Bütün Qafqazın şeyxi Novruz bayramı münasibətilə xalqımızı təbrik etmişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə xalqımızı təbrik etmişdir.  QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, təbrik məktubunda Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və önəmi olan bayramlardan biri kimi dəyərləndirilmişdir.

Təbrikdə bildirilmişdir ki, yaşadığımız hər bir an, varlığımız üçün uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət və yeni ab-hava bəxş edən Novruz ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyini, ülviliyini daha da artırır. Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən də, İlahi səciyyəsindən qaynaqlanır.

Şeyxülislamın təbrik məktubunda qeyd edilmişdir ki, insan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən bu el bayramı xalqımızın tarixi yaddaşında xüsusi yer tutaraq uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə daha böyük vəchlə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.

"Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə vüsət və əzmimizi daha da artırır. Xalqımız firavan sabahının, dinc, sabit həyat və tərəqqisinin təminini, Qarabağ zəfərini dövlətimizin başçısı möhtərəm Prezident İlham Əliyevin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görürbu intibahlı yolu ürəkdən dəstəkləyir" - deyə Şeyxülislam Allahşükür Paşazadə təbrikində bildirmişdir.

QMİ sədrinin təbrik məktubunda daha sonra qeyd olunmuşdur ki, Novruzun təravəti həyatımızın ab-havasına paklıq və saflıq bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca, insanları xoş əməllərə, nəcib, xeyirxah işlərə sövq edir. Novruz bayramı doğma torpağımıza qədəm qoymaqla həyata yenilik, süfrələrə bərəkət bəxş edir, niyyətlər saflaşır, mənəviyyat daha da kamilləşir.

Şeyxülislam Allahşükür Paşazadə məktubunu bu sözlərlə bitirmişdir: "Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy, Novruzun qədəmləri mübarək olsun!".

 

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 2.