Azərbaycan-Türkiyə əlaqələrinin perspektivləri müzakirə olunmuşdur

 

Martın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Azərbaycan-Türkiyə əlaqələrinin perspektivləri" mövzusunda konfrans keçirilmişdir.

Konfransda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Milli Məclisin deputatları, alimlər, mütəxəssislər və KİV nümayəndələri iştirak etmişlər.

SAM-ın direktor müavini Gülşən Paşayeva dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən danışmış, Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu vurğulamışdır. Azərbaycanın müstəqilliyinin ilk dəfə Türkiyə tərəfindən tanınmasının bu qardaşlığın bariz nümunəsi olduğunu bildirmişdir.

Azərbaycanın qardaş ölkə ilə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayan SAM-ın direktor müavini demişdir ki, Türkiyə ölkəmizin ən yaxın strateji tərəfdaşıdır.

G.Paşayeva vurğulamışdır ki, Fransa Konstitusiya Şurasının qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qanunu ləğv etməsi iki ölkənin birgə səylərinin nəticəsidir.

Azərbaycan ilə Türkiyənin ortaq kədəri bölüşdüyünü qeyd edən G.Paşayeva Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar İstanbulun tarixi Taksim meydanında keçirilmiş izdihamlı yürüş-mitinqin bunu bir daha sübut etdiyini demişdir.

Azərbaycan-Türkiyə əlaqələrindən danışan İstanbul Universitetinin rektor müavini Əhməd Cavad Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunaraq bildirmişdir ki, bu problem iki qardaş ölkənin deyil, bütövlükdə türk dünyasınındır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova vurğulamışdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ başlanmışdır. R.Aslanova tərəflər arasında birliyin beynəlxalq təşkilatlar çərçivəsində daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Ölkələrimizin vətəndaş cəmiyyətlərinin əməkdaşlığının əhəmiyyətini qeyd edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, deputat Qənirə Paşayeva isə demişdir ki, hər birimizi narahat edən ortaq problemlərin ən başlıcası qondarma erməni soyqırımı ilə bağlı əsassız iddialardır. Ermənilər "soyqırımı" iddialarını artıq milli kimliyə çevirmişlər. Bu məsələ təkcə Türkiyənin deyil, həmçinin Azərbaycanın və digər türkdilli ölkələrin ümumi problemidir.

Digər çıxış edənlər də Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişaf perspektivlərindən danışmış, münasibətlərin hazırkı vəziyyətinə  dair fikir mübadiləsi aparmışlar.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 4.