Xilaskar

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş amansız qətliam bəşər tarixində insanlığa sığmayan ən dəhşətli faciələrdən biri kimi  yaddaşlarda qalıb. Faciə gecəsi erməni silahlılarından təsadüfən qurtulanlar dağlara, dərələrə, meşələrə üz tutaraq canını ölümdən qurtarmaq istəyirdilər. O qarlı-çovğunlu gecədə çöllərdə donub-ölənlərin, erməni gülləsinə tuş gələnlərin, ən nəhayət, Əsgəran qalası ilə Qara qayanın ətəyində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilənlərin meyitlərinin çətinliklə gətirib sahiblərinə çatdıranlardan biri də əhmədavarlı Oruc Cabbarovdur.

Orucu televiziya kanallarında Xocalı soyqırımına həsr edilmiş verilişlərdə, sərgilərdə, videoçarxlarda, orta məktəb dərsliklərində (8-ci sinif "İngilis dili", 10-cu sinif "Yeni Azərbaycan tarixi") üzü saqqallı, sol əlində avtomat, sağ əlində - qoltuğunda balaca uşaq qarlı meşələrdə ermənilərin qorxusundan hansı səmtə gedəcəklərini bilməyən, fəryad qoparıb, kömək istəyən xocalılıları Qara qaya istiqamətinə apardığını görmüsünüz.

Şəkildə gördüyünüz həmin gənc Ağdamın Əhmədavar kəndinin sakini Oruc Cabbarovdur. Oruc 1962-ci il martın 20-də Əhmədavar kəndində dünyaya göz açıb, boya-başa çatıb, səkkizillik məktəbi bitirdikdən sonra, Ağdamda 50 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1982-ci ildə sovet qoşunları tərkibində hərbi xidmətini başa vurub Rusiyadan qayıdandan sonra kəndlərində çılıngər kimi avtomobillərin təmiri ilə məşğul olub. Orucun yaşadığı Əhmədavar kəndi Ağdamdan Şuşaya, Xankəndiyə və Əsgərana gedən yolun üstündə yerləşir. Bunları xatırlatmaqla sizləri Orucun gənclik illəri ilə yaxından tanış etməkdir. O, qoyun-quzu arxasınca qaçdığı bu yerlərin hər dərəsinə, dağına, cığırına, izinə yaxşı bələd idi...  

1988-ci ilin fevralında Dağlıq Qarabağı Ermənistana birləşdirmək arzusuilə ermənilər azərbaycanlıların qanına susayanda Əhmədavarda könüllü özünümüdafiə dəstəsinə qoşulanlardan biri də 25 yaşlı Oruc Cabbarov idi. 70-80 nəfərdən ibarət olan bu dəstənin, əksəriyyəti Orucun orta məktəb yoldaşları, kəndçiləri, bir də ətraf rayonlardan köməyə gələnlər olub. 1991-ci ildə könüllülərdən ibarət Qarabağ Şahinləri batalyonunda taqım komandiri kimi Orucun keçmədiyi döyüş yolu, görmədiyi çətinliklər qalmayıb. Xocalı yerlə-yeksan olana kimi Yeddixırman, Qaraqaya, Mərək dağları, Qarqaraçay, Xatın arxının ətrafı və digər ərazilərdə ermənilərin Azərbaycan kəndlərinə hücumlarının qarşısının alınmasında ölüm-dirim mübarızəsinə çıxıb, Azərbaycanın Milli Qəhrəmanı sabirabadlı Mübariz Əhmədovla, Azərbaycanın Milli Qəhrəmanı, sinif yoldaşı Canpolad Rzayevlə, həmkəndliləri Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevlə, Məhəbbət Tağıyevlə, Bəxtiyar Hümbətovla, Fikrət Əliyevlə, Ağdamın Şelli kəndindən "Azərbaycan Bayrağı" ordenli Xosrov Məmmədovla, Natiq Hüseynoğlu, Yasir Bayramovla, kiçik qardaşı Ələddinlə, bacısının həyat yoldaşı Asif Qarayevlə bir yerdə döyüşüb. Yeddi dəfə ağır yaralanıb, həkimlərin "sən mütləq ev şəraitində olmalısan" məsləhətinə məhəl qoymayaraq, xəstəxanadan evlərinə yox, birbaşa cəbhə yoldaşlarının yanına gedib. Qarabağ müharıbəsi veteranı, ikiqat şəhid ailəsidir. Qardaşı Ələddin və bacısının həyat yoldaşı Asif 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyot ermənilər tərəfindən vurularkən şəhid olublar.

Xocalı faciəsi baş verən gecə səhər saatlarından Qaraqaya yüksəkliyində erməni silahlılarını geri oturdan Oruc Cabbarov və onun dəstəsi olmuşdu. Qaraqaya ilə Əsgəran qayası arasında erməni silahlılarının güllə yağışı altında qaçıb canlarını qurtarmaq istəyən xocalılıların çoxunun ölümdən, əsirlikdən xilas edilməsində Oruc şəxsi fədakarlıq göstərmişdir. Bunu redaksiyamıza daxil olan məktublardan da görmək olar. Xocalıdan 15 nəfər məcburi köçkün ailəsi məktublarında 1992-ci ildə qanlı faciə zamanı mülkü əhalinin erməni vandalizmindən xilas edilməsində, yaralı əsgərlərin və meyitlərin götürülməsində mərdlik göstərmiş Oruc Cabbarova dönə-dönə minnətdar olduqlarını bildirirlər.

Vətənpərvərliyinə və Xocalı faciəsi zamanı göstərdiyi qəhrəmanlığa  görə Oruc Cabbarov Qarabağ camaatı arasında, eldə-obada xüsusi hörmətə sahibdir. 15 il ailəsi və yaxınları ilə çadır şəhərciyində məşəqqətli məcburi köçkün həyatı yaşayan Oruc Cabbarov iki il bundan əvvəl dövlət tərəfindən  Quzanlı qəsəbəsində salınan hər cür şəraiti olan 4 otaqlı mənzillə təmin olunub. Evə köçən günü onun ilk qonağı Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva olmuşlar. Qaçqınların mənzil-məişət şəraiti ilə yaxından tanış olan dövlət başçısı və onun xanımı şəhid ailəsi ilə çay süfrəsi arxasında söhbət etmiş, Oruc Cabbarovu və ailəsini yeni mənzilə köçmələri münasibətilə təbrik etmişlər.

Orucun gözəl ailəsi var: həyat yoldaşı Raifə xanım evdar qadındır, oglu Ramiz hərbi xidmətdən təzəcə qayıdıb, rayon Fövqaladə Hallar İdarəsində işləyir. İki qızı var, hər ikisi tələbədir. Gülşən Ağdam Dövlət Sosial İqtisadi   Kollecində, Ayişən isə Ağcabədi Pedaqoji Kollecində təhsil alırlar.

Qəhrəman döyüşçünün dədə-baba yurdunun ermənilər tərəfindən işğal olunmasından 20 ilə yaxın vaxt ötüb. Oruc Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ torpaqlarının erməni işgalından azad ediləcəyinə böyük inam bəsləyir.

Orucla Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar keçirilən ümumxalq yürüşündən sonra görüşdük. O dedi:

- Azərbaycan Prezidentinin məqsədyönlü sayəsində Xocalı soyqırımı bütün dünyanın diqqət  mərkəzinə çevrilib. Bir çox xarici dövlətlərdə, xüsusilə Avropa ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən yığıncaqlar, mitinqlər, nümayişlər dünyanın Xocalı soyqırımını tanıması baxımından çox önəmlidir. Bakıda soyqırımın 20-ci il dönümü ilə əlaqədar ümumxalq yürüşünün keçirilməsi də yadda qalan oldu. Öndə ölkə Prezidenti İlham Əliyev olmaqla 85 mindən çox insanın paytaxtın Azadlıq meydanından başlanan Xocalı soyqırımının qurbanları xatirəsinə ucaldılmış abidəyə  doğru yürüşü əslində ermnəi faşistləri tərəfindən insanlığa qarşı törədilmiş vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. İnanıram ki, Qarabağ torpaqları sülh yolu ilə  işğaldan azad ediləcəkdir. Yox, əgər lazım olarsa, oğlumla birlikdə Ali Baş Komandanın əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bu gün də o dağlarda, dərələrdə ermənilərlə üzbəüz döyüşməyə hazıram.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2012.- 3 mart.-S . 5.