Dahi mütəfəkkirin 200 illik yubileyi qeyd olundu

 

Görkəmli mütəfəkkir, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında da geniş şəkildə qeyd olunur. Yubiley tədbirlərində Azərbaycanın bir qrup ziyalısı - tanınmış elm adamları, deputatlar, ictimai-siyasi xadimlər də iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirlərdə iştirak edən Milli Məclisin deputatlarından, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət heyətlə görüşmüşdür.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki heykəlini və muzeyi ziyarət etmişlər. Qonaqlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli Azərbaycan alimi, akademik Şəfaət Mehdiyevin "Mirzə Fətəli" əsərinə tamaşa etmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da tamaşaya baxmışdır. Tamaşadan öncə Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli Mirzə Fətəli Axundzadə haqqında "Boyük müasirimiz" adlı məruzə ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyev çıxış edərək görkəmli ədib Mirzə Fətəli Axundzadənin Azərbaycan ədəbiyyatında, ictimai fikir tarixində özünəməxsus xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, akademik Şəfaət Mehdiyevin müstəqillik illərində ilk dəfə Naxçıvan səhnəsində həyata yenidən vəsiqə almış "Mirzə Fətəli" əsəri böyük ədibin həyatı və mühiti, yaradıcılığı, ictimai ideallar uğrunda mübarizəsi, maarifçilik ideyaları ilə bağlı mükəmməl dram əsəridir. Azərbaycan Respublikasının xalq artisti Rövşən Hüseynovun yeni quruluşunda dövrün ictimai-siyasi proseslərini əks etdirən, tarixi və ədəbi simaların dolğun obrazlarını canlandıran, milli müstəqillik ideyaları ilə səsləşən səhnə əsəri böyük rəğbətlə qarşılanmışdır.   

Tədbirlər çərçivəsində Naxçıvan Dövlət Universitetində qonaqlarla görüş keçirilmişdir. Yubiley iştirakçıları universitet ərazisindəki yeni tədris korpuslarındakı maddi-texniki baza, tədris prosesi ilə yaxından tanış olmuşlar. Magistratura korpusunda keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli qonaqları salamlayaraq müstəqillik illərində elmin, təhsilin inkişafı istiqamətində dövlət siyasətinin uğurlarından, muxtar respublika rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik, dövlətçilik prinsiplərinə söykənən, inteqrasiya yolu ilə inkişaf edən müasir tipli bir elm ocağıdır. 5000-ə yaxın tələbəsi olan bu ali məktəb elm, təhsil, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində böyük uğurlar qazanmaqdadır. Dünyanın 60-dan artıq  tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali təhsil ocağı Avropa Rektorlar Birliyi və Asiya Universitetlər Assosiasiyası, Qafqaz Universitetləri Birliyi və İpək Yolu Universitetləri Birliyinin üzvüdür. Universitet Avropa Birliyinin TEMPUS proqramının layihələrində uğurla təmsil olunur, ERASMUS-MUNDUS layihəsi üzrə də tədbirlərin keçirilməsinə başlanmışdır. Dövlətimiz muxtar respublikada elmi potensialın inkişafına çox böyük önəm verir. Muxtar respublikada 6 indeksli 2 müdafiə şurasının fəaliyyət göstərməsi burada elmin inkişafına göstərilən qayğının təzahürüdür. 1997-ci ildən universitetdə fəaliyyət göstərən Dissertasiya Şurasında indiyədək 161 dissertasiya müdafiəsi keçirilmişdir. Hazırda universitetdə AMEA-nın 2 həqiqi, 4 müxbir üzvü, 13 professor, 31 elmlər doktoru, 192 fəlsəfə doktoru çalışır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyev Azərbaycanda elmin inkişafına göstərilən diqqət və qayğıdan, AMEA Naxçıvan bölməsinin və Naxçıvan Dövlət Universitetinin muxtar respublika üçün fundamental elmi baza rolu oynamasından danışmışdır. Akademik, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətindən, elmi-tədqiqat işlərinə qoyulan tələblərdən bəhs etmiş, universitetdə dissertasiyaların yüksək elmi səviyyədə hazırlanmasını, aktual elmi-tədqiqat işlərinin aparılmasını, gənclərdə elmə marağın artmasını yüksək qiymətləndirmişdir. Sonra Ali Attestasiya Komissiyasının sədri NDU-nun müəllimlərinin bir qrupuna professor, elmlər doktoru və müxtəlif elmlər üzrə fəlsəfə doktorları diplomlarını təqdim etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik, əməkdar elm xadimi Akif Əlizadə Naxçıvan şəhəri və universitet haqqında təəssüratlarını bölüşmüş, universitetin professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.

Diplom alanlardan Fortepiano kafedrasının müdiri, Prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi, professor Səidə Məmmədova, Kimya kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev, magistraturanın dekanı dosent Etibar Babayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru Qahirə Məmmədova, tibb elmləri üzrə fəlsəfə doktoru Elmar Rzayev çıxış edərək yüksəkixtisaslı elmi kadrların hazırlanmasına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 

 

 Mehriban SULTAN

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 7.