7 rəqəmi və Novruz

 

Ötən yazılarımızın birində 7 rəqəminin müqəddəsliyi haqqında məlumat vermişdik. Folklor nümunələrində, yazılı ədəbiyyatda, müxtəlif deyimlərdə 7 rəqəminin niyə müqəddəs olması maraqlı faktlarla açıqlanır. Bu məqaləmizdə isə 7-nin Novruzla bağlı əlaqələrindən söz açırıq.

Maraqlıdır ki, soyuqlar başlayandan, yəni payız girəndən sonra məhz yeddinci ayda Novruz həyatımıza daxil olur. Novruz bayramından öncə yeddi İlaxır çərşənbə var. Bunun üçünə el arasında "oğru", dördünə isə "doğru" çərşənbə deyirlər. Adətən biz "doğru" çərşənbələri qeyd edirik. İnanclara görə, "oğru" çərşənbələr vaxtı təbiətin vacib ünsürləri Yer üzünə oğrun şəkildə gəlib qayıdır. Bu da, bir növ, təbiətin insanlara xəbərdarlığıdır. Yəni qarın, çovğunun, şaxtanın sərtliyindən çox da üzülmə, yaza bir şey qalmayıb.

Novruzun İlaxır çərşənbəsinin birincisi Su çərşənbəsidir. Həmin çərşənbənin səhəri insanlar bulağa gedər, əsasən kənd yerlərində axar suyun üstündən yeddi dəfə tullanarlar. Sonra da yeddi bulaqdan yeddi kiçik daş gətirib ərzaq, nemət qablarının içinə atarlar ki, evin bərəkəti bu daş kimi yerində tərpənməz olsun. Bəzi bölgələrdə bu adəti Torpaq çərşənbəsində də yerinə yetirirlər. Yeddi bulaq olmayanda bir bulaqdan yeddi daş axtarırlar. Hətta o gün qorxan adama, eləcə də dili tutulan, kəkələyənlərə yeddi qurtum su içirərlər ki, keçib getsin. Hətta qədim el təbabətində də boğulma zamanı yeddi qurtum su içilməsi məsləhət görülür.

Novruz bayramının ikinci əsas İlaxır çərşənbəsi Yel çərşənbəsi adlanır. Bu da maraqlıdır. Küləklə əlaqədar müxtəlif miflər və mərasimlər mövcuddur. Deyilənə görə, Novruz bayramının obrazlarından biri olan Fatı qarı yeddi rəngli ip əyirib. Hərəsini bir bağlamaya yığaraq dizinin altına qoyub. Birdən necə olubsa, axırıncı bağlama qarının dizinin altından çıxaraq kənara düşüb. Qəflətən başlanan külək onu uzaqlara aparıb. Qəzəblənən Fatı qarı yelə qarğış edib: "Azarım-bezarım dəymiş, hardan gəlib çıxdı axı?" Bu deyinmədən sonra qarının o biri bağlamaları da diyirlənməyə başlayıb. Külək onu üfüqlərə qədər qaldırıb. Deyilənə görə, o vaxtdan Fatı qarının ipləri yeddi rəngli qurşağa dönərək göydə parıldayır. Yağışdan sonra səmaya gözəllik gətirən göy qurşağında (buna el arasında "Fatma qarının hanası" deyirlər) yeddi rəng diqqət çəkir.

Novruzun üçüncü çərşənbəsi Od çərşənəbsi sayılır. Həyətlərdə qalanmış tonqalların üstündən insanlar adətən yeddi dəfə tullanaraq "ağrım-uğrum tökülsün" deyirlər. Novruzun sonuncu - Torpaq çərşənbəsində isə yeddi rəqəminin rolu daha çoxdur. İnanclara görə, həmin axşam süfrədə "S" hərfi ilə başlanan yeddi nemət düzülməlidir: səməni, su, süd, sünbül, sarıkök, sumaq, səbzi... Maraqlıdır ki, həmin axşam qulaq falına gələnlər də yeddi qapıdan keçməlidirlər. Sonra eşitdikləri yeddi fikrin məxrəcinə gəlirlər. Həmin axşam yeddi evə sovqat göndərilməlidir. İnanclara görə, qədim zamanlarda evlərə bacadan torba salan (indi bəzi yerlərdə "papaqatdı" deyirlər) cavanlar yeddi nəfərdən ibarət kiçik dəstələr düzəldərmişlər.

Bu çərşənbədə öz evində olmayan 7 il doğma ocağından ayrı düşər, deyiblər.

Novruz günlərində insanlar həyət-bacanın təmizliyi ilə məşğul olar, arxları, bağçaları təmizləyər, abadlıq apararlar. Deyirlər ki, o gün yeddi ağac əkənin nəsibi xoş gün olar. Yeddi qapıya su çəkən yeddi min arxa tapar.

Novruz bayramında adətən yeddi cür şirniyyat bişirilir: əyirdək, fəsəli, kökə, halva (qəbir üstə gedərkən paylanılır), şəkərbura, paxlava, şorqoğal... Əslində, şirniyyatın sayı çoxdur. Bölgələrin xüsusiyyətlərindən asılı olaraq onların yerləri dəyişə bilir. Adətə görə, Novruz günlərində elçi getməyin, nişan aparmağın, toy etməyin öz gözəlliyi var. Bayramın xüsusiyyətinə görə bu əziz günlərdə hamının qəlbi geniş, xasiyyəti mülayim, rəftarı gözəl, sifəti təbəssümlü olur. Heç kim bir-birinin qanını qaraltmaq, pərt etmək, qapıdan peşman qaytarmaq niyyətində olmur. Bu səbəbdən də dədə-babadan Novruz günlərində qız qapısını döymək adətə çevrilib. Gözaltılar bir-birinə bayram sovqatı göndərər, analar yeddi xonça tutaraq onu müxtəlif hədiyyələrlə, şirniyyatla bəzəyərlər. Üstünü də ürəkaçan, gözoxşayan qırmızı, çəhrayı rəngli parçalarla, yaxud da yaylıqlarla örtərlər. Qədim zamanlarda Novruz günlərində yeddi gün yeddi gecə toy çaldıranlar da olub.

Bayram günlərində dilə gətirilən alqışlarda da bu rəqəmin tez-tez səslənişi eşidilir: "Yeddi bacalı, yeddi qardaşlı olasan", "Yeddi yetimlə bir daxmada qalmayasan", "Gününün yeddisi də uğurlu gəlsin".

İllərin sınağı təsdiqlədi ki, təbiətlə insan ruhunun oyandığı gün eyni vaxta təsadüf etdiyindən xalqımız həmişə bu mübarək məqamı - yəni Novruzu xüsusi məhəbbətlə qarşılayıb, əsl bayram ovqatı ilə qeyd edib. Əslində, Xeyirlə Şərin mübarizəsi üzərində qurulmuş bu el bayramının kökü çox əski zamanlara gedib çıxır. Yazın gəlişini fərəhlə qeyd etmək üçün "Novruz" adlandırılan bu təntənəli günlərin varlığı haqqında ilk yazılı məlumat eradan əvvəl

555-ci ilə aiddir. Bu bayramla bağlı məlumat verən orta əsr müəllifləri göstərirlər ki, İslamdan sonra da insanlar Novruzu yeni təntənə ilə qeyd ediblər. Qədim zamanlarda Novruz bayramı günləri süfrələrə mütləq dənli bitkilərdən (buğda, arpa, qarğıdalı, noxud, mərcimək, lobya, küncüt unundan) hazırlanan şirniyyat düzülərdi. Fikir verirsinizmi, burada da nemətlər yeddidir. Süfrənin ortasında müxtəlif ağaclardan kəsilmiş yeddi budaq qoyulardı.

Bir maraqlı fakt da var ki, İlaxır çərşənbələrdən sonra Novruz tənətənəsi yeddi gün çəkir. Çox hallarda martın 20-dən başlanan büsat ayın 27-dək davam edir. Bayram əhvalı o qədər yüksək, günlər o qədər xoş keçir ki, Novruzdan gələn ab-hava martın sonunadək insanları tərk etmir. Əlbəttə, yeddi günə xəlq olan dünyada insanın yaranışı da yeddi mərhələdə tamamlanıb. İnsanın ömür yolu da yeddi əsas xətdən ibarətdir. Qoy bu bayram günlərində hər kəs bir-biri ilə çox munis rəftar edib mehribançılıq göstərsin. Hətta "yeddi biənə yad"ı da unutmayasınız!

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 8.