Müstəqil dövlət və milli hakimiyyət, yoxsa forpost və hərbi xunta rejimi?

 

 17 il öncə Azərbaycan üçün "olum, ya ölüm" dilemmasına çevrilən bu seçimin ən doğru cavabını xalq müdrikcəsinə verdi

 

"Mən dəfələrlə demişəm və bu gün vətəndaşlarımın, xalqımın qarşısında bir daha deyirəm ki, Prezident kimi Azərbaycanın müstəqilliyinin qorunmasını bugünə qədər təmin etdiyim kimi, bundan sonra da təmin edəcəyəm. Böyük-kiçikliyindən asılı olmayaraq heç bir dövlət Azərbaycanın müstəqilliyini dayandırmaq üçün göstərdiyi təzyiqdən heç bir nəticə əldə etməyəcəkdir. Çünki mən Azərbaycan xalqının iradəsinə arxayınam və özümün də iradəmə əsaslanıram. Özümün də iradəm budur ki, Azərbaycan xalqı daim müstəqil dövlət çərçivəsində yaşamalıdır, öz taleyinin sahibi olmalıdır və taleyini özü həll etməlidir. Azərbaycanın təbii sərvətləri, təbiəti, Azərbaycan xalqının intellektual imkanları, respublikamızın iqtisadi potensialı ölkəmizin müstəqil yaşamağına imkan verir. Ona görə də biz bu müstəqilliyi qoruyub saxlayacağıq".

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il martın 15-də xalqa müraciətindən   

 

Dövlət müstəqilliyinin bərpasından ötən 20 il zaman baxımından xeyli müddət sayılsa da, tarix kontekstində və dövlətçilik anlamında çox qısa vaxt kimi dəyərləndirilir. Obrazlı ifadə etsək, 20 il insan ömründə özünü şəxsi və ictimai həyatda realizə etmək üçün yetərli olsa da, bir dövlətin tam əsaslarla qurulması və inkişafı üçün bu müddət kifayət deyil. Artıq əsrlərdir qətiləşən bu yanaşmada müəyyən istisnalar da olur ki, bu da həmin dövlətin nailiyyəti kimi qiymətləndirilir. Bu gün məmləkətimizin adının bu istisnalar silsiləsində xüsusən seçilməsi, digər dövlətlərin onilliklər, hətta əsrlər boyu keçdiyi inkişaf yolunu cəmi 10-15 ilə adlaması artıq beynəlxalq birliyin yekdil rəyidir.

 

 Tarixi olduğu kimi yazaq

 

Azərbaycanın sürətli intibahı sanki zamanı da qabaqlayır. Dəyişiklik, yüksəliş, müasirləşmə hər bir sahədə öz əksini tapır. İnsanların sabaha ümidləri nikbinləşir, güzəranları yaxşılaşır. Ölkəmiz artıq regional gücdən beynəlxalq məkanın fəal və nüfuzlu amilinə çevrilib. Mədəniyyətimizlə Avropada birincilik qazanırıq, xarici siyasətdə isə BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın geosiyasi durumunun müəyyənləşməsində söz sahibi tək tanınırıq. İqtisadi yüksəlişimiz dünyada inkişaf modeli kimi qəbul edilərək öyrənilir, demokratik-hüquqi islahatlar isə daim təqdir edilir. Azərbaycan indi ildən-ilə yox, gündən-günə irəliləyir, güclənir.

Bu inkişaf dinamikasının müəyyən psixoloji fəsadı da var: insanlarımız ölkənin hərtərəfli yüksəlişinə artıq vərdiş edib, gündəlik artım tempi adi hal kimi qavranılır. Və qanunauyğun proses kimi qəbul edilən bu inqilabi nailiyyətlər bəzən vətəndaşlarımızda unutqanlıq yaradır, çox da uzaq olmayan onillikdə yaşadığımız təlatümlər, faciələr Azərbaycanın mövcud intibah məcrasında artıq xatırlanmır. Bugünkü uğurların, həmçinin müstəqil dövlətçiliyimizin hansı qurbanlar, məhrumiyyətlər və çətinliklər hesabına qazanıldığı da sanki yaddan çıxarılır. Xaosdan tərəqqiyə keçidin keşməkeşli yoluna daha əvvəlki maraqla nəzər salınmır. 1988-1993-cü illərdə, eləcə də 1995-ci ilədək baş verən ziddiyyətlərin, Azərbaycanı məhvə sürükləyən cinayətkar cəhdlərin, çevriliş planlarının həyata keçəcəyi təqdirdə ölkəmizin adının bu gün Əfqanıstan, İraq, Liviya ilə bir sırada çəkiləcəyinin də fərqinə varmırıq.

Kimisə məzəmmət etmək, qınamaq fikrindən uzağıq. Amma onu da yada salmağı özümüzə borc bilirik ki, dövlətçiliyimizi daha da möhkəmləndirmək, inkişafımızı isə genişmiqyaslı etmək üçün ötən illərin acı təcrübələrini unutmamalı və bu gün qazandığımız uğurlara sahib çıxmaqla yanaşı, onların qədrini də bilməliyik. Qərbdən cənubadək separatizmin, şimaldan şərqədək isə "bespredel"in tüğyan etdiyi ölkəsinin artıq siyasi səhnədən silinə biləcəyini düşünən və Xəzərə tökülmək qorxusu ilə yaşayan bir xalqın 18 il sonra beynəlxalq tədbirlərə ev sahibliyi edərək, bölgənin fövqəlgücünə çevrilmiş dövlətə malik olmasının tarixi xronologiyası hər an düşüncəmizdə və yaddaşımızda hakim olmalıdır.

Unutmamalıyıq! Yoxsa yenə də itirə bilərik - müstəqilliyimizi, dövlətçiliyimizi, güzəranımızı, sabitliyimizi, nə qazanmışıqsa, hər şeyi!..

Müstəqilliyin bərpasının geridə qoyduğumuz 20 ilinə nəzərən dövlət quruculuğu salnaməmizin ziddiyyətli məqamlarını, təbəddülatlı proseslərini yenidən araşdırmalı, tarixin süzgəcindən keçirməli, siyasi təhlillər etməli, bugünkü nəticələrini müəyyənləşdirməliyik. Bu hadisələri tarixə səhih və alt qatlarını tam üzə çıxarmaqla həkk etdirməliyik. Ən nəhayət, yeni nəslə onları öyrətməliyik, aşılamalıyıq ki, onlar tarixlərinin həqiqətlərini bilsinlər və bu gün "narıncı zülmətə" çevrilən dağıdıcı ekspansiyaların, Ərəbistan ellərini, müsəlman dünyasını qana bürüyən "baharlar"ın əsl mahiyyətinə öz ölkələrinin yaxın keçmişi rakursunda bələd olsunlar.

 

 Mart iğtişaşı oktyabr qiyamının davamı kimi

 

İbrət götürüləsi, yenidən öyrəniləsi belə tarixi məqamlardan biri də 1995-ci ilin mart hadisələri idi. Əslində, bu qiyam və çevriliş cəhdi Azərbaycanı 1987-ci ildən etibarən təhdid edən məkrli planların - Heydər Əliyevin İttifaq rəhbərliyindən kənarlaşdırılmasından 1994-cü ilin oktyabrında hazırlanan dövlətçiliyə qəsd ssenarisinə qədər bütün hərbi-siyasi avantüra silsilələrinin məntiqi davamı idi. Əgər 1987-ci ilin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmaq məqsədinə qarşı yeganə maneə olan Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaqla dünya erməniliyi ilk uğurunu qazanmışdısa, 1994-cü ildə artıq dünya erməniliyi sıralarını çoxsaylı müttəfiqləri ilə genişləndirərək antiazərbaycançı şəbəkəyə çevrilmiş və qarşısına miqyasca daha geniş vəzifələr qoymuşdu.

İndi hədəfdə Azərbaycanın müstəqilliyi və təbii sərvətləri idi. Məqsəd ölkəmizi forposta çevirmək, müstəqilliyimizə 1991-1993-cü illərdə olduğu kimi, sırf simvolik xarakter vermək, Dağlıq Qarabağ separatçılarının müstəqilliyinə nail olmaq, neft və qaz resurslarını fövqəlgüclərin arasında bölmək idi. Amma bu planların qarşısında 17 il öncə olduğu kimi, yenə də Heydər Əliyev dayanırdı. Bu baxımdan Azərbaycana yönəlmiş təhdidlər iki istiqamətdə cərəyan edirdi: ölkədə çevrilişlə hakimiyyəti dəyişmək və buna nail olmaq üçün isə sui-qəsdlə Heydər Əliyevin fiziki mövcudluğuna son qoymaq!

1995-ci ilin 13-17 mart hadisələrini təhlil etdikcə aydın görünür ki, bu çevriliş cəhdinin kökü bir il öncəyə gedib çıxır. 1994-cü ilin sentyabrında Azərbaycanın "Əsrin müqaviləsi"ni imzalaması, əslində, ölkəmizin müstəqilliyinin və təbii resursları üzərində suveren hüququnun beynəlxalq birlik tərəfindən rəsmən tanınması idi. Nəzərə alaq ki, müqaviləni imzalayan şirkətlərin və onların aid olduqları dövlətlərin əksəriyyəti, əslində, kontraktdakı şərtlərdən narazı idilər. Çünki hələ bir il öncə - 1993-cü ilin iyununda imzalamağa hazırlaşdıqları, amma buna müyəssər olmadıqları kontrakt birmənalı olaraq "neft bossu" olan dövlətlərin maraqlarına cavab verirdi. Son müqavilə isə yalnız Azərbaycanın mənafeyini ödəyirdi. Şübhəsiz, Azərbaycanın bu "özbaşınalığına" qarşı qəti tədbir görülməli idi.

Digər tərəfdən, Azərbaycan nə Rusiyanın, nə İranın, nə də ki Türkiyənin forpostu olmağa razılıq verirdi. Heydər Əliyevin timsalında rəsmi Bakı hər üç güclü qonşusuna yalnız bərabərhüquqlu tərəfdaşlıq təklif edirdi. Respublikamız Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmaq çağırışına etiraz edir, "islam inqilabının ixracı" təşəbbüsünün siyasi-ideoloji bazasının öz ərazisində yaradılmasının qarşısını qətiyyətlə alır, həmçinin "bir millət - iki dövlət" münasibətlərinin yalnız diktədən və hökmdən uzaq formada təşəkkülünü şərt kimi irəli sürürdü.

Bu hadisədən 6 ay sonra - 1995-ci ilin mart ayında Prezident Heydər Əliyev xalqa müraciətində bu prosesləri belə izah edəcəkdi: "Biz bütün bu çətinliklər içərisində yaşayaraq ağır problemləri həll edərkən həm xaricdən, həm daxildən təxribatlarla rastlaşırıq. Xaricdən bizə qarşı cürbəcür təzyiqlər var. Ən böyük təzyiq ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyini laxlatmaq, onu, necə deyərlər, müəyyən qədər azaltmaq istəyirlər... Bəli, ayrı-ayrı ölkələrdə bizə düşmən olan dairələr Ermənistanın bizə qarşı təcavüzünü daha da gücləndirmək üçün Azərbaycanı parçalamaq, dağıtmaq üçün cəhdlər göstərirlər. Dövlət dairələrində, ayrı-ayrı ictimai dairələrdə, siyasi dairələrdə belə cəhdlər göstərirlər. Təəssüf ki, Azərbaycandan olan, onun hüdudlarından kənarda yaşayanlar da, daxildə yaşayanlar da onlara rəvac, dəstək verirlər. Bütün bu mühafizəkar qüvvələr, Azərbaycanın müstəqilliyinə təcavüz etmək əzmində olan bütün bu qüvvələr birləşirlər. Çünki görürlər ki, Azərbaycan artıq dördüncü ildir müstəqil dövlət kimi yaşayır, bütün bu təzyiqlərə sinə gərir və möhkəm dayanmışdır. Onlar Azərbaycan xalqının iradəsini görürlər. Ona görə də içəridən dağıtmaq istəyirlər, cürbəcür qüvvələri hərəkətə gətirirlər. Görürlər ki, əgər tutduğumuz proqram bu il həyata keçirilərsə, iqtisadiyyatda böyük dəyişikliklər əmələ gələcək, xalqın rifahı yaxşılaşacaq, demokratiya yolu ilə daha da irəli gedəcəyik, iqtisadi islahatlar, seçkilər keçiriləcəkdir, yəni əminəm ki, demokratik parlament yaranacaqdır. Azərbaycanın xoşbəxt gələcəyi üçün böyük bir sənəd olan yeni Konstitusiya qəbul olunacaqdır. Bunlara mane olmaq istəyən qüvvələr var. Həm xaricdəki, həm də daxildəki qüvvələr bundan ötrü cürbəcür çirkin yollara əl atırlar".

Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın müstəqilliyinə təcavüz etmək əzmində olan bütün bu qüvvələr artıq 1994-cü ilin sentyabrında vahid məqsəd ətrafında birləşmişdilər. Cəmi 10 gün ərzində hadisələrin gedişini əsaslı şəkildə dəyişdirə biləcək təxribatlar - BMT-dəki görüşlərindən qayıdarkən Heydər Əliyevə qarşı hazırlanan, lakin uğursuz olan sui-qəsd cəhdi, MTN təcridxanasından məhbusların qaçırılması, yüksək vəzifəli iki dövlət məmuruna qarşı terror aktı kimi müdhiş cinayətlər həyata keçirildi. Oktyabrın 4-də isə Gəncədə çoxdan planlaşdırılan hərbi qiyam başladı. Tam 16 ay öncəki ssenari ilə yenidən hərbi müdaxilə ilə dövlət çevrilişi edəcəklərini düşünən xarici və yerli qüvvələr yenə də yanılmışdılar. Onlar hakimiyyət başında artıq Heydər Əliyev kimi qətiyyətli bir dövlət adamının olduğunu və dövlətçiliyinin keşiyində daha ayıq dayanan xalq amilini nəzərə almamışdılar. Məhz həmin gün gecə və səhərisi yüz minlərlə insan Pezident Heydər Əliyevin çağırışına səs verərək mitinqlərə gəldi, öz dövlət müstəqilliyinə və legitim hakimiyyətinə dayaq olduğunu nümayiş etdirdi.

 

 Kriminal elementlərin siyasi avantüraları

 

 Bir məqamı da xatırladaq ki, Heydər Əliyev hakimiyyətə gələrkən milli birlik və vətəndaş sülhü kimi məsələləri fəaliyyət amalı elan etdi və bütün qüvvələri əməkdaşlığa, dövlət idarəçiliyində iştiraka çağırdı. Yəni, 1993-1995-ci illərdə hakimiyyətdə keçmiş kommunistlər, cəbhəçi-müsavatçılar, mütəllibovçular, hərbi qruplaşmaların və əksər siyasi təşkilatların nümayəndələri - bir sözlə, ölkənin bütün ictimai spektri təmsil olunurdu. Heydər Əliyev onlara siyasi mənsubiyyətlərini kənara qoyaraq fəaliyyətlərini Azərbaycana xidmətə həsr etməyə şans vermişdi. Lakin bu şəxslərin əksəriyyəti siyasi buqələmun xislətlərinə sadiq qalaraq gizli müxalifətçiliklə məşğul idi.

1994-cü ilin oktyabrında hazırlanan qiyam planında əsas iştirakçı ünsürlərdən biri də Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbərliyi və şəxsən polkovnik Rövşən Cavadov idi. Xatırladaq ki, XTPD erməni təcavüzünə qarşı müqavimət hərəkatını formalaşdırmaq məqsədilə 1990-cı ildə, sovet hakimiyyəti dövründə yaranmışdı. İlk illərdə bu dəstənin üzvləri torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına döyüşdülər, sıralarından yüzlərlə şəhid verdilər. Fəqət getdikcə XTPD mərkəzi hakimiyyətin nəzarətindən çıxaraq bir qrup komandirin inhisarına düşdü. 1992-ci ildə isə XTPD hərbi yönümlü fəaliyyətini dayandıraraq siyasi proseslərin fəal iştirakçısına çevrildi. Ən təəssüfedici hal o idi ki, dəstənin vətənpərvər və fədakar üzvləri zabit heyətindən uzaqlaşdırılır, təsadüfi, çox hallarda isə kriminal mənşəyi olan şəxslərə komandir vəzifələri həvalə edilirdi. Bu insanların əsas məqsədləri isə bölgələrdə, eləcə də paytaxtda orta və iri sahibkarlardan xərac yığmaq, biznes mübahisələrində son söz sahibi olmaq, dövlət və özəl müəssisələrdən aylıq haqq almaq, hətta girov götürməklə pul qazanmaq idi. Əvvəllər qəhrəmanlıq örnəyi olan XTPD belə fəaliyyətlərin nəticəsi olaraq kriminal-bandit dəstəsinə çevrilmişdi. AXC-Müsavat hakimiyyəti dövründə iqtisadi-siyasi təsir dairələrini genişləndirən dəstə üzvləri rayonlarda icra hakimiyyətlərini özlərindən asılı vəziyyətə salmışdı. Mərkəzi komandanlıq isə Prezidentlə, nazirlərlə ultimatum dili ilə danışırdı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə XTPD-nin də "özfəaliyyət"inə son qoyuldu. Onlardan əsasnamələri üzrə fəaliyyət göstərmələri və polis adına ləkə gətirən hərəkətlərdən uzaq durmaları tələb olundu. Quldurluqla, xərac yığmaqla məşğul olan dəstə üzvləri barədə cinayət işi açıldı. Artıq qanunçuluğun və hüququn bərqərar olduğu bir mühitdə normal fəaliyyət göstərməyi bacarmayacaqlarını anlayan dəstə komandirləri Azərbaycanda çevriliş etməyə hazırlaşan qüvvələrlə birgə əməkdaşlığa başladılar. 1994-cü ilin 4 oktyabrında Gəncədə baş qaldıran dövlətçiliyə qəsd cəhdinin ardınca bu dəstə üzvləri paytaxtda bir neçə dövlət strukturuna basqın edərək vəzifəli şəxsləri girov götürdülər. Lakin günün sonunda Gəncədəki avantüranın iflasa uğradığını görən dəstə komandirləri, şəxsən Rövşən Cavadov geri addım atmağa məcbur oldular və Prezident sarayının qarşısındakı mitinqə gələrək Heydər Əliyevə birmənalı dəstək ifadə etdilər. R.Cavadov Heydər Əliyevlə görüşündə özünün və dəstə üzvlərinin bağışlanmasını xahiş etdi. Ulu öndər vətəndaş həmrəyliyi naminə onları əfv etdi və səhvlərindən nəticə çıxarıb normal fəaliyyətə qayıtmaları üçün XTPD-yə yenidən şans verdi.

Rövşən Cavadovun zəif tərəflərindən biri də malik olduğu fərdi keyfiyyətlərlə və imkanlarla əsla uzlaşmayan siyasi ambisiyaları idi. Xalq arasında deyildiyi kimi, bu polkovnik yuxuda da özünü prezident kürsüsündə görür, ayıq olanda da özünə prezident ədası verirdi. Bu psixoloji şakəri nəticəsində Rövşən Cavadov çox asanlıqla xarici və yerli siyasi qüvvələrin təsiri altına düşdü. 1995-ci ilin yanvarından etibarən artıq ona konkret təkliflər irəli sürüldü. Plana görə, Rövşən Cavadov ölkədə hərbi qiyam qaldırmalı, Prezident sui-qəsd nəticəsində öldürülməli, hakimiyyət ələ keçirilərək onun rəhbərliyi ilə Dövlət Şurası yaradılmalı idi. Vasitəçilər R.Cavadova siyasi müxalifətin də dəstəyini vəd edirdilər.

Açıq demək lazımdır, Azərbaycanda hazırlanan növbəti çevriliş planında Gücrüstan istisna olmaqla, bütün sərhəd qonşularımızın təmsilçiləri təşəbbüskar rolunda çıxış edirdilər. Hətta bu iştirak bəzən xüsusi xidmət orqanları səviyyəsində olurdu. Məsələn, artıq üç ildir ki, Türkiyədə "Ərgənəkon" işi ilə bağlı aparılan istintaq və məhkəmə prosesində də aydın olur ki, qardaş ölkənin qardaş olmayan qüvvələrinin fəal iştirakı ilə yaradılan dəstə həm bu cümhuriyyətdə hakimiyyəti ələ keçirmək üçün çoxsaylı təxribatlar təşkil etmiş, həm də Azərbaycanda öz emissarlarından ibarət iqtidar formalaşdırmaq məqsədilə fəaliyyət göstərmişlər. Ermənistanın bu avantürada iştirakı isə hərbi-siyasi müttəfiqlik etdiyi məlum iki sərhəd qonşumuzun xüsusi xidmət orqanlarının tərkibində olması idi.

 

 Şər ittifaqı

 

 Respublikamızda fəaliyyət göstərən xarici ölkə vətəndaşlarının, həmçinin AXC və Müsavat funksionerlərinin bilavasitə iştirakı ilə 1994-cü ilin dekabrında yaradılan Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin də elə əsas məqsədi dövlət çevrilişini nəzəri cəhətdən əsaslandırmaq, onun həyata keçirilmə mexanizmini işləyib hazırlamaq və "perspektiv hakimiyyət"in - Dövlət Şurasının tərkibini müəyyənləşdirmək idi. SAM-ın 1995-ci ilin yanvar ayının 7-də keçirilən iclasında AXC-Müsavat hakimiyyətinin xarici işlər naziri olmuş Tofiq Qasımovun "siyasi müxalifətlə hərbi müxalifətin birləşməsi" təklifi müzakirə olunur və Rövşən Cavadova birgə əməkdaşlıq üçün müraciət edilir. Artıq yanvarın 14-dən etibarən XTPD-nin rəhbəri bu qurumun iclaslarına qatılır.

Hazırlanan dövlət çevrilişi planına görə, ölkədə Dövlət Şurası adlanacaq hərbi xunta formalaşdırılacaqdı. Hərbi xuntaya rəhbərliyi polkovnik Rövşən Cavadov etməli, formal tərkibi isə keçmiş prezidentlərdən təşkil olunmalı idi. Sonuncuların real hakimiyyəti olmasa da, onların siyasi maraqlarının nəzərə alınacağı bəyan edilirdi. Rövşən Cavadovun qarşısında müəyyənləşən əsas vəzifə isə ilk növbədə "Əsrin müqaviləsi"nin ləğv edilməsi və dövlət çevrilişinə dəstək verən xarici qüvvələrin iqtisadi-siyasi mənafelərinin daim qorunacağı barədə öhdəlik idi. Beləliklə, xarici havadarlarının birbaşa dəstəyi ilə hərbi və siyasi müxalifət Azərbaycanda hərbi xunta rejimini bərqərar edəcək və ölkəmiz xarici dövlətlərin forpostuna çevriləcəkdi.

Fevral ayında bu qruplar arasında ciddi fəallaşma müşahidə olunur. 3 il öncə hakimiyyətdən və vətənindən gecə ikən qaçan Ayaz Mütəllibov R.Cavadova şəxsi nümayəndəsi vasitəsilə dəstəyini bildirir və Dövlət Şurasında təmsil olunacağına təminat verir. AXC və Müsavatın yüksək funksionerləri də bu avantüranı müdafiə edərək keçmiş Prezident Ə.Elçibəyin bu işə razılıq verəcəyini söyləyirlər. Sonradan istintaq sübut edir ki, bütün bu danışıqların məğzi mütəmadi olaraq Avstriya vətəndaşının təsisçisi olduğu "Traza" firmasının faksı vasitəsilə xarici ölkə kəşfiyyatlarına ötürülürmüş.

Beləliklə, əvvəllər əks qütblərdə olmuş və bir-birləri ilə hətta hərbi münaqişələrə girmiş qüvvələr xarici dairələrin himayəsi və Rövşən Cavadovun rəhbərliyi altında "şər ittifaqı"nda birləşdilər. Mart ayının əvvəllərində müxalifət partiyalarının yerlərdəki qüvvələri səfərbər olunmuş, mütəllibovçu və surətçi dəstələr hazırlıq vəziyyətinə gətirilmiş, əllərdə olan qanunsuz silahlar müvafiq qruplara paylanılmışdı. Artıq dövlətçiliyə qəsd ediləcək gün də müəyyənləşmişdi - 13 martın sübh çağı. Bu tarixin seçilməsi də təsadüfi deyildi. Belə ki, mart ayının 10-12-də Prezident Heydər Əliyev Danimarkada rəsmi səfərdə olacaqdı. Martın 13-ü Bakıya qayıdacaq Prezident həmin gecə Pakistana səfərə getməliydi. Təxribatçıların planına görə, Heydər Əliyev Kopenhagendən Bakıya qayıdarkən təyyarəsi vurulmalı, əgər bu mümkün olmasa, martın 13-ü Prezident sarayına ediləcək qəfil hücumla dövlət başçısına sui-qəsd gerçəkləşməli idi.

Bu ərəfədə paytaxtda və bölgələrdə də asayişi pozmaq üçün təxribatlar hazırlanırdı. Xalq Cəbhəsinin rəhbərliyi tərəfindən Bakıdakı dayaq dəstələrinə martın 14-də "bir nömrəli hazırlıq" vəziyyətində olmaqla bağlı əmr verilmişdi. AXC rayonlarda qanunsuz mitinqlər təşkil etməyə cəhdlər edir, "Bozqurd" partiyasının üzvləri isə Bakıda qeyri-azərbaycanlıların yaşadığı məkanlarda iğtişaş törətmək üçün senarilər qururdu. Eləcə də metro stansiyalarının qarşısında əhalidə çaşqınlıq yaratmağa hesablanan vərəqələr yayılırdı. Martın 13-ü səhərə yaxın Xüsusi Təyinatlı Polis Dəstəsi Qazaxda və Ağstafada icra hakimiyyəti orqanlarını zəbt etmiş, sonra rayon polis şöbələrini tutaraq orada olan bütün silahı, döyüş sursatını götürmüşdü. Sonrakı hədəf Tovuz, Şəmkir, Göranboy rayonları, Yevlax şəhəri idi. Gəncədə hələ də pozuculuq fəaliyyəti ilə məşğul olan surətçilər isə R.Cavadovdan qəti hücuma keçmək üçün əmr gözləyirdilər. Eləcə də AXC-nin Naxçıvan şöbəsi muxtar respublikada hakimiyyəti ələ keçirmək üçün tədbirlər planı hazırlayırdı. Lənkəranda və şimal bölgəsində də etnik qarşıdurma yaratmaq üçün emissarlar göndərilmişdi. Həmçinin məlum qüvvələr paytaxtda da vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışırdılar.

Martın 15-də Prezident Heydər Əliyev xalqa müraciət edərək yaranmış vəziyyət barədə ətraflı məlumat verdi və prosesləri xarici qüvvələrin təhriki ilə hərbi və siyasi müxalifətin təxribatı kimi dəyərləndirdi. "Son illərdə Azərbaycan xalqının çəkdiyi faciələr bəsdir. Ona yeni faciələr yaratmaq lazım deyildir. Belə adamlar şəxsi hikkələrindən əl çəksinlər və hamı birləşərək Azərbaycan xalqını bu ağır vəziyyətdən çıxarmağa çalışsın. Mən hamını buna dəvət edirəm. İnanıram ki, xalqın müdrikliyi, inamı, müstəqilliyə bağlılığı bu gün də bizi bu vəziyyətdən çıxaracaqdır. Gəlin hər şeyi bir kənara qoyaq, dövlətçiliyimizi, müstəqilliyimizi müdafiə etmək yolunda əl-ələ verərək irəliyə gedək. Mən bütün Azərbaycan xalqını milli birliyə, milli həmrəyliyə dəvət edirəm. Əminəm ki, mənim səsimə milyonlarla adam səs verəcəkdir. Mən əminəm ki, xalq Azərbaycan dövlətçiliyini, Azərbaycan Prezidentini müdafiə edəcəkdir" deyən dövlət başçısı XTPD-nin şəxsi heyətini silahı yerə qoyaraq dövlətçilik mövqeyinə keçməyə çağırdı. Prezidentin sərəncamı ilə həm də XTPD ləğv edildi.

Bu bəyanatın olduqca böyük təsiri oldu. Əvvəla, xalq baş verən hadisələrin dərin qatlarını anladı və dərk etdi ki, bu dövlət çevrilişi cəhdi ümumilikdə respublikanı məhv etməyə yönələn təxribatın tərkib hissəsidir. Digər tərəfdən, XTPD-nin onlarla əməkdaşı silahlarını dövlət orqanlarına təhvil verərək xalqın və Prezidentin yanında olduğunu nümayiş etdirdi. Qurumun şəxsi heyətinin əksəriyyəti bu addımı atdığından, belə demək mümkündür ki, əslində, XTPD Prezidentin tərəfinə keçdi. Bu dəstənin komandiri Rövşən Cavadovun ətrafında isə ümumilikdə 400 nəfər silahlı adamdan ibarət, XTPD-yə sonradan qoşulmuş təsadüfi şəxslər, kriminal elementlər, AXC və "Bozqurd"un üzvləri olan 50-60 nəfərlik silahlı dəstə (bu, istintaq materialları ilə sübut olundu), 40 nəfərədək əfqan mücahidi var idi.

Martın 14-16-sı tarixlərində bölgələrdə on minlərlə insanın iştirakı ilə qanuni hakimiyyətin müdafiəsi ilə bağlı mitinqlər keçirildi. Artıq əhalini öz məqsədlərinə alət edə bilməyəcəklərini anlayan hərbi-siyasi müxalifət və onların xarici havadarları qəti hücuma keçməyə qərar verdilər. Hazırlanan iğtişaş planına Bakı metrosunda sərnişinləri girov götürmək və neftayırma zavodundakı kəmərləri partlatmaq kimi xəbis hərəkətlər də salınmışdı.

Xatırlatmaq yerinə düşər ki, bu cinayətkar qruplaşmanın əsas rəhbərlərindən biri də Mahir Cavadov idi. Bu ərəfədə Rövşən Cavadovun atası Bəxtiyar Cavadov öz övladlarına məktubla müraciət edərək onları silahı yerə qoymağa və qanuni hakimiyyətin əfvinə sığınmağa çağırdı. Məktubdan əlavə övladlarına şeir də yazan ata bu qardaşları qanunsuzluqdan çəkinməyə, nahaq qan tökməməyə səslədi. Təəssüf ki, atanın çağırışı da heç bir səmərə vermədi.

 

 Heydər Əliyev Azərbaycanı növbəti dəfə xilas etdi

 

Hərbi-siyasi müxalifət martın 17-ni dövlət çevrilişinin həlledici gününə çevirmək üçün tədbirlər həyata keçirməyə başlamışdı. Onların planına görə, 8-ci Kilometr qəsəbəsindəki bazada olanlardan və şəhərdəki qüvvələrdən ibarət dörd hücum qrupu yaradılmışdı və bu qruplar martın 17-si sübh çağı həmlə ilə bazadakı mühasirəni yararaq şəhərə çıxmalı, Prezident Aparatını tutub orada dövlət başçısına sui-qəsd törətməli, sonra Ali Sovetin binasını, teleradio şirkətini, Daxili İşlər Nazirliyini ələ keçirməli idilər. Fəqət buna cəhd göstərilsə də, dövlətçiliyimizə qarşı yönəlmiş qəsdin qarşısı qətiyyətlə alındı. Cinayətkar dəstələr zərərsizləşdirildi, Azərbaycanda sabitlik bərpa olundu. Beləliklə, xarici qüvvələr tərəfindən hazırlanan və hərbi-siyasi müxalifət tərəfindən həyata keçirilməsinə cəhd göstərilən dövlət çevrilişi cəhdi uğursuz nəticələndi.

Bu hadisələrdən bir il sonra - 1996-cı ilin aprel ayında ümumxalq nümayəndələrinin respublika toplantısında çıxış edərkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 13-17 mart hadisələrinə qiymət verərək qeyd edirdi ki, müxtəlif ictimai-siyasi təşkilatlarda, dövlət strukturlarında, hətta xüsusi xidmət orqanlarında Cavadovları himayə edənlərin olması cinayətkar şəbəkənin, daha doğrusu, çoxşaxəli cinayət sindikatının mövcudluğundan xəbər verir: "Mart hadisələrinin təhlili göstərir ki, Cavadovlar dövlətə qarşı sui-qəsd mövqeyində duraraq siyasi, hərbi və hətta maliyyə-iqtisad müxalifətini də öz tərəflərinə çəkmiş, nəhəng cinayət şəbəkəsi yaradaraq müstəqil Azərbaycan dövlətinin mövcudluğu məsələsini təhlükə altına almışlar... Hərbisiyasi müxalifətin üzdəniraq liderləri son nəticədə xalqa yalnız anarxiya, qətllər, banditizm, quldurluq və talanlar, reket, adam oğurluğu, narkobiznes, silah alveri və s. cinayətlər bəxş edə bilərdilər. Onların dağıdıcı əməlləri göz qabağında idi... Prezidentimizin müstəsna siyasi müdrikliyi, sarsılmaz qətiyyəti və fövqəladə tədbirləri sayəsində xalq daha ağır bir faciədən xilas oldu, dövlətçilik qorunub saxlanıldı, xaricdən dəstəklənən hərbi-siyasi müxalifətin daha bir cəhdi boşa çıxdı. Dövlətimiz öz qüdrətini nümayiş etdirdi, konstitusiya quruluşuna qarşı yönəlmiş qiyamın qarşısı alındı, ictimai təhlükəsizlik və sabitlik təmin edildi".

Beləliklə, 1995-ci ilin martında o dövrədək artıq zərərli vərdişə çevrilmiş qeyri-siyasi və qeyri-konstitusion yolla hakimiyyətə gəlmək ənənəsinin qarşısı qətiyyətlə alındı. Düzdür, bütün bunlar Azərbaycana düşmən dairələrin əlində alətə çevrilən xəyanətkar hakimiyyət düşkünlərinə dərs olmadı. Onlar sonradan da dəfələrlə sui-qəsd və dövlət çevrilişinə cəhdlər etdilər, öz məkrli niyyətlərinə çatmaq üçün ilk növbədə Heydər Əlyievin fiziki yolla məhvini qarşıya məqsəd qoydular. Məsələn, mart hadisələrindən dərhal sonra Moskvada Ayaz Mütəllibovun tərəfdarları və sabiq XTPD-nin cinayətkar əməkdaşlarının birgə təşəbbüsü ilə hazırlanan sui-qəsd planına görə, Azərbaycan və Ukrayna prezidentləri Heydər Əliyevlə Leonid Kuçmanın avtomobilləri hava limanı istiqamətindəki Sabunçu körpüsündən keçərkən ora partladılmalı idi.

Bu cəhddən bir neçə ay sonra - 1995-ci il iyulun 2-də Prezident Heydər Əliyev Rumıniya və Bolqarıstan səfərlərindən qayıdarkən təyyarəsi vurulmalı idi. Lakin hava şəraitinə görə - küləyin əsmə istiqaməti dəyişdiyi üçün təyyarə Maştağa istiqamətindən deyil, Hövsan qəsəbəsi tərəfdən Binə hava limanına enmiş və bu səbəbdən cinayətkar niyyət baş tutmamışdı. Qeyd edək ki, mütəllibovçu qruplaşmanın və Müdafiə Nazirliyinin bir qrup yüksək rütbəli sabiq əməkdaşının hazırladığı bu siyasi terror və dövlət çevrilişi planına əsasən, dövlət başçısına sui-qəsddən dərhal sonra hərbçilərdən ibarət qruplar tərəfindən Bakının əsas magistral yollarının bağlanması, mühüm dövlət orqanlarının - Prezident Aparatının, Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin, telestudiyanın inzibati binalarının, rabitə obyektlərinin zəbt edilməsi nəzərdə tutulmuşdu.

Lakin 1995-ci ilin martında bütün əzəməti ilə təsdiqini tapan "Heydər - xalq" birliyi və dövlətçiliyin qorunması istiqamətində ən qətiyyətli addımların atılacağının nümayiş etdirilməsi sonrakı belə cinayətkar cəhdlərin uğursuzluğa düçar olacağını əvvəldən müəyyənləşdirirdi. Zorakı yollarla, qanunsuz silahlı dəstələrlə hakimiyyətə yiyələnmək təcrübəsinə, həmçinin siyasi müxalifətin avantüralarla və xarici bədxahların dəstəyilə iqtidara yiyələnmək taktikasına birmənalı olaraq son qoyuldu. Məhz buna görə də Azərbaycanda xaos və siyasi qarşıdurmalar dövrünün bitmə tarixi 1995-ci ilin mart hadisələrindən hesablanır! Azərbaycanın inkişaf və sabitlik salnaməsi də bu tarixdən etibarən yazılır!

17 il öncə Azərbaycan üçün "olum, ya ölüm" dilemmasına çevrilən "Müstəqil dövlət və milli hakimiyyət, yoxsa forpost və hərbi xunta rejimi?" seçiminə ən doğru cavabı xalq müdrikcəsinə verdi: dövlətini qorudu, müstəqilliyinin təminatçısı olan Prezidentinin ətrafında birləşdi!

 

Heydər Əliyev 17 il öncə Azərbaycanı növbəti dəfə xilas etdi!

 

17 il öncə Azərbaycan öz müstəqilliyinə birmənalı sahib olduğunu və heç bir xarici təsirə boyun əyməyəcəyini bütün dünyaya mesaj verdi!

Əslində, həmin tarixi hadisələri dünyada cərəyan edən mövcud proseslər kontekstində təhlil etsək, aydın görərik ki, bugünkü İraqa, Liviyaya, Əfqanıstana çevrilmə ehtimalı o zaman Azərbaycan üçün olduqca real idi.

Bu təhlükə indi də var - bunu unutmayaq! Çünki Azərbaycan kimi ərazicə kiçik, malik olduğu güclə isə əzəmətli görünən, müstəqil siyasət yürüdən ölkələrə fövqəldövlətlər tərəfindən daim təzyiqlər və maneələr göstərilməsi tarixin acı gerçəkliyidir.

Prezident Heydər Əliyev bütün xarici müdaxilələrə mətinliklə dirəniş göstərib və Azərbaycanı qoruyub!

Prezident İlham Əliyev də bütün xarici təsirləri qətiyyətlə puç edir və müstəqilliyimizi daha da möhkəmləndirir!

Belə bir deyim var: "Əsl liderlərin şəxsi keyfiyyətləri həm də rəhbərlik etdikləri dövlətin xarakterinə çevrilir". Bu baxımdan Heydər Əliyevin xarizması və prinsipiallığı, Prezident İlham Əliyevin qətiyyəti və mübarizliyi müstəqil Azərbaycanın beynəlxalq miqyasda əsl simasını müəyyənləşdirir!

Azərbaycan böyük xarizmaya, sərt prinsipiallığa, yenilməz qətiyyətə və əzmkar mübarizliyə sahibdir!

Bu gücə - Azərbaycana isə artıq heç kəs, heç bir qüvvə bata bilməz!

1995-ci ilin mart hadisələrinin məntiqi nəticələrindən biri də elə məhz budur...

 

 

 İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 5.