Fərdi birdəfəlik ödəmələrin verilməsi 2 milyondan artıq şəxsi əmanət hesablarına şamil ediləcəkdir

 

Son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş və keçən əsrin doxsanıncı illərinin əvvəllərində baş vermiş yüksək inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaratmışdır. Bu uğurların əldə edilməsində Azərbaycan Respublikası vətəndaşlarının töhfəsini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən  2012-ci il martın 14-də keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan Fərman imzalanmışdır.

Maliyyə Nazirliyindən AzərTAc-a bildirmişlər ki, həm keçmiş SSRİ qanunlarında, həm də Azərbaycan qanunlarında Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmamışdır. Hazırkı ödəmələr Azərbaycan dövlətinin maliyyə imkanlarının artması ilə əlaqədar inflyasiyaya məruz qalmış əmanətlərə görə əhaliyə dövlət tərəfindən verilən əlavə yardımdır və məbləğlər də dövlət tərəfindən müəyyən edilir.

Fərman 1992-ci il yanvarın 1-i tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan  həmin bankın hüquqi varisi "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində bu fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikasının vətəndaşlarına və ya onların vərəsələrinə şamil edilir.

Bu fərmanın icrasının təmin edilməsi məqsədilə müvafiq Qaydalar təsdiq edilmiş və həmin qaydalarda fərdi birdəfəlik ödəmələrin verilməsi mexanizmi müəyyən edilmişdir.

Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayacaq və 2013-cü il dekabrın 31-dək başa çatdırılacaqdır. Burada hər hansı kateqoriyanın bu vəsaitləri əvvəlcə alması, habelə  heç bir mərhələ müəyyən edilməmişdir. Fərmanın şamil edildiyi bütün şəxslər qeyd olunan müddətdə müraciət edərək ödəmələri ala biləcəklər. Fərdi birdəfəlik ödəmələrin alınması hüququndan istifadə üçün 2012-ci il iyunun 1-dən dekabrın 31-dək müraciət olunmalıdır. Ödəmələrin verilməsi "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti və onun filialları vasitəsilə həyata keçiriləcəkdir.

Əmanətçilərə fərdi birdəfəlik ödəmələr 1992-ci il yanvarın 1-dək olan əmanət qalığının məbləğindən asılı olaraq hesablanacaqdır. Əmanət qalığının məbləği 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması zamanı hesablaşmalarda müəyyən edilən manatın rubla olan nisbəti (1 Azərbaycan manatı = 10 rubl) və 2006-cı il yanvarın 1-dən həyata keçirilmiş manatın denominasiyası (1 yeni Azərbaycan manatı = 5000 Azərbaycan manatı)  nəzərə alınmaqla müəyyən ediləcəkdir.

Bu zaman 4 qəpiyə (2000 rubla) qədər olan əmanət qalığına əmanət qalığının hər qəpiyi (500 rubl) üçün 75 manat,  4 qəpikdən 10 qəpiyə (2000 rubldan 5000 rubla) olan əmanət qalığına görə 300 manat üstəgəl 4 qəpikdən artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat, 10 qəpikdən 20 qəpiyə (5000 rubldan 10000 rubla) qədər əmanət qalığına görə 600 manat üstəgəl 10 qəpikdən artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat, 20 qəpikdən (10000 rubldan) yuxarı əmanət qalığına görə 1000 manat üstəgəl 20 qəpikdən artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat verilməsi nəzərdə tutulmuşdur.

Fərdi birdəfəlik ödəmələrin verilməsi 2 milyondan artıq şəxsi əmanət hesablarına şamil ediləcəkdir. Fərdi birdəfəlik ödəmələrin alınması üçün əmanətçilər tərəfindən şəxsi əmanət hesabının bağlanması göstərilməklə müvəkkil banka ("Kapital Bank" ASC-yə) ərizə ilə müraciət edilməli və ərizəyə əmanət (bank) kitabçası, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, soyadad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti və vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı əlavə olunmalıdır.

Əmanət kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda üzləşdirmə aparılacaq və  əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bank sənədləri bu məqsədlə yaradılmış Xüsusi Komissiyaya göndərəcəkdir. Həmin komissiyanın qərarı əsasında əmanətçiyə əmanət kitabçasını əvəz edən sənəd veriləcək və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçiriləcəkdir.

Ödəmələri yalnız Azərbaycan vətəndaşlığı haqqında qanunda göstərilən meyarlara uyğun olan və Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları ala bilərlər və buna görə onlar Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Digər MDB ölkələrində bu proses uzun müddət davam etsə də, bu fərmanda Azərbaycan Respublikasının vətəndaşlarına fərdi birdəfəlik ödəmələrin verilməsinin keçmiş İttifaq ölkələri ilə müqayisədə daha yüksək faizlə və qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Fərmana əsasən birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının iştirakı ilə Xüsusi Komissiya yaradılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 6.