Rusiya-Azərbaycan dialoqu-2012 üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına

 

  Əziz dostlar!

 

Sizi - üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarını və qonaqlarını səmimi qəlbdən salamlayıram. Diqqətəlayiq haldır ki, bu forumlar xoş ənənə kimi ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün səmərəli tribunaya çevrilmişdir.

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir. İqtisadi, elmi-texnikihumanitar əlaqələrin dərinləşməsi hər iki ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, xalqlarımız arasında tarixi dostluq tellərinin möhkəmlənməsinə müsbət təsir göstərir.

Son illərin təcrübəsi təsdiq edir ki, qonşu dövlətlərin regionları arasında əlverişli ticarət-iqtisadi və investisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa imkan yaradır. Bu baxımdan Rusiya və Azərbaycanın regionlararası əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər. Məmnunluqla qeyd etmək istərdim ki, hazırda respublikamız Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurmuş, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalamışdır.

Əminəm ki, forum çərçivəsində işgüzar fikir mübadiləsi və müzakirələr Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni impuls verəcək, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəkdir.

Forumun bütün iştirakçılarına uğurlu və məhsuldar arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 1.