Avropa Şurası ilə Azərbaycanın konstruktiv əməkdaşlığı inkişaf edir

 

 Martın 12-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞ PA)  hüquqi işlər və insan hüquqları komitəsinin iclasında üzv dövlətlərdə insan haqlarının vəziyyəti, qaçqınlar və məcburi köçkünlər, bəzi Avropa ölkələrində qanunun aliliyinə qarşı yaranan təhlükələr və digər məsələlər ilə bağlı müzakirələr aparılmışdır. Eyni zamanda, komitənin budəfəki iclasında Venesiya Komissiyasının prezidenti Canni  Bukikkio  da iştirak etmişdir.

İclasda Azərbaycandan olan komitə üzvləri Rafael Hüseynov, Elxan Süleymanov və Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin sədri Səməd Seyidov da iştirak etmişlər. Mətbuat üçün qapalı olan bu toplantıda Azərbaycana dair keçirilmiş müzakirələrlə bağlı Milli Məclisin deputatı Rafael Hüseynov AzərTAc-a verdiyi müsahibəsində demişdir: "Azərbaycanın Avropa Şurasına həqiqi üzv olduğu 2001-ci ildən bəri ölkəmizə təzyiqin formalarından biri kimi mütəmadi olaraq "siyasi məhbus" problemi qaldırılmışdır. Biz bununla əlaqədar bir neçə dəfə xüsusu sənədlər hazırlamış, dünya hüquq təcrübəsində belə bir anlayışın olmadığını ifadə etmişik. Bu sənədlərdə həm də bu anlayışın hamı tərəfindən qəbul ediləcək meyarlarının müəyyənləşdirilməsi də təkidlə tələb edilirdi. Azərbaycanın Avropa Şurasında artan nüfuzu, inkişaf edən konstruktiv əməkdaşlıq, nəhayət ki, əlaqələrimizin, iş birliyimizin bütün istiqamətlərində olduğu kimi, burada da obyektiv yanaşmaların bərqərar olması üçün ciddi əsaslar yaratmışdır. Almaniyadan olan deputat Kristof Ştrasserin Azərbaycana səfəri ilə əlaqədar yaranmış anlaşılmazlıqlara da, nəhayət ki, son qoyulmuşdur. Həm də sevindirici haldır ki, bu Azərbaycanın təklif etdiyi şərtlərin əsasında reallaşmaqdadır. Azərbaycan israr edirdi ki, "siyasi məhbus" anlayışının meyarlarını müəyyən edən ayrıca məruzə hazırlansın. İndi K.Ştrasser belə bir məruzə üzərində işləyir. Əvvəllər "siyasi məhbus" məsələsi ilə əlaqədar hüquqi işlər və insan hüquqları komitəsində hazırlanan məruzə sırf Azərbaycanı hədəf götürürdü. Ortaq rəyə əsasən, məruzənin adı da dəyişildi və ümumən üzv ölkələrdə problemin araşdırılmasına yönəldi. Azərbaycan AŞ PA-nın istənilən məruzəçisini, o cümlədən K.Ştrasseri hər zaman qəbul etməyə hazır olduğunu bildirirdi. Amma bir şərtlə ki, bu səfər məruzəçinin mandatına, mövzunun təklif etdiyi formata uyğun olsun. Burada da axırı ki, Azərbaycanın mövqeyi komitə tərəfindən qəbul edilmişdir. Beləliklə, ədalətli münasibətin, aparılan ardıcıl işin və müzakirələrin yekunu olaraq bu, yetərincə mürəkkəb və uzun danışıqlara səbəb olmuş məsələ də həllini tapmışdır. Komitənin yaz sessiyası ərəfəsində indiki axırıncı iclasında sədr, Böyük Britaniyadan olan deputat Kristofer Çop bu deyilənləri təsdiqləmişdir. Cənab K.Çop bəyan etmişdir ki, komitə ilə Azərbaycan arasındakı yazışmaların və anlaşmanın nəticəsi olaraq problem üzrə məruzəçinin başqa ölkələrlə yanaşı, Bakıya da səfəri heç bir maneəsiz həyata keçəcəkdir. Çünki hər iki tərəfdən buna əngəl törədə biləcək amillər aradan qaldırılmışdır. Səfərin nə zaman baş tutacağı isə gələcək müzakirələrin nəticəsində aydınlaşacaqdır".

Hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan ilə  səmərəli əməkdaşlığının daha bir uğurlu nəticəsi kimi bunu da qeyd etmək lazımdır ki, deputat Rafael Hüseynov komitənin xətti ilə mühüm bir problemlə əlaqədar məruzə üzərində işləməkdədir. "Avropa Şurasına üzv olmayan ölkələrə Avropa Şurası konvensiyalarının tətbiqi" adlanan və Avropa Şurasının təsirini, əhatə dairəsini daha da genişləndirməyi nəzərdə tutan bu vacib ümumavropa əhəmiyyətli məruzənin də azərbaycanlı deputata tapşırılması AŞ PA-nın ölkəmizə inam və etibarının növbəti təsdiqi deməkdir. Komitənin cari iclası kontekstində katibliklə R.Hüseynov arasında məruzənin hazırlanması prosesində təşkil edilməli səfərlər və zəruri ekspert qrupu ilə iş barəsində fikir mübadiləsi aparılmışdır.

 

 

 Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 6.