Azərbaycan Şərqlə Qərb arasında qapıdır

 

2002-ci ildə Roma Papası II İohan Pavel ölkəmizə səfəri zamanı Azərbaycanı Şərqlə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırmışdır. Bu, həqiqətən, belədir. İctimai-siyasi quruluşlardan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə tolerant məkan olub. Dinindən, dilindən asılı olmayaraq, ölkəmizdə yaşayan insanlar həmişə əl-ələ verərək Azərbaycanın çoxmillətli, çoxkonvensiyalı bir ənənəyə malik olduğunu şərəflə təsdiqləyib. Azərbaycanda dini ayrı-seçkiliyə, millətlərarası ziddiyyətlərə heç vaxt rast gəlinmir. Elə ermənilərin özü də ölkəmizdə çox yaxşı yaşayırdılar. Sadəcə olaraq, xislətlərindəki bədəməllik, torpaq hərisliyi, qaniçənlik onların mənfi xüsusiyyətlərini üzə çıxardı.

Azərbaycan isə həmişə öz ənənələrinə sadiqliyi ilə seçilib. Bu gün ölkəmizi sülhsevərliyinə, vətənpərvərliyinə, bəşəri ideyalarına görə dünyanın çox yerində tanıyırlar. Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişlənməsində Heydər Əliyev Fondunun göstərdiyi xidmət danılmazdır. Fondun fəaliyyəti beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Mədəni və tarixi irsin qorunmasına xüsusi önəm verən Heydər Əliyev Fondunun hazırladığı maraqlı layihələr təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də həyata keçirilir. Ümumbəşəri sərvət olan mədəni abidələrin bərpasına fondun töhfəsi ildən-ilə genişlənir. 2010-cu ildə Azərbaycan mədəniyyət tarixində əlamətdar bir hadisə baş verdi. Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Hökumətlərarası Komitəsinə üzv seçildi. Əlbəttə, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci ledisi Mehriban xanım Əliyevanın Azərbaycanın qeyri-maddi irs nümunələrinin qorunması, mühafizəsi və təbliği yolunda gördüyü işlərin böyük təsiri oldu. Elə həmin il də "Mədəniyyətlərin yaxınlaşması ili" elan olundu. İl ərzində bir daha təsdiqləndi ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu, yarandığı, millətlərin yaşadığı tolerant bir ölkədir. Prezident İlham Əliyevin təşəbbüsü sayəsində UNESCO-nun "Mədəni özünüifadə müxtəlifliyin qorunması və təşviqinə dair Konvensiyası"na qoşulan Azərbaycanda bir sıra layihələr həyata keçirildi. bu genişmiqyaslı işlərin sorağı sərhədləri aşmağa başladı. Təsadüfi deyildir ki, elə həmin ilin may ayında Mehriban xanım Əliyeva Misirin məşhur "İsgəndəriyyə" Kitabxanasının Qəyyumlar Şurasına fəxri üzv seçildi. Bu qəyyumluğun ünvanları isə getdikcə artmağa başladı. Asiyadan Avropaya - Şərqdən Qərbə yönəldi.

Bu ilin iyun ayında Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" imzalandı. İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi öz çıxışında Mehriban xanıma minnətdarlığını bildirərək deyib: "Bu sənəd dinlər və mədəniyyətlərarası dialoqun parlaq nümunəsidir. Azərbaycanla İtaliya arasında yaxın əlaqələr mövcuddur. Bu əməkdaşlıq isə bir daha təsdiqlədi ki, Azərbaycan açıq ölkədir".

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz çıxışında bildirib ki, hər iki ölkə arasında olan diplomatik əlaqələr getdikcə inkişaf edir.  Bu saziş də Heydər Əliyev Fondu və Vatikanın təşəbbüsü ilə reallaşıb. İmzalanma mərasimi zamanı Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi Covanni Karru layihənin icrasına verdiyi dəstəyə görə bir daha Azərbaycan xalqına və şəxsən ölkəmizin birinci xanımı Mehriban Əliyevaya təşəkkürü zamanı bir məsələni xüsusi vurğuladı: "Azərbaycan tərəfindən atılan bu addım bizdə çox iftixar hissi yaratdı".

Müqəddəs Marçellinio Pietro katakombalarının bərpası məqsədilə Heydər Əliyev Fondunun həyata keçirəcəyi layihələr şuranın bütün nümayəndələri tərəfindən "çox böyük yardım" rəmzi kimi qəbul olundu. Şuranın bütün üzvləri Azərbaycan tərəfindən gələn bu dəstəyi məmnunluq hissi ilə qarşıladılar. Bəllidir ki, Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında Müqəddəs Marçellinio Pietro katakombaları xristian aləmi üçün ən mühüm və maraqlı abidələrdən biridir. Bu məbəd, eyni zamanda anasının şərəfinə tikdirdiyisonradan öz məzarının orada olduğu İmperator Konstantinin tolerantlığa verdiyi dəyər kimi qiymətləndirilir. Bu məbəddə saysız-hesabsız rəsm əsərləri qorunur. Həmin əsərlərin bu gün bərpasına böyük ehtiyac var. Bu baxımdan Heydər Əliyev Fondunun göstərdiyi diqqət Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının üzvləri tərəfindən yüksək dəyərləndirildi. Şuranın səlahiyyətli nümayəndələri öz çıxışlarında məhz bu məsələni qabardaraq tolerant mühitin təşəkkül tapdığı bir məbədin katakombalarının bərpasına Azərbaycandan gələn dəstəyi mədəniyyətlər arasında əməkdaşlığın ən yüksək zirvəsi kimi səciyyələndirdilər.

Ötən 20 il ərzində Azərbaycan, həqiqətən, Şərqlə Qərb arasında körpü olduğunu sübuta yetirdi. Son illər mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlər, forumlar məhz ölkəmizdə keçirilir. Bakının ev sahibliyi etdiyi əhəmiyyətli tədbirlərdən - 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq ForumuBirinci Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin bu sahəyə necə önəm verdiyini bəyan etdi. "Eurovision-2012"nin Bakı büsatı barəsində isə dünya mətbuatı hələ də öz xoş təəssüratlarını yaymaqda davam edir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Romada bağlanan sazişlə əlaqədar İTAR-TASS agentliyinin müxbirinin verdiyi sualları cavablandırarkən çox maraqlı bir məsələyə də toxunaraq dedi: "Yarandığı ilk gündən Heydər Əliyev Fondu nəinki Azərbaycanın, eləcə də ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Biz bir sıra iri layihələr həyata keçirmişik". Həqiqətən də Fond "Azərbaycan - tolerantlığın ünvanı" adlı layihəsi çərçivəsində bir neçə müsəlman məscidini və xristian kilsələrini bərpa etdi. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olundu. Eləcə də Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında Heydər Əliyev Fondu öz töhfəsini verdi. Həqiqətən də, müsəlman ölkəsi olan Azərbaycanın yalnız Şərq dünyasında deyil, həm də xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etməsi Fondun çox uğurlu siyasətidir.

Xristian aləminə məxsus maddi-mənəvi sərvətlərin bərpasına göstərilən diqqət həm də həssaslığı, humanistliyi, böyük ürək sahibi olmağı əks etdirir. Maraqlıdır ki, kardinal Can-Franko Ravazi mətbuata verdiyi müsahibələrdə məhz bu məsələyə toxunaraq belə bir fikir yürütmüşdü: "İncil"də xeyirxah addımların atılması hər zaman çox vacib hesab edilmişdir. Lakin bizim dini abidələrimizə olan həssas münasibət başqa dinə aid olanlarda daha çoxdur, nəinki özümüzünkülərdə. Odur ki, Azərbaycan tərəfindən göstərilən bu jestə görə dərin təşəkkürümüzü bildiririk".

Tarixbunu sübut edib ki, türk millətinə məxsus olanlar heç vaxt dağıdıcılıq etməyiblər. Hətta ən qədim zamanlarda da türk sərkərdələri fəth etdikləri ölkələrdə həmişə abadlıq işləri aparmış, qurmuş, yaratmış, xüsusilə də abidələri mühafizə etmişlər. Bu mənada Heydər Əliyev Fondunun həyata keçirdiyi quruculuq işləri də qədim ənənələrə və müasir tələblərə söykənir. Mehriban xanım Əliyeva İtaliyanın "Repubblica" qəzetinin müxbirinin suallarını cavablandırarkən deyib: "Şərqlə Qərb arasında xristian dünyası ilə müsəlman aləmi arasında, müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması çox vacibdir. Dövlət səviyyəsində bu məsələyə böyük əhəmiyyət verilir. Yəni Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri məhz budur. Elə bu baxımdan da Azərbaycan bu gün müsəlman ölkəsi kimi dünya üçün bir nümunə ola bilər".

Nümunə olmaq isə hər ölkənin siyasətində görünmür. Bu sülhsevər siyasəti qura bilmək, bu işi görmək isə xeyirxah missiyalı, bəşəri ideyalı insanlara məxsusdur. Sevincqürurla deyirik ki, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı təkcə respublikamızda deyil, elə dünyanın da xeyirxahları sırasında ilkin yerdədir! On il öncə Roma Papasının söylədiyi kimi, Azərbaycan Şərqlə Qərb arasında qapıdır! Bu qapını həmişə açıq saxlayan isə məhz Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasətdir!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 6.