Meh əssin telə dəysin...
Ehtiram və səbirsizliklə gözlədiyimiz Novruz bayramının ürəyimizdə sevgisi o qədər dərindir ki, onun adət-ənənəsinə, mərasimlərinə sözsüz əməl etməyi özümüzə borc bilirik. Novruzun gəlişini ta bineyi-qədimdən xüsusi hazırlıqla gözləmişik. Bu bayrama qədər hər həftə bir çərşənbəni təmtəraqla qarşılayıb məhəbbətlə yola salmışıq. Hər bir çərşənbənin də öz adı, öz mənası, öz yozumu var. Filologiya elmləri doktoru, folklorşünas-alim Məhərrəm Qasımov söyləyir ki, Novruza qədər əslində yeddi çərşənbə var.
El arasında onun üçü "Oğru çərşənbə"lər, dördü də "Doğru çərşənbə"lər adlanır. "Oğru çərşənbə"lər Kiçik Çilləyə düşür. İnama görə bu çərşənbələrdə yazın nəfəsi Yer üzünə - suya, torpağa, ağaclara oğrunca toxunub geri qayıdır. Oğru çərşənbələrdən sonra başlayan əsas çərşənbələr "Doğru çərşənbə"lər adı ilə tanınır və onun hər birini elimiz bayram ovqatı ilə qeyd edir.
Novruzun gözəl çərşənbələrindən üçüncüsü martın 6-da yurdumuza qədəm qoyur. Xalq arasında ona Yel çərşənbəsi deyirlər. Bəzi bölgələrdə isə onu "Yelli çərşənbə", "Küləkli çərşənbə", "Hava çərşənbəsi", "Külək oyadan çərşənbə" adlandırırlar. Qədim etiqadlara görə bu çərşənbə axşamında oyanan külək ərzi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Gün ərzində havanın bir neçə dəfə dəyişməsi küləyin tənzimlənməsi kimi başa düşülür.
Folklor nümunələrində, xüsusilə də dastanlarımızda, eləcə də əski etiqadlarda Yer üzündə küləyin iki rəngi göstərilib: qara və ağ. Hətta deyimlərdə belə bir ifadə var ki, hansı qarğışdan, xoşa gəlməyən sözdən narazılıq yaransa, nənələr tez deyərdi: "Ağzından qara yellər aparsın". Yaxud da elə, obaya, ailəyə, təzə bəylə gəlinə xeyir-duya verəndə söyləyərdilər: "Üstünüzə ağ yellər əssin". Xəzərətrafı, xüsusilə də Abşeron bölgəsində küləyin başqa adı var: xəzri və gilavar. Əski inamlara görə, qara külək siyah, ağ külək bəyaz, xəzri göy, gilavar isə qırmızı libasda təsvir edilir. Bu rənglərin də mifik mənaları var. Deyilənə görə, çərşənbə bayramında yurdumuzda dolaşan külək məhz bu dördlüyün rəngindən özünə pay alır və qısa müddətdə ərzi dolaşır. Ona görə də hava təbdən-təbə, rəngdən-rəngə düşür.
Xalq inamına görə Tanrı tərəfindən idarə edilən külək özü də insanların himayədarına çevrilib. Hətta bu barədə müxtəlif dini ədəbiyyatlarda müəyyən məlumatlar var. Qurani-Kərimdə küləyin Allah tərəfindən göndərildiyi və onun mərhəmətli, qəzəbli xüsusiyyətlərə malik olduğu qeyd edilir.
İlaxır çərşənbələrinin məhz üçüncüsünün küləklə bağlanması qədim zamanlardan mövcuddur. Şifahi xalq yaradıcılığında yelin müqəddəsliyi, ucalığı, qüdrəti ilə bağlı müxtəlif nəğmə, mif, əfsanə, inanc, atalar sözü, bayatılar, tapmacalar vardır.
Məlumdur ki, insanın oda, suya, küləyə, torpağa ehtiyacı yalnız Novruz günlərində deyil. Lakin Novruz şənliklərində bu ünsürlərin adı ilə bağlı İlaxır çərşənbələrinin xüsusi təntənə ilə qeyd edilməsi etiqadla bağlıdır. Məsələn, "Yel qayadan nə aparar?", "Yelnən gələn, selnən gedər", "Yel apardığını qaytarmaz", "Yelin işini bilmək olmaz", "Külək kimi hərdən bir yana əsmə" ifadələri illərin sınağından çıxmışdır. Bayatı və ağılarda da küləklə bağlı yaddaqalan, dillər əzbəri olan, hətta mahnıya, nəğməyə çevrilən folklor nümunələri çoxdur:
Yel əssin yelə dəysin,
Meh əssin telə dəysin.
Tək əldən nə səs çıxar,
Əl gərək ələ dəysin.
***
Qara yel əsdi keçdi
Səbrimi kəsdi keçdi.
Vətəndən gələn durna
Yaman tələsdi keçdi.
***
Yel əsər,
toz qoparar,
Ağacdan
qoz qoparar.
Yellə gələn bəlanı
Yel özü də aparar.
Bilməcələrdə də xalqın təfəkkürü, idrak, düşüncə tərzi özünü büruzə verir. Ümumiyyətlə, tapmacalara adi uydurma oyun kimi baxmaq düz deyil. Hər bir tapmacada dövrün ovqatı, təfəkkür tərzi var, eləcə də öyrətmək, öyrənmək meyili güclüdür: "Dağdan gəlir hozu kimi, dəyirmanın tozu kimi" (Külək).
Üç qardaşım
var,
Biri sulayır,
Biri üfürür,
Biri bitirir (Yağış, Külək,
Günəş).
Yellə bağlı inanclarda müqəddəslik duyulur. Hiss olunur
ki, xalq hələ qədim dövrlərdən küləyə
Allahın qüdrəti
kimi baxmış, ona mehr
və məhəbbət
göstərmişdir: "Yeli əsdirəni söyməzlər", "Yelin
adına nəzir deyərlər", "Yelə
qarğış etməzlər".
Yel çərşənbəsi axşamı
ağac altında durub niyyət edərlər və Yel babanı köməyə çağırarlar.
Əgər həmin anda meh hiss etsən
və ağacın budaqları torpağa toxunsa, deməli, arzun yerinə yetib, Tanrı diləyini eşidib. Qədim zamanlarda xırmanın mövcud olduğu vaxtlarda Yellə bağlı yaranmış
ən çox inanclar taxılla, çörəklə, xırmanla
bağlı idi.
Küləklə əlaqədar müxtəlif
miflər və mərasimlər də mövcuddur.
Deyilənə görə, Novruz
bayramının obrazlarından biri olan Fatı qarı yeddi rəngli
ip əyirib hərəsini bir
bağlamaya yığaraq dizinin
altına qoyubmuş. Birdən necə olursa axırıncı bağlama
qarının dizinin altından
çıxıb kənara düşür.
Qəzəblənən Fatı qarı Yelə
qarğış edir:
"Azarım-bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı
axı?". Bu deyinmədən sonra qarının o biri bağlamaları da dizinin altından çıxaraq diyirlənməyə
başlayıb. Fatı qarı buna
dözməyərək qarğışı
qarğışa calayıb və onun
gileyləri, söyüşləri öz
başına bəla gətirib. Yel baba qarının iplərini qanadına alaraq üfüqlərə qədər
aparıb. Deyilənə görə, o vaxtdan Fatı qarının ipləri yeddi rəngli qurşağa
dönərək göydə parıldayır. Qarı da nə qədər edirsə, nə Yel babanı vura bilir, nə də iplərini tutur.
Odur ki, gur yağışdan sonra
üfüqdə görünən yeddi rəngli
qurşağa el arasında
"Fatı qarının hanası" deyirlər. Sonralar Fatı qarı üzünü
göyə tutaraq nə qədər nəğmə
oxusa da, Yel babaya yalvarsa
da, səsi eşidilmir.
Həmin nəğmələrdən:
Yel babam,
Yel babam,
Telli babam,
Tel babam,
Gül babam.
Dərdimi gəl bil, babam,
Gəl babam, ay
gəl, babam.
Əlbəttə, sonrakı peşimançılığın
heç bir faydası olmadı. Qarı nənə
gərək əvvəldən
Yelə qarğış
etməyəydi, ona turş sifət göstərməyəydi.
Beləcə, Boz ayın müqəddəs
çərşənbələrindən
sayılan və təbiətin ünsürləri
ilə bağlı olan Sudan içdik, Oddan keçdik, Küləyin həzin mehinə bələndik. Qarşıdan isə müqəddəs Torpaq çərşənbəsi
gəlir. İllərlə
əl-ələ verərək
bu əziz günlərin şərəfinə
həvəslə oxumuşuq:
Zəmzəm gəldi,
Atəş gəldi,
Yel gəldi,
Təzə ömür,
Təzə məhsul,
İl gəldi.
Yel çərşənbəsinin
süfrəsi də xoş ovqat yaratmalıdır. Həmişəki kimi quru meyvələr, çərəz
öz yerində.
Onların yanına piyalədə
su və süd qoymaq yaddan çıxmamalıdır.
Xanımlar yenə də
plov hazırlamalı olacaqlar. Yaxşı olar ki, bu axşam süfrəyə
ya fisincanplov, ya da cücəplov
verilsin. Cənub bölgəsində
süfrəyə adətən
plovla birgə balıq ləvəngisi də qoyurlar.
İlaxır çərşənbələrin sonuncusuna cəmi bir həftə qaldı. Ondan sonra yurdumuzda
Novruz təntənəsi
başlayacaq. Bayramınız
mübarək, əziz
oxucular! Axar suyunuz qurumasın,
odunuz sönməsin, əsən küləklər
sizə xeyir-bərəkət
gətirsin. Neylim, necə
eləyim deməyəsiniz.
Tər aparıb zər bağışlayan torpaq həmişə üzünüzə
gülsün. Bu təntənəyə,
bu bayram günlərinin sevincinə
həsrət qalan torpaqlarımızda - işğal
altında inildəyən
ərazilərimizdə də
Novruz tonqallarının
alışacağı gün
bizləri sevindirsin!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 6 mart.- S. 7.