Siyəzənlilər sosial-iqtisadi sahədə ötən ilin nəticələrini müzakirə etdilər

 

 Siyəzəndə rayonun ötən ilin yekunlarına və cari il qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq  keçirilmişdir. Yığıncaq iştirakçıları öncə rayondakı Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsinin qarşısına gül-çiçək dəstələri qoymuş, ulu öndərə ehtiramlarını bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Nizami adına Mədəniyyət Sarayının foyesində təşkil edilmiş və Siyəzən rayonu üzrə 2011-ci ilin yekun statistik göstəricilərini əks etdirən stendlərlə, müxtəlif müəssisə və təşkilatların istehsal etdiyi məhsullardan ibarət sərgi ilə tanış olmuşlar.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bildirdi ki, ötən il Azərbaycanın tarixində əlamətdar hadisələrlə zəngin olmuş, ölkəmizin beynəlxalq miqyasda nüfuzu daha da möhkəmlənmişdir. Azərbaycanın Birləşmış Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bunu bir daha təsdiqləyir. Azərbaycan bu gün dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik və uzaqgörən strategiyanın Prezident İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla, yaradıcılıqla həyata keçirilməsinin nəticəsidir.

Natiq vurğulamışdır ki, 2011-ci il siyəzənlilərin yaddaşında birona görə əlamətdardır ki, avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev rayona səfər etmişdir. Bu səfər rayonun həyatına yeni stimul vermişdir.

Ötən il ölkənin sosial-iqtisadi inkişafından kənarda qalmayan Siyəzəndə də bir çox mühüm işlər görülmüşdür. Əsas diqqət əhalinin kommunal problemlərinin həllinə, sosial-rifah halının yaxşılaşmasına, təhsil və səhiyyə sisteminin inkişafına, ümumiyyətlə, rayondakı idarə, müəssisə və təşkilatların, icra strukturlarının işinin səmərəli qurulmasına yönəldilmişdir. Hesabat dövrü Siyəzəndə su-kanalizasiya sistemlərinin çəkilməsinə başlanmış, bir neçə kənd, yaşayış massivləri içməli su ilə təmin edilmişdir.

İl ərzində Siyəzəndə, ətraf kəndlərdə əhalinin qazla təminatında da bir sıra tədbirlər həyata keçirilmişdir. Bir çox ərazilərdə köhnə qaz boruları yeniləri ilə əvəzlənmiş, abonentlərin evlərində sayğaclar quraşdırılmışdır. Rayonda son illər həyata keçirilən tədbirlər nəticəsində əmək qabiliyyətli əhalinin xeyli hissəsi işlə təmin olunmuşdur.

Rayonun təhsil şəbəkəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər də az deyil. Siyəzənin 25 məktəbinin bir çoxu müasir təhsil avadanlıqları ilə təmin edilmişdir. Yaradılan maddi-texniki baza ilbəil təhsilin keyfiyyətinin yüksəldilməsində öz bəhrələrini verir. Ötən il məktəbləri bitirmiş 318 şagirddən 92 nəfəri respublikanın müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur. Tələbə adını qazanmış abituriyentlərdən 15-i 500, 4 nəfəri isə 600-dən artıq bal toplamışdır. 690 bal toplayan Hikmət Binyaminov isə Prezident təqaüdünə layiq görülmüşdür.

Siyəzəndə aparılan tikinti-quruculuq işlərindən söhbət açan A.Qasımov sonda bildirdi ki, yaxın zamanlarda həyata keçiriləcək layihələr nəticəsində rayonun siması daha da yaxşılaşacaq.

Daha sonra çıxış edənlər ölkə başçısının siyasətini dəstəklədiklərini, dövlət proqramlarının icrası nəticəsində Siyəzənin bundan sonra da iqtisadi yüksəlişə nail olacağını vurğuladılar. Mərasimdə uzun illər rayonun ictimai-siyasi həyatında səmərəli və fəal iştiraklarına görə bir qrup rayon ziyalısına RİH-in fəxri fərmanları təqdim olundu.

 

 

 Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.- 2 mart.- S. 6.