Dövlətin suverenliyinin və ərazi bütövlüyünün təminatçısı

 

 Ordu quruculuğu dövlət quruculuğunun tərkib hissəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası da bu vacib amili nəzərə alaraq 1918-ci il iyunun 26-da imzaladığı qərara əsasən Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Ona görə dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə hərbi nazirlik təsis edildi. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Az sonra onu general Səməd bəy Mehmandarov əvəz etdi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin olundu.

Təəssüf ki, 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri də ləğv edildi, azərbaycanlılar sovet silahlı qüvvələri sıralarında hərbi xidmətə cəlb olundular. Azərbaycan SSRİ-nin tərkibində olduğu illərdə də milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə maneələr yaradılırdı. Azərbaycanlılar inşaat batalyonlarında hərbi xidməti keçməyə məcbur edilir, hərbi texnikanın sirlərinə yiyələnməkdən uzaqlaşdırılırdı.

Yalnız ulu öndər Heydər Əliyevin göstərdiyi qətiyyət azərbaycanlılara qarşı mənfi münasibəti aradan qaldırdı. Ümummilli lider 1971-ci ilin aprelində gənclərimizin ali hərbi məktəbə hazırlanması barədə xüsusi sərəncam imzalamışdı. Həmin il iyunun 20-də əsas baza rolunu oynayacaq ixtisaslaşdırılmış hərbi məktəbin bünövrəsi qoyuldu  məktəbə xalqımızın qüdrətli sərkərdələrindən biri olan C.Naxçıvanskinin adı verildi. O vaxt ulu öndər Heydər Əliyevin SSRİ-nin ali hərbi məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasına, Azərbaycanın ali hərbi tədris müəssisələrində azərbaycanlı zabitlərin yerləşdirilməsinə nail olması bugünkü azad, müstəqil dövlətçiliyimizə hesablanmış uğurlu gediş idi.

İndi milli ordumuzun hərbi hissələrinin zabit heyətinin əsasını da məhz C.Naxçıvanski adına hərbi məktəbin məzunları təşkil edir. Onlardan 8 nəfəri erməni faşizminə qarşı döyüşlərdə göstərdiyi rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülüb, 100 nəfərdən çoxu ordenmedallarla təltif olunub. Həmin məktəbin məzunları sırasından 5 nəfər general, 1 kontr-admiral və yüzlərlə yüksək rütbəli zabit yetişib. Bütün bunlar Heydər Əliyevin ölkəmizin hərbi qüdrətini artırmaq sahəsindəki gərgin zəhmətinin və fədakarlığının əyani sübutudur.

1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Suverenliyin elə ilk günlərində məlum oldu ki, yeni Azərbaycan dövlətinin qarşısında  çox ciddi vəzifələr dayanır. Onlardan ən başlıcası respublikamızın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etmək üçün Silahlı Qüvvələrin təşkil olunması idi. İlk vaxtlar dövlət ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan qarşıda duran əsas vəzifə Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da mümkün olmadı. Ərazilərini başqa torpaqlar hesabına genişləndirmək planlarından əl çəkməyən erməni millətçiləri ölkədə yaranmış xaos vəziyyətindən öz çirkin niyyətlərini həyata keçirmək üçün açıq  fəaliyyətə başladılar.

Təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə 91 dəfə hücumlar olmuş, bu hücumlar nəticəsində 52 nəfər öldürülmüş, 166 nəfər yaralanmışdı. Təcavüzə məruz qalan azərbaycanlılar isə düşmən qarşısına ən yaxşı halda adi ov tüfəngləri ilə çıxır, özünümüdafiə dəstələri adı altında toplaşırdılar. İlk vaxtlar məhz belə qüvvələrin köməyi ilə Tərtər rayonunun bəzi kəndlərindən başlamış Füzuli rayonuna qədər 50-dən artıq kənd etibarlı surətdə müdafiə olunur, təxribatlara əl atan erməni millətçilərinə kəsərli cavablar verilirdi. Ordunun qısa vaxtda təşkili üçün respublikada əlverişli şərait olmasa da, 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə fərman imzalandı.

Lakin o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi ucbatından heç bir uğurlu nəticəyə nail olunmadı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya ilə ölkə vətəndaşlarına müraciəti müasir ordu quruculuğu sahəsində əsaslı dönüşün başlanğıcı oldu. Silahlı qüvvələrimiz dünya standartlarına uyğun olaraq bir mərkəzdən - vahid komandanlıqdan idarə olunan mütəşəkkil hərbi struktura çevrildi. Ordunun maddi təminatı və təchizatı xeyli gücləndirildi. Bakı Ali Hərbi Məktəbi yenidən quruldu. Heydər Əliyevin gərgin zəhməti sayəsində təkcə Azərbaycanın deyil, xarici ölkələrin hərbi məktəblərində də Silahlı Qüvvələrimiz üçün yüzlərlə təcrübəli mütəxəssis hazırlandı.

Bu gün Azərbaycan ordusunda çalışan zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin qayğısı sayəsində Türkiyənin, Rusiyanın, Ukraynanın, Pakistanın, Çinin, İtaliyanın, Rumıniyanın və digər ölkələrin akademiyalarında təhsil almışlar. 1999-cu il fevralın 20-də Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması barədə fərman imzalandı. Respublikamız 1994-cü ilin mayında NATO "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşuldu.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən tədbirdə çıxış edən yüksək rütbəli zabitlər, Hərbi Akademiyanın müəllimləri və digərləri qətiyyətlə bildirdilər ki, artıq Cənubi Qafqazda ən güclü ordu Azərbaycan ordusudur. Bu ordu hərbi havahava hücumundan müdafiə, hərbi dəniz və quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Orduya ayrılan vəsaitin ildən-ilə çoxaldılması Silahlı Qüvvələrimizin gücünü və qüdrətini daim artırır.

Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov da çıxışında bildirdi ki,  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun Avropadünya standartlarına tam uyğunlaşdırılması, onun daha güclümüasir silahlarla təchiz edilməsi, orduya ayrılan xərclərin ilbəil artırılması, onun zabit korpusunun peşəkarlıq səviyyəsinin, əsgərlərimizin döyüş əzminin daha da güclənməsi sahəsində gərgin və səmərəli aparılmaqdadır.

Tədbirdə iştirak edən qonaqlar ulu öndər Heydər Əliyevin büstünün açılış mərasimində də iştirak etdilər, "Heydər Əliyev və ordu quruculuğu" və general-leytenant Nuru Paşaya həsr olunmuş "Qəzan mübarək, Paşam" adlı filminə tamaşa etdilər.    

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 26 iyun.- S. 4.