Avropa mətbuatının nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilmişdir

 

Martın 5-dən 7-dək Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsü və Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının təşkilatçılığı ilə Brüsseldə "İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi - hüquqi və humanitar aspektlər)" mövzusunda müzakirələr aparılacaqdır. Bu məqsədlə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti Belçika Krallığında səfərdədir.

Martın 5-də Baş nazirin müavini Əli Həsənov "Reuters" agentliyinin və İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbirlərinə geniş müsahibə vermişdir. Müsahibələrdə əsas diqqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı, ölkədəki qaçqın və məcburi köçkün məsələlərinə yönəldilmişdir.

Əli Həsənov bildirmişdir ki, Azərbaycanın 20 il bundan əvvəl dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, ötən qısa müddət ərzində ölkə yerləşdiyi regionda lider dövlətə çevrilmiş, sürətli iqtisadi inkişaf tempi və ümumi daxili məhsulun artım səviyyəsinə görə dünyada layiqli yerini tutmuşdur. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider mövqeyə yüksəlmiş, regional və beynəlxalq layihələrdə aparıcı rol oynamağa başlamışdır. Ötən il Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini təşkilatın 155 üzv ölkəsinin dəstəkləməsi, MDB ölkələrindən yalnız respublikamızın  "Böyük 20"lərin Meksikada keçirilmiş toplantısına dəvət olunması bunun əyani təsdiqidir.

Baş nazirin müavini qeyd etmişdir ki, bütün bu uğurlara rəğmən Azərbaycanın ən ağır problemi hələ də həll olunmamış qalmaqdadır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, bir milyon Azərbaycan vətəndaşı daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olmuşdur. Münaqişə zamanı XX əsrin ən ağır cinayəti - Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törədilmişdir. Ümumilikdə bu münaqişə Azərbaycan iqtisadiyyatına təxminən 60 milyard ABŞ dolları dəyərində ziyan vurmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı  BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qəbul etdiyi qətnamələrə, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların verdiyi qərarlara Ermənistan etinasız münasibət göstərir, işğal olunmuş əraziləri boşaltmır. Bundan başqa, Cenevrə Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində erməni əhalisini məskunlaşdırmaq siyasəti yürüdür.

Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Əli Həsənov bu gün bir çox xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə yaşadığını bildirmişdir. Monoetnik dövlətə çevrilmiş Ermənistanda isə hazırda bir nəfər də azərbaycanlı yaşamır. Azərbaycanın Ermənistandakı və işğal altındakı Dağlıq Qarabağ ərazisindəki bütün dini məbədlər məhv edilir, toponimlər dəyişdirilir, tarixi abidələr erməniləşdirilir.

Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün probleminə diqqəti yönəldən Əli Həsənov 20 ildən bəri öz torpaqlarından didərgin düşmüş insanların ən sadə hüquqlarının - öz dədə-baba yurdlarına qayıtmasının təmin olunmasının vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, demokratiyanın beşiyi sayılan Avropada yerli təsisatlar qaçqınların hüquqlarının bərpa olunmasında ədalətli  və prinsipial mövqe nümayiş etdirməli, işğalçı Ermənistana beynəlxalq təzyiq göstərilməli, beynəlxalq hüquqa əsaslanan addımlar atmalı və Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpasına nail olmağa çalışmalıdır.

Hər iki jurnalistin italyan əsilli olduğuna toxunan Əli Həsənov Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, İtaliyanın Azərbaycanın xarici ticarət əlaqələrində öncül yerlərdən birini tutduğunu bildirmişdir. İtaliyanın Azərbaycana daim beynəlxalq müstəvidə dəstək göstərdiyini vurğulayan Baş nazirin müavini Azərbaycanın ağır günlərində onun yanında olduğuna görə İtaliya hökumətinə təşəkkürünü bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, 2000-2004-cü illərdə İtaliya hökuməti Azərbaycandakı məcburi köçkünlərə 1,7 milyon ABŞ dolları dəyərində ərzaq yardım etmiş, BMT-nin Ümumdünya Ərzaq Proqramının əsas donorlarından biri olmaqla 1994-2007-ci illərdə Azərbaycanda həyata keçirilən layihələr üçün 114 milyon ABŞ dolları məbləğində vəsait ayırmış, həmin ölkənin "ENİ" şirkətinin ayırdığı 2,2 milyon ABŞ dolları vəsait hesabına məcburi köçkünlər üçün müxtəlif humanitar layihələr həyata keçirilmişdir.

Əli Həsənov həmçinin baş qərargahı Brüsseldə yerləşən Belçikanın "Sərhədsiz Həkimlər" Beynəlxalq Humanitar Təşkilatının xətti ilə də Azərbaycanda məcburi köçkünlər üçün müxtəlif  humanitar layihələr həyata keçirildiyini, bütün bunlara görə Belçika Krallığının hökumətinə minnətdarlığını ifadə etmişdir.

Xatırladaq ki, Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinə Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov daxildirlər.

 

 

 Elgün NİFTƏLİYEV

 

Azərbaycan.- 2012.- 6 mart.- S. 5.