Mir Can Camali: Pakistan ilə Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar vardır

 

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fevralın 29-da qurumun baş ofisində Bakıda səfərdə olan Pakistan İslam Respublikası Senatı sədrinin müavini Mir Can Camalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qeyd etmişdir ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olan Pakistan respublikamıza daim hərtərəfli dəstəyini göstərmiş, yüksək səviyyəli beynəlxalq tədbirlərdə hər zaman Azərbaycanın mövqeyini müdafiə etmişdir. Azərbaycanın son dövrlərdə əldə etdiyi iqtisadi uğurlardan bəhs edən E.Nəsirov iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin sürətlə inkişaf etdiyini bildirmişdir. Yeni neft strategiyasının ölkənin inkişafında oynadığı roldan geniş söz açan ARDNŞ-in vitse-prezidenti qonağa şirkətin həyata keçirdiyi irimiqyaslı beynəlxalq əhəmiyyətli layihələr barədə də ətraflı məlumat vermişdir.

Pakistan İslam Respublikası Senatı sədrinin müavini Mir Can Camali Azərbaycan və onun paytaxtı Bakının qısa müddətdə tanınmaz dərəcədə dəyişdiyini və müasirləşdiyini söyləyərək Pakistanın bir dost, tərəfdaş ölkə kimi bundan qürur duyduğunu qeyd etmişdir. Pakistan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu deyən qonaq bu imkanlardan istifadə edilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə ARDNŞ ilə Pakistan şirkətləri arasında münasibətlərin genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağı qeyd edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 2.