Kiçik qəsəbədən abad şəhərə

 

Regional inkişaf proqramlarının icrasının nəticəsi budur

 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrin simasının dəyişməsini görmək üçün rayonlarımızın çox yox, cəmi 10-15 il əvvəlki vəziyyətini xatırlamaq kifayətdir. Ən adi məişət problemlərini həll edə bilməyən bölgə əhalisi dolanışığını təmin etmək üçün yeritapa bilmirdi. Hətta adətən, ərzaqdan korluq çəkməyən kənd adamının aqrar islahatlardan sonra təmənnasız aldığı torpağı əkib-becərmək üçün ilkin vəsaiti belə yox idi. Dövlət isə həmin dövrlər elə maliyyə imkanında deyildi ki, onu dirçəltsin. Odur ki, əlac yalnız ölkənin böyük şəhərlərinə, bəzən də yaxın xaricə üz tutmağa qalırdı.

Belə hal iqtisadiyyatı təkcə kənd təsərrüfatından ibarət olan rayonlar üçün daha xarakterik idi. Vəziyyəti mürəkkəbləşdirən biro idi ki, həmin rayonlar keçmiş SSRİ-nin dövlət kimi mövcudluğunun son illərində yaradıldığından hələ tam formalaşmamışdı. Yalnız adı rayon olan bu inzibati ərazilərdə bir-iki zəruri dövlət təşkilatı və qonşu rayonlardan verilən 5-10 təsərrüfatından savayı heçyox idi. Ayrıca rayon kimi Azərbaycanın siyasi xəritəsinə 1990-cı ildə düşmüş Hacıqabul da belələrindən idi (yeri gəlmişkən qeyd edək ki, Hacıqabul Qazıməmməd adı ilə 1939-1959-cu illərdə də rayon olmuşdu və 1959-cu ildən qəsəbə statusu ilə indiki Şirvan şəhərinin tabeliyinə verilmişdi).

Bu gün həmin təsərrüfatları imkansız, əhalisi işsiz, ərazisi infrastruktursuz Hacıqabuldan əsər-əlamət qalmayıb. Regional inkişaf proqramları rayonun simasını büsbütün dəyişib. Ölkənin mühüm avtomobil və dəmir yollarının qovuşuğunda yerləşən Hacıqabulda indi müasir emal müəssisələri, dövlətin güzəştlərindən bəhrələnərək istehsalı ilbəil artıran iri fermer təsərrüfatları, müxtəlif yönümlü sahibkarlıq subyektləri fəaliyyət göstərir. Artıq hacıqabullular dalınca nəinki yaxın və uzaq şəhərlərə üz tuturlar, hətta vaxtı ilə gedənlər qayıdırlar. Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bu barədə demişdir: "Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların nəticəsi. Bizim məqsədimiz məhz bundan ibarətdir".

Onu da qeyd edək ki, hazırda günü-gündən yeniləşən, cavanlaşan Hacıqabulun qədim və maraqlı tarixi var. Tarixi mənbələrdə göstərilir ki, rayon ərazisindəki Hacıqabul gölünün şərq sahilində həcc ziyarətinə gedənlər üçün Şah Abbasın canişini tərəfindən karvansaray inşa edilmişdir. Hacıqabul dörd yol ayrıcında olduğu üçün Azərbaycanın hər yerindən zəvvarlar bu karvansaraya yığılar, həcc ziyarətinə yola düşərdilər. Ziyarət başa çatdıqdan sonra onlar burada mübarəkdarlıq və "Həccin qəbul" sözləri ilə qarşılanardılar. Elə rayonun indiki adı da bu sözlərdən formalaşmışdır.

Rayon ərazisindəki unikal abidələr, yaşayış məskənləri də onun qədim tarixə malik olduğunu sübuta yetirir. Həmin nümunələrdən biri orta əsrlərin möhtəşəm sənət əsəri olan Pir Hüseyn xanəgahıdır. O, həm də müqəddəs ziyarətgahdır. Hacıqabulun ən qiymətli canlı abidələri isə onun havasını udmuş, torpağı üstə ayaq tutub yerimiş, böyümüş övladlarıdır. XIX əsrin görkəmli satirik şairi Mirzə Baxış Nadim, surəti gözlərimizdən hələ də silinməyən, Udulu kənd qəbiristanlığında uyuyan yazıçı-alim Əzizə Cəfərzadə, əməkdar elm xadimi, tibb elmləri doktoru İbadulla Ağayev, fizika-riyaziyyat elmləri doktoru Məlikməmməd Cəbrayılov, Mülki Aviasiya Akademiyasının professoru Rauf Cəfərzadə, generallar Nəcəf Qəmbərov, Güloğlan Muradovonlarca başqaları bu torpağın yetirmələridir.

Həqiqətən, son illər Hacıqabul çox inkişaf edib, abadlaşıb. Hər dəfə bura gələndə yeniliklərin şahidi olursan. Tikilən təzə binalar, salınan parklar, xiyabanlar, çəkilən yollar, səkilər, əkilən ağaclar, güllər-çiçəklər göz oxşayır. Ən başlıcası isə görülən işlər əsaslı şəkildə aparılır, tikinti işləri zamanı milli memarlıq üslubuna, dizayn işinə ciddi diqqət yetirilir. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov deyir ki, qəbul olunmuş dövlət proqramlarının icrası çərçivəsində son 8 ildə mühüm işlər görülmüşdür. Bu rayon ərazisində Heydər Əliyev Mərkəzi, çoxsaylı inzibati binalar, uşaq tibb mərkəzi, xüsusi dövlət mühafizə xidməti idarəsinin əməkdaşları üçün 68 mənzilli yataqxana, 50 çarpayılıq xəstəxana, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli yaşayış evi, 9 yeni məktəb, 2 min tonluq soyuducu kamera, "R-Turan" MMC-yə məxsus Atbulaq kərpic zavodu, bir sıra abidə kompleksləri, Heydər Əliyev və Dədə Qorqud parkları istifadəyə verilmişdir. Hazırda isə kafel-metlax zavodu tikilir.

Ümumiyyətlə, yalnız 2011-ci ildə bütün maliyyə mənbələri hesabına rayonda 20 milyon 473,7 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına 74 milyon 25,9 min manat investisiya yönəldilmişdir. Ötən il Hacıqabulun iqtisadiyyatını əks etdirən digər makrogöstəricilər də əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2011-ci ildə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 180,7 milyon manat olmuşdur ki, bu da ötən illə müqayisədə 41,9 faiz çoxdur. Həmin dövr rayon sakinlərinə 14 milyon 501,6 min manatlıq pullu xidmətlər göstərilmiş və bu göstərici ötən illə müqayisədə 7,4 faiz artmışdır. İl ərzində hər sakinə düşən pullu xidmətlərin həcmi isə 212,4 manat təşkil edmişdir. Bunlardan əlavə, hesabat dövründə rayonda qeydə alınmış sənaye müəssisələrinin 11-i fəaliyyət göstərmiş və 3 milyon 60,1 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur.

Rayon iqtisadiyyatının  əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Bu sektorda  taxılçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq aparıcı rol oynayır. Amma  rayonun təsərrüfatlarında günəbaxan, qarğıdalı, kartof, meyvə və üzümistehsal olunur. Yalnız 2011-ci ildə rayonda 13 min 54 ton arpa, 21 min 94 ton buğda olmaqla ümumilikdə 34 min 148 ton taxıl yığılmışdır. Bu isə 2010-cu illə müqayisədə 27,4 faiz çoxdur. Bundan savayı, son mövsüm 23 min 850 ton bostan, 18 min 930 ton tərəvəz, 8 min 760 ton meyvə, 205 ton üzüm istehsal edilmişdir. Bunlar da əvvəlki ilə nisbətən xeyli artıqdır. Bütünlükdə aqrar bölmədə davam edən artım heyvandarlıqda da özünü büruzə verir. Belə ki, ötən il diri çəkidə ət istehsalı 5 min 199, süd istehsalı 14 min 790, yun istehsalı 216 tona, yumurta istehsalı 118 milyon 17 min ədədə çatmışdır.

Bu gün Hacıqabulda dövlət proqramı çərçivəsində rayonun aqrar bölməsinin inkişafına təkan verəcək bir sıra mühüm  obyektlər tikilir. Onlardan Ağsu rayonu ərazisindən başlayanPadar, Qarasu, Muğan kəndlərindən keçəcək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişini və Pirsaat çayı üzərindəki su anbarının lildən təmizlənərək yenidən qurulması istiqamətində aparılan işləri göstərmək olar. Qeyd olunan kanalın 19,6 kilometrlik hissəsi artıq çəkilmişdir. Bu iki nəhəng layihə həyata keçiriləndən sonra rayonda əlavə 15 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil olacaq. Bu isə  məhsul istehsalını artırmaqla bərabər, yeni yerlərinin açılmasına imkan verəcək.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə etibarlı təmin olunması istiqamətində Hacıqabulda ardıcıl işlər görülür. Rayon ərazisində yerləşən yarımstansiyalar və hava xətləri təmir olunur, dayaqlar dəyişdirilir, təbii qaz sistemi yenidən qurulur, abunəçilərə yeni tipli sayğaclar quraşdırılır və s.

Bir sözlə, regional inkişaf dövlət proqramlarının icrası bütün rayonlar kimi, Hacıqabulun da dirçəlişinə səbəb olmuşdur. Hətta o dərəcədə ki, bu gün heç kim Hacıqabulu nəinki kiçik və imkansız rayon hesab etmir, hətta onu bölgədə ən sürətlə inkişaf edən rayon kimi qyimətləndirir.

 

 

 Seyran CAVADOV

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 4.