Daxili Qoşunlarda nizam-intizam, mənəvi-psixoloji durum yüksək səviyyədədir

 

Daxili Qoşunlarda nizam-intizam, mənəvi-psixoloji durum yüksək səviyyədədir.

AzərTAc xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının (DQ) komandanı, general-leytenant Zakir Həsənov martın 7-də keçirdiyi mətbuat konfransında söyləmişdir.

Komandan bildirmişdir ki, martın 12-də Daxili Qoşunların yaranmasının 20 ili tamam olur. Bu müddət ərzində daxili qoşun bölmələri çox mürəkkəb, çətin, lakin şərəfli bir yol keçmişlər. Ötən illər ərzində DQ-ın şəxsi heyəti dövlətimizin və ictimai asayişin qorunması üçün inamla, şərəflə, ləyaqətlə mübarizə aparmış və aparmaqdadır. 1992-ci il martın 12-də Daxili Qoşunların şəxsi heyəti erməni işğalçılarına qarşı döyüşlərə başlamış və xüsusi qəhrəmanlıqlar göstərmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparılan müddətdə DQ-ın 496 zabit və əsgəri qəhrəmancasına həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər  itkin düşmüşdür.

Bildirilmişdir ki, 1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - 12 mart Daxili Qoşunlar Günü elan olunmuşdur. Ulu öndər Heydər Əliyev DQ-ın inkişafına, möhkəmlənməsinə daim diqqət yetirmişdir. Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan DQ ötən illərdə ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf etmişdir. Daxili Qoşunların maddi-texniki bazası müasir standartlara tam cavab verir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DQ-ın peşəkar hazırlığı əsaslı surətdə yüksəldilmişdir. Dövlət başçısı mütəmadi olaraq DQ-ın hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə, şəxsi heyətin döyüş hazırlığı ilə maraqlanır, onların təminatını daim diqqət mərkəzində saxlayır. DQ-ın bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri vardır. Zabitlərimiz xarici ölkələrdə təhsil alırlar.

DQ-da yüksək nizam-intizam var, mənəvi psixoloji durum yüksək səviyyədədir, əsgərlərin, zabitlərin qarşılıqlı hörmət əlaqələrinə xüsusi diqqət yetirilir. Hissə və bölmələrin döyüş, peşə hazırlığının və təlimin keyfiyyətinin daim yüksəldilməsi, digər tapşırıqların layiqincə yerinə yetirilməsi bu gün də DQ-ın qarşısında duran əsas vəzifələrdir. Bu gün şəxsi heyətin fiziki, atəş, xüsusi hazırlığına çox ciddi fikir verilir.

Komandan qeyd etmişdir ki, DQ-ın müasir texnika, silah və avadanlıqla təchiz olunması istiqamətində də mühüm işlər görülür, şəxsi heyətin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması, hərbi şəhərciklərin müasir standartlara uyğunlaşdırılması diqqət mərkəzindədir.

Z.Həsənov xüsusi vurğulamışdır ki, xarici ölkələrdən, beynəlxalq təşkilatlardan gələn qonaqlar Daxili Qoşunların döyüş fəaliyyətini, sosial texniki bazasını yüksək qiymətləndirirlər.

 

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 5.