Azərbaycan Pakistan ilə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 29-da Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Pakistan münasibətlərinin səviyyəsindən məmnunluq bildirilmiş, ölkələrimiz arasında bir çox sahələrdə qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanmışdır.  Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd edilmişdir.

E.Məmmədyarov Azərbaycanın Pakistan ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirərək, ölkələrimiz arasında ticarət, enerji və mədəniyyət sahələrində əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Nazir parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək qarşılıqlı səfərlərin intensivləşməsinin ölkələrimiz arasında mövcud olan siyasi dialoqun inkişaf etdirilməsində vacib amil olduğunu bildirmişdir.

Görüşdə pakistanlı senatorlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini qəti şəkildə dəstəklədiklərinə görə təşəkkür bildirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 2.