Novruz xalqın birlik və həmrəylik bayramıdır

 

Novruz türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır. Yaranış tarixi ilk bəşər övladının dünyaya qədəm qoyduğu gündən hesablanan, siyasi və dini düşüncələrlə heç bir əlaqəsi olmayan bu ümumxalq bayramının əsas qayəsi bolluq və firavanlıq, cəmiyyətdə ictimai bərabərliyi tarazlaşdırmaq, ziddiyyətləri aradan qaldırıb, ayrı-seçkiliyə son qoyub insanları həmrəyliyə səfərbər etmək, onların mənəvi tərəqqisinə və əxlaqi təkamülünə nail olmaqdır.

Nizami, Firdovsi, Rudəki, Avitsenna, Sədi, Hafiz kimi qüdrətli sənət korifeyləri və görkəmli maarifçilər Novruzun İslamdan çox-çox əvvəl qeyd olunduğunu öz əsərlərində tam parlaqlığı ilə açıb göstərmişlər. XI əsrin məşhur tarixçisi Əbu Reyhan əl-Biruni "Qədim xalqlardan qalmış yadigarlar" və "Qanuni-Məsudi" kimi əsərlərində Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranma səbəblərindən, həmin bayramla əlaqədar xalq arasında yayılmış adət və ənənələrdən bəhs etmiş, Novruzu əkincilik, bolluq və firavanlıq dastanının ilk səhifələri adlandırmış, onu bəşəri bir bayram kimi dəyərləndirmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də ilhamla tərənnüm edilmişdir. Nizami Gəncəvinin "İsgəndərnamə"sində, Əlişir Nəvainin "Səddi-İsgəndəri"ndə də eramızdan təxminən 300 il əvvəl Novruzun xalq arasında milli bayram kimi təntənə ilə qeyd olunduğu barədə ətraflı söhbət açılır.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra qədim əcdadlarımızdan bizə ərməğan qalmış Novruz milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı. Həmin vaxt ümumxalq şənliklərində iştirak edən o dahi şəxsiyyət iqtisadi böhran məngənəsində çırpınan xalqa dözüm, səbir, həmrəylik, vətənin çiçəklənməsi naminə yüksək fəallıq arzulayaraq deyirdi: "Siz ağır zəhmət bahasına qazandığımız müstəqilliyimizi və milli dövlətçiliyimizi qorumağa, ölkədə yaranmış siyasi, sosial və iqtisadi böhrandan çıxış yolları axtarıb tapmağa qadirsiniz. Novruz bayramına gəldikdə, o, xalqın milli birlik, sarsılmaz dostluq və qardaşlıq bayramıdır. Ürəklərdən kin-küdurəti silib, yerində sevgi, məhəbbət və sədaqət kimi saf duyğular cücərdən, bölümləri bütövlüklə, kədəri sevinclə əvəz edən, cəmiyyətdə xoş münasibətlərin meydanını genişləndirən bir bayramdır. Novruz uzaq minilliklərin o tayından çağdaş dövrümüzə qədər ağır təzyiqlərə sinə gərə-gərə, keçilməz maneələri yara-yara müstəqillik qazanıb. Bizim də qələbə yolumuz xalqın birliyindən keçir". Azərbaycanı dünyanın ən çiçəklənən sivilizasiyalı dövlətlərindən birinə çevirmək arzusu ilə yaşayan Heydər Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərdə ölkədə gedən bütün ictimai-siyasi prosesləri, böyük quruculuq işlərini, xalqın həyat səviyyəsinin inkişafı sahəsindəki uğurları, məmləkətimizin dünyaya inteqrasiyasını xalqımızın uzun əsrlər boyu formalaşdırdığı, bir-birindən gözəl Novruz adətləri ilə əlaqələndirir və yurddaşlarımızda buna inam yaratmağa çalışırdı. "Novruz şənlikləri sübut edir ki, ölkəmizdə daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə inamla baxırlar... Deməli, bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram çağdaş məmləkətimizdə insan hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Novruz onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi dönməz amilə çevrilib".

Ulu öndərin Novruz şənliklərində xalqın bütün təbəqələri ilə bir yerdə iştirak edib onlarla xoş ünsiyyətdə olması, yumurta döyüşdürüb, içərisinə un və növbənöv ədviyyat qatılmış səmənidən hazırlanan halva və digər qənnadı məmulatlarının dadına baxması Novruz mərasimlərini daha da şərəfləndirirdi.

Ulu öndər Heydər Əliyev bu şənliklərdə ağsaqqallarla görüş zamanı öz uşaqlıq illərini yada salmaqdan da zövq alardı. "8-9 yaşım var idi, qonşu uşaqlarla bir yerdə bayram axşamı qapılara papaq atardıq. Xalqımızın adətinə görə, papağı boş qaytarmaq günah sayıldığından ora çöçədən, şirniyyatdan, şəkərburadan, qoz-fındıqdan nəsə qoyardılar. Adamlar ayaq altına açar qoyub, qulaqlarını qonşu qapıya söykəyib, içəridən gələn səsləri dinlər və oradan eşitdikləri ilə öz gələcək talelərini müəyyənləşdirərdilər. Ağsaqqallar, ağbirçəklər deyərdilər ki, Novruz günü söyüş söyməzlər, qiybət qırmazlar, qanqaralığı salmazlar, heç kəsə qarğış etməzlər. Mehribanlıq olsun deyə qonum-qonşuya şirni paylardılar. Arzum budur ki, dinindən, dilindən, irqi mənsubiyyətindən asılı olmayaraq bütün insanlar, bütün xalqlar arasında dostluq və məhəbbət əbədi bərqərar olsun".

Ümummilli və əbədiyaşar liderimiz Heydər Əliyevin bəşəri ideyalarının sadiq davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də artıq 9 ildir ki, yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını sevimli xalqı ilə bir yerdə keçirməkdədir. Ölkə rəhbərinin prezidentlik fəaliyyətinin hər ili zəngin nailiyyətlərlə doludur. İqtisadiyyatın inkişafına görə MDB məkanında lider olması, Dünya İqtisadi Forumunun ölkələrin rəqabət qabiliyyətinə görə Azərbaycanı 55-ci yerə layiq görməsi dediklərimizin əyani sübutudur. 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvlüyünə qəbul olunması da ölkə rəhbərinin düzgün daxili və xarici siyasətinin, beynəlxalq aləmdə qazandığı böyük nüfuzun nəticəsi kimi dəyərləndirilməlidir.

Son 9 ildə Azərbaycanda çox güclü infrastruktur yaranıb. Ən ucqar dağ kəndlərinə qədər uzanan yüzlərlə kilometr məsafədə hamar yollar çəkilib. Rayonların əksəriyyəti qazlaşdırılıb. Neçə-neçə elektrik stansiyası inşa edilib, müasir tədris müəssisələri istifadəyə verilib, nəhəng idman kompleksləri ucaldılıb. Qiymətli avadanlıqları Avropa ölkələrindən gətirilmiş yeni xəstəxanalar, tibb mərkəzləri, sağlamlıq obyektləri yaradılıb. Uzun illər boyu çadırlarda, heç bir sosial şəraiti olmayan yataqxanalarda, dəmiryol vaqonlarında ağır vəziyyətdə yaşayan 100 mindən artıq qaçqın və məcburi köçkün artıq Novruz bayramını onlar üçün salınmış, hər cür infrastruktura malik yaraşıqlı qəsəbələrdə, yeni mənzillərdə qarşılamaqdadır.

Dövlətimizin başçısı İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: "Dövlət müstəqilliyimizin bərpasından ötən illər ərzində azad ölkəmizin öz taleyini arzularına uyğun qurmağa müvəffəq olması belə əziz günlərdə insanlarımıza əsl bayram əhval-ruhiyyəsi bəxş edir. Hal-hazırda həyatımızın bütün sahələrində baş verən müsbət dəyişikliklər hər birimizdə dövlətimizin gələcək illərdə də yüksək zirvələr fəth edərək dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatacağına böyük inam, dərin qürur hissi və ruh yüksəkliyi yaradır. Novruz bayramının qəlblərdə quruculuq əzmini artıran yeniləşdirici ab-havası bizi müasir güclü dövlət və sosial rifah cəmiyyətini tam bərqərar etmək məqsədlərimizə sürətlə yaxınlaşdırır".

Bütün bünlar xalqla iqtidar arasındakı sarsılmaz birlik və həmrəyliyin təntənəsidir. Bu gün bütün ölkə boyu hamının dodaqlarından bu sözlər pərvazlanır: ömrün həmişə bahar içində keçsin, mənim azad, xoşbəxt, müstəqil Azərbaycanım!

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 6.