Bəkir Əhməd oğlu Nəbiyev

 

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Bəkir Əhməd oğlu Nəbiyev 2012-ci il martın 15-də ömrünün 82-ci ilində vəfat etmişdir.

Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, 1956-1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.

Əmək fəaliyyətinə hələ gənc yaşlarından başlayan Bəkir Nəbiyev 1945-1947-ci illərdə Ağdaşda yerli radio qovşağında diktoryeddiillik məktəbdə müəllim işləmişdir. O, tələbəlik dövründə də Bakı şəhərinin orta məktəblərində ədəbiyyatdan dərs demişdir. Bəkir Nəbiyev 1954-1961-ci illərdə "Azərbaycan gəncləri", "İnşaatçı", "Kommunist" qəzetlərinin redaksiyalarında tərcüməçi, ədəbi işçi, məsul katibin müavini,  mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

1961-ci ildən taleyini Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayan Bəkir Nəbiyev AMEA-da müxtəlif vəzifələr - Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrini tutmuşdur. O, 1971-1987-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, 1987-ci ildən 2001-ci ilədək Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik katibi, 2002-ci ildən ömrünün sonunadək isə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur.

Bəkir Nəbiyev 1960-cı ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1982-ci ildə professor elmi adı almışdır. 1983-cü ildə o, Azərbaycan Elmlər Akademiyasına müxbir üzv, 1989-cu ildə isə həqiqi üzv seçilmişdir.

Elmi fəaliyyətində ədəbiyyatşünaslıqla tənqidçiliyi birləşdirməyə nail olmuş Bəkir Nəbiyev həm də ensiklopedik biliklərə malik ədəbiyyat tarixçisi kimi tanınır. Əsas tədqiqat mövzularının XX əsr Azərbaycan ədəbiyyatı ilə bağlı olmasına baxmayaraq, Bəkir Nəbiyev bütövlükdə ədəbi irsimizi mükəmməl bilən alim kimi şöhrət qazanmışdır. Yüksək peşəkarlıq, tükənməz işgüzarlıq, ədəbi-tarixi proseslərə konseptual yanaşma akademikin yaradıcılığının başlıca xüsusiyyətlərindən idi.

Zəngin yaradıcılıq yolu keçən alim Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqid sahəsinin inkişafına mühüm töhfələr vermişdir. O, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin mühüm problemləri, eləcə də milli mətbuatın keçmişi ilə bağlı sanballı araşdırmalar aparmışdır. Bəkir Nəbiyevin çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin yazılmasında müstəsna xidmətləri olmuşdur. Onun ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Bəkir Nəbiyev 50-dən artıq elmi kitab, monoqrafiya və dərsliyin, 800-dən çox məqalənin müəllifidir. Onun əsərləri bir çox xarici dillərə tərcümə olunmuşdur.

Akademik Bəkir Nəbiyev səmərəli elmi yaradıcılıqla yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında  çox sayda fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, elmi işlərlə pedaqoji fəaliyyəti uğurla əlaqələndirərək respublikanın müxtəlif ali məktəblərində dərs demişdir. Bəkir Nəbiyev bir sıra beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə ədəbi ictimaiyyətin rəğbətini qazanmışdır.

Bütün ömrü boyu Bəkir Nəbiyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O, 1982-1986-cı illərdə Azərbaycan Ədəbiyyat Fondunun, 1987-1991-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun sədri və müxtəlif illərdə Elmlər Akademiyasının ədəbiyyat üzrə elmi və müdafiə şuralarının sədri olmuş, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədr müavini kimi fəaliyyət göstərmişdir.

Azərbaycan ədəbiyyatşünaslığının inkişafında alimin xidmətlərinə layiqincə qiymət verilmişdir. O, müxtəlif ordenmedallarla, müstəqil Azərbaycanın ali mükafatları olan "İstiqlal" və "Şöhrət" ordenləri ilə, həmçinin "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilmişdir. Bəkir Nəbiyev 1978-ci və 2010-cu illərdə Dövlət mükafatları almışdır.

Tanınmış elm xadimi, görkəmli ədəbiyyatşünas, həqiqi ziyalı və səmimi insan Bəkir Nəbiyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin.

 

 

İlham Əliyev, Oqtay Əsədov, Artur Rasizadə,

Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Mahmud Kərimov,

Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Misir Mərdanov,

Əbülfəs Qarayev, Anar Rzayev, Nailə Vəlixanlı,

Ağamusa Axundov, Vasim Məmmədəliyev, Teymur Bünyadov,

İsa Həbibbəyli, Nizami Cəfərov, Kamal Abdullayev,

Tofiq Hacıyev, Rəfael Hüseynov, Teymur Kərimli

 

***

 

Mərhumun cənazəsi vidalaşmaq üçün 2012-cı il martın 16-da saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.

 

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 3.