Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinə Dostluq ordeni təqdim edilmişdir

 

İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinə "Dostluq" ordeninin təqdim olunması mərasimi keçirilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirmişdir ki, Aleksandr İşein "Dostluq" ordeninə Azərbaycan Prezidenti İlham Əliyevin 11 iyun 2012-ci il tarixli sərəncamına əsasən Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə layiq görülmüşdür.

O demişdir: "Azərbaycanın müsəlman və pravoslav icmaları arasında dərin tarixi köklərə malik möhkəm əlaqələr mövcuddur. Uzun illər boyu xalqlarımız mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamışlar".

E.İsgəndərov vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav icmasına böyük qayğı ilə yanaşır və Aleksandr İşeinin "Dostluq" ordeni ilə təltif edilməsi buna parlaq nümunədir. Sonra o, "Dostluq" ordenini Aleksandr İşeinə təqdim etmişdir.

Aleksandr İşein demişdir: "Prezident İlham Əliyevin məni yüksək mükafata layiq görməsi qəlbimi dərindən riqqətə gətirmişdir.  Bu, pravoslav kilsəsinin fəaliyyətinin Azərbaycanda necə yüksək qiymətləndirilməsinin göstəricisidir".

Arxiyepiskop qeyd etmişdir ki, Azərbaycan bütün xalqlar və dinlər üçün hər bir şəraitin yaradıldığı ölkədir. O demişdir: "Çoxmillətlilik bizim sərvətimizdir. Azərbaycanda hər bir xalq öz mədəniyyətini, ənənələrini qoruyub saxlayır. Ölkədə bütün dinlərin nümayəndələri bərabər imkanlardan istifadə edirlər. Biz bəzi qüvvələrin müxtəlif konfessiyaların nümayəndələri arasında düşmənçilik yaratmaq cəhdlərinin şahidi olmuşuq. Bu cəhdlərin qarşısını müdrik siyasi xadim Heydər Əliyevin sayəsində almaq mümkün olmuş, Azərbaycanda heç kim dini münaqişə yarada bilməmişdir".

Tədbirdə Moskvadan Bakıya gəlmiş Rus Pravoslav Kilsəsinin nümayəndə heyəti iştirak etmişdir. Mükafatlandırma mərasimindən sonra tərəflər iki ölkənin müsəlman və xristian icmaları arasında əməkdaşlıq, dünyadaregionda dini dözümlülüyün möhkəmləndirilməsinə dair tədbirlərlə bağlı fikir mübadiləsi aparmışlar. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 iyun.- S. 3.