Bakıda Gənclər üçün fəal əmək bazarı tədbirləri mövzusunda konfrans keçirilmişdir

 

Martın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Gənclər üçün fəal əmək bazarı tədbirləri" mövzusunda milli konfrans keçirilmişdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, konfransda hökumət və qeyri-hökumət təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının, İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri açan nazir müavini Natiq Məmmədov bildirmişdir ki, ölkədə əhalinin, xüsusən gənclərin səmərəli məşğulluğunun təminatı, əmək bazarının tələblərinə cavab verən gənc kadrların hazırlanması və s. sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilir. "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" uğurla icra olunmuş, dövlət gənclər siyasətinin prioritet istiqamətlərində müsbət dəyişikliklər baş vermişdir. Bu dövrdə məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyət inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir.

Görülən işlərin davamı olaraq gəncliyin inkişafında yeni bir mərhələni təmin etmək məqsədi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2011-ci ildə 11 min 947 nəfər gənc müvafiq işlə təmin olunmuş, işəgötürənlərin real tələbləri əsasında həmin dövr ərzində 2984 nəfər gənc müasir, eləcə də milli peşələr üzrə hazırlıq kurslarına, 500 nəfər gənc haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, 958 nəfər gəncə isə işsizliyə görə müavinət təyin edilərək ödənilmişdir.

Nəzərə çatdırılmışdır ki, Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevirdə fəaliyyət göstərən əmək birjalarına ötən il müraciət edənlərdən 1840 nəfər gənc müvəqqəti xarakterli işlərə göndərilmişdir. Bakı, Göyçay, Naxçıvanda istifadəyə verilmiş Regional Peşə Tədrisi Mərkəzləri müasir tələblərə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkilində mühüm rol oynayır.

Tədbirdə gənclərin məşğulluğu sahəsində müasir yanaşmanın formalaşdırılması və onların sosial-iqtisadi inkişafda iştirakı, gənclərin peşə hazırlığı, yenidən hazırlıq və rəqabətə davamlılığının artırılması, qabaqcıl təcrübələrdən istifadə imkanlarının öyrənilməsi və tətbiqi və s. məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 5.