Bakıda Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda külək enerjisindən istifadə məsələlərinə həsr olunmuş seminar keçirilmişdir

 

 Martın 14-də "Ambassador" hotelində  Avropa İttifaqının (Aİ) və Azərbaycan Sənaye və Energetika Nazirliyi  yanında Bərpa olunan və Alternativ Enerji mənbələri üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə külək enerjisindən istifadə məsələlərinə həsr olunmuş seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, agentliyin direktor müavini Cəmil Məlikov seminarın açılışında çıxış edərək, Azərbaycanda alternativ  enerji mənbələrinin inkişafına böyük diqqət yetirildiyini  bildirmişdir.  O, alternativ enerjinin inkişafı üçün əsas strateji komponentlərin olduğunu - ilk növbədə dövlətin siyasi dəstək göstərdiyini, müvafiq qanunvericilik bazasının yaradıldığını, müxtəlif maliyyələşdirmə mənbələrinin müəyyən edilib istifadə olunduğunu vurğulamışdır.

Milli agentliyin yaradılmasından və fəaliyyətindən danışan  C.Məlikov normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair  müəyyən tədbirlər görüldüyünü, məsələn, agentlik tərəfindən milli strategiyanın əksini tapacağı "Alternativ enerji haqqında" Qanunun işlənib hazırlanmaqda olduğunu diqqətə çatdırmışdır.  

Seminarın əsas məqsədi Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində görülmüş işlərlə Avropa təcrübəsinin müqayisəli təhlilini aparmaqdır.

Cəmil Məlikov agentlik tərəfindən həyata keçirilmiş layihələri təqdim etmişdir.

Aİ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Jerom Pons çıxışında qeyd etmişdir ki, Aİ ölkələri yaxın illərdə alternativ və bərpa olunan enerji istehsalını artırmaq niyyətindədir. Aİ qlobal miqyasda bu sahənin ən iri sərmayədarıdır. Bununla bağlı daha müasir texnologiyaların alınmasına sərf ediləcək sərmayələrin payını  35 milyard avrodan 70 milyard avroyadək artırmaq nəzərdə tutulur. 

J.Pons bildirmişdir ki, Aİ alternativ və bərpa olunan enerji sahəsinin inkişafına hər il 2-3 milyard avro sərmayə yatırır.

2009-cu ildə Avropa İttifaqı (komissiya və parlament) Aİ ölkələrinin yeni enerji və iqlim inkişafı proqramını qəbul etmişdir. "2020-ci ilədək 20/20/20 iqlim-enerji paketi" adlanan proqramda ilk 20 faiz parnik qazları səviyyəsinin 1990-cı illə müqayisədə azaldığını, ikinci 20 faiz 2005-ci illə müqayisədə enerji səmərəliliyinin artdığını, üçüncü 20 faiz Aİ-nin enerji sektorunda bərpa olunan enerji mənbələrinin payını göstərir. Bütün bu məqsədlərə 2020-ci ilədək nail olunmalıdır.

Seminarda alternativ enerji mənbələrindən istifadənin tələbatı və prioritetləri haqqında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 10.