İstanbulda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin toplantısı keçirilmişdir

 

 İstanbuldakı "Çırağan" sarayında Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) toplantısı keçirilmişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Türkiyə hökumətinin yüksək vəzifəli şəxsləri, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, İstanbuldakı baş konsul Həsən Zeynalov, deputatlar və iş adamları toplantıda iştirak etmişlər.

Toplantıda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev, ATİB-nin sədri Seymur Ağayev və  Türkiyə iqtisadiyyat nazirinin müavini Əhməd Yakıcı Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq, iş adamlarının birgə fəaliyyəti və yatırılan sərmayələr barədə danışmışlar. Qeyd olunmuşdur ki, 2011-ci ildə təsis edilmiş Azərbaycan-Türkiyə İş Adamları Birliyi 2012-ci il aprelin 13-də Türkiyə Nazirlər Kabinetinin sərəncamı ilə qeydiyyatdan keçmişdir. Bu təşkilatın əsas məqsədi ölkəmizin qardaş Türkiyədə sərmayə qoyuluşu siyasətinə töhfə vermək, iş adamlarımızı dəstəkləməkdir. Son ildə ölkələrimiz arasında ticarətin həcmi 3 milyard dollara çatdırılmışdır. Hazırda Azərbaycanda mindən çox türk, Türkiyədə minə yaxın Azərbaycan və Türkiyə müştərək şirkəti fəaliyyət göstərir. 2020-ci ilədək şirkətlərimizin Türkiyə iqtisadiyyatına yatıracağı sərmayənin həcmi 20 milyard dollara çatacaqdır.  Hazırda Azərbaycanın qardaş ölkəyə yatırdığı sərmayənin məbləği 4,5 milyard dollar təşkil edir.  

Toplantıda ölkəmizin iqtisadi nailiyyətlərindən də bəhs olunmuşdur. 1995-ci ildən bu günədək 120 milyard dollar sərmayə cəlb edən Azərbaycan iqtisadiyyatı regionun ən yüksək göstəricilərinə malikdir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun "Qlobal rəqabət qabiliyyətinin qiymətləndirilməsi" hesabatında Azərbaycan 142 ölkə arasında 55-ci, MDB məkanında isə birinci yeri tutmuşdur. Cari ilin aprelində beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqini "BAA-3" səviyyəsinə yüksəltmişdir.    

Toplantının sonunda Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Türkiyə-Azərbaycan İş Adamları Birliyi və Azərbaycan Sahibkarlar (İşverənlər) Konfederasiyası arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.

Toplantının keçirildiyi "Çırağan" sarayında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi də təşkil olunmuşdur.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 8.