Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ümumrespublika müşavirəsi işə başlamışdır

 

 Fevralın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin ümumrespublika müşavirəsi işə başlamışdır.

AzərTAc xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək, tədbirin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, bundan əvvəlki konfransda gənclərin yeni seçki orqanı formalaşmış, bu müddətdə beynəlxalq əlaqələrin genişləndirilməsində mühüm addımlar atılmışdır. Müşavirənin keçirilməsində məqsəd yeni seçkili orqanların birillik fəaliyyətinə nəzər salmaq, YAP GB-nin qarşısında duran vəzifələri bir daha nəzərdən keçirmək və görüləcək işləri müəyyənləşdirməkdir.

YAP-ın sıralarında gənclərin sayının sürətlə artdığını vurğulayan Ə.Əhmədov hazırda onların hakim partiya üzvlərinin 40 faizini təşkil etdiyini bildirmişdir. Bu isə ondan xəbər verir ki, YAP-ın həyata keçirdiyi siyasət Azərbaycan gənclərinin böyük bir hissəsini maraqlandırır və onlar məmnuniyyətlə öz siyasi talelərini bu partiya ilə bağlayırlar. Gənclərimizin böyük bir hissəsi YAP sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərində iştirak etmək məqsədi ilə partiyanın sıralarına keçərək düzgün yol tutmuşdur. Partiyamızın sıralarında olmaq gənclərimizin ictimai-siyasi fəallığının artırılması baxımından da çox əhəmiyyətlidir. Bu istiqamətdə YAP GB-nin fəaliyyəti təqdirəlayiqdir.

YAP sədrinin müavini qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclər onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışırlar.

Tədbirdə YAP GB-nin sədri Seymur Orucov ötən bir il ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlərlə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir.

Sonra müşavirə öz işini seminarla davam etdirmişdir.

Ümumrespublika müşavirəsi işini martın 1-də başa çatdıracaqdır.

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 3.