Birləşmiş Ştatlarda Azərbaycan və ABŞ rəssamlarının Qarabağ mövzusunda əsərlərindən ibarət sərgi keçirilir

 

 ABŞ-ın Virciniya ştatının aparıcı ali təhsil ocaqlarından olan Corc Meyson Universitetinin İncəsənət Məktəbində Azərbaycan və Amerika rəssamlarının əsərlərindən ibarət "Dünyanı birlikdə rəngləyək" adlı sərgi açılmışdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, sərgi "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi "Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri" adlı layihə çərçivəsində reallaşmışdır. Layihəni Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universiteti maliyyələşdirmişdir.

İyunun 6-dan 22-dək keçirilən sərgidə Azərbaycanın gənc rəssamları Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlının yağlı boyaqrafika üslubunda işlədiyi rəsmlər, həvəskar rəssam Yeganə Vəliyevanın, eləcə də ABŞ-da yaşayan Azərbaycan əsilli gənc rəssam Leyla Rzayevanın əsərləri nümayiş olunur.

Corc Meyson Universitetinin İncəsənət Qalereyasının direktoru Uolter Kravits mərasimdə çıxış edərək layihəni yüksək qiymətləndirmişdir.

"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva bildirmişdir ki, bizim rəssamlar rəsm əsərlərinin rənglərin dili ilə qloballaşan dünyamızda dostluq, sevgi, sülh şəraitində yaşamağa, hər cür münaqişələrə yox deməyə çağırır.

Sərgilənən əsərlərin əksəriyyəti Qarabağa aiddir. "Xarı bülbül", "Şuşa məscidi", "Qarabağ atları", "Xocalı faciəsi" və s. rəsmlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tariximizdə və mədəniyyətimizdə buraxdığı silinməz izdən xəbər verir.

Sərginin açılış mərasimində ingilis dilində "Azərbaycana xoş gəlmisiniz" adlı sənədli film nümayiş olunmuş, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən göndərilən Azərbaycanın  tarixinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına dair kitablar Corc Meyson Universitetinin kitabxanasına təqdim edilmişdir.

Layihənin ABŞ-dakı tərəfdaşları olan Corc Meyson UniversitetiVaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu iki aya yaxındır ki, sərginin təşkili, informasiya dəstəyi və keçirilməsi üçün hazırlıq işləri aparırlar. Sərgi ABŞ-ın mətbuatında geniş işıqlandırılmış və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 8.