012 Bakı Public Art Festivalı çərçivəsində əməkdar rəssam Məmməd Mustafayevin Şəhər motivi əsəri təqdim edilmişdir

 

İyunun 1-də İçərişəhərdə - "Meridian" hoteli ilə üzbəüz meydanda Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində əməkdar rəssam Məmməd Mustafayevin "Şəhər motivi" layihəsi təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, əsərdə təqdim olunmuş quraşdırmalı, şəbəkəli memarlıq, özündə müxtəlif boyda və ölçüdə olan real pəncərələri əks etdirir. Layihənin müəllifi - öz doğma şəhərinə hədsiz dərəcədə vurğun olan bakılı, bu işi ilə paytaxta, eləcə də şəhərin urbanizm mühitində gedən proseslərə özünün sevgisini göstərmişdir.

Pəncərə çərçivələri sanki bir-birinə sarılmışdır. Bu kompozisiyadan aldığımız təəssürat qədim İçərişəhəri gəzərkən yaranan təəssüratı xatırladır. Dalanların ensizliyini və məkanın darlığını görüb, sözün əsl mənasında, sanki özünü evlərin arasında sıxılmış kimi hiss edirsən. Bu zaman elə təsəvvür yaranır ki, pəncərə çərçivələri və kiçik balkonlar, həqiqətən bir-biri ilə "hörülmüşlər", hətta üst-üstə geydirilmişlər və bir-biri ilə sıx əlaqəli şəkildə, doğma ev mühiti aurasını yaradırlar. Məkanın ensizdar olması artıq neqativ deyil, haradasa ilıq, doğma və yaxın kimi qəbul edilir.

Tarixə nəzər salsaq görərik ki, Bakının genişlənmə planının əsası 1878-ci ildə qoyulmuşdur. Layihələr içində İçərişəhəri tamamilə dağıtmaq təklifi də olmuşdur. Lakin yekunda, quberniya administrasiyası bu məramdan imtina etmişdir. Xoşbəxtlikdən şəhərin taleyini müəyyən edən insanlar nadir memarlıq abidəsini qorumaq qərarını vermişdilər. O vaxt hər iki qala divarının yanı ilə torpaq yol keçirdi: Quberniya administrasiyası ikinci divardan 50-60 metr aralıqda dairəvi yolun tikintisi, yarımdağınıq halda olanfunksional əhəmiyyətini itirmiş xarici divarın sökülməsi qərarını vermişdi. Həmçinin quberniya administrasiyası ikinci qala divarının əsas qüllə və bastionlarını qorumaq qərarına gəlmişdi.

Bununla İçərişəhər şərti olaraq şəhərdən ayrılmışdır.

Məmməd Mustafayev Bakıda Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunu (1968) və Azərbaycan Dövlət İnşaat İnstitutunu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirmişdir (1975). Sənətçinin heykəllərində güclü, lakin zərif duyğu hissləri yaratmaq üçün istifadə etdiyi müxtəlif materiallarda onun memarlıq bacarığı əks olunur.

"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 5.