün insanların normal yaşayışını və sosial rifahını təmin etməkdir.

Bu baxımdan dövlət qulluqçularının özlərinin də sosial müdafiəsi ildən-ilə gücləndirilir, onların peşəkarlığının, ən başlıcası, cəmiyyət və xalq qarşısında məsuliyyətinin artırılması üçün ciddi tədbirlər görülür. 2012-ci ilin yanvarına olan məlumata görə, respublikanın dövlət orqanlarında çalışan dövlət qulluqçularının sayı 28 min nəfərdən çox olmuşdur. Onların böyük əksəriyyəti müasir texnologiyaları yaxşı mənimsəyən, idarəetmə səriştəsinə malik peşəkar işçilərdir. Əsasən 35-54 yaş arasında olan bu şəxslər dövlət qulluqçularının 52,3 faizini təşkil edirlər. Bütövlükdə demək olar ki, dövlət qulluqçuları arasında gənclərin faizi daha da yüksəlir. İndi dövlət qulluqçularının 20 faizə qədəri 30 yaşa qədər olan gənclərdir. Son illərdə dövlət qulluqçularının orta aylıq əməkhaqqı da müntəzəm olaraq artırılmışdır. Ümumiyyətlə, dövlət qulluqçularının güzəranının yaxşılaşdırılması onların daha səmərəli fəaliyyəti üçün şərait yaradır.

Azərbaycan Respublikası Prezidentinin mövqeyi hər bir dövlət qulluqçusu üçün örnək olmalı və onun irəli sürdüyü vəzifələr qeyd-şərtsiz yerinə yetirilməlidir. Dövlət başçısı İlham Əliyev 2012-ci il iyunun 20-də Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi konfransda bir daha qeyd etmişdir: "...bizim vəzifəmiz xalqa xidmət etməkdir. Biz - dövlət işində işləyən insanlar - Prezidentdən tutmuş, ən aşağı səviyyəli məmura qədər insanların xidmətində olmalıyıq. Mən bu vəzifəni, öz vəzifəmi belə başa düşürəm və bu doqquz il ərzində belə işləmişəm. Hər kəsdən də bunu tələb edirəm, vicdanla işləmək, peşəkarlıqla xalqa xidmət etmək, ölkəmizi gücləndirmək, doğma Vətənimizi çiçəkləndirmək lazımdır. Bizim işimizdən çox şey asılıdır. Bugünkü Azərbaycan xalqın zəhməti hesabına güclənir. Əlbəttə ki, xalq tərəfindən dəstəklənən iqtidar bu inkişafı öz siyasəti ilə şərtləndirir".

Dövlət başçısının bu sözlərinin bu gün peşə bayramını qeyd edən bütün dövlət qulluqçuları tərəfindən əsl həyat devizi və fəaliyyət proqramı kimi qəbul ediləcəyinə  heç bir şübhə yoxdur.

 

 

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası

Prezidenti Administrasiyasının

şöbə müdiri, Dövlət Qulluğunu

İdarəetmə Şurasının üzvü

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 4.